Türkiyə: Polis işçiləri regionlarda da qovulur

Ankara polisi

Türkiyənin 81 vilayətinin ən azı 15-də polis işçiləri işdən çıxarılıb.

Onların arasında paytaxt Ankaranın polis rəisi də var. Bundan bir gün əvvəl onun 350 polis işçisi qovulub ya da başqa yerə təyin olunub.

Baş nazir Recep Tayyip Erdoğan polisi hakimiyyəti sarsıtmağa cəhd etməkdə ittiham edib.

Onun bəzi nazirlərinin qohumları ötən ay korrupsiya ittihamları ilə həbs olunmuşdu.

Daha sonra İstanbul polisinə qarşı sərt tədbirlər görülüb.

Ankara, İzmir və ölkənin digər hissələrində polis rəislərinin çərşənbə axşamı nə üçün işdən çıxarılmasının səbəbi aydın deyil.

Bu arada hakim AK partiyası yeni qanun layihəsini parlamentə təqdim edib. Bu layihə hakim və prokurorların seçilməsində hakimiyyətə daha çox səlahiyyət verir.

Müxbirlər deyirlər ki, böhran hakim AK Partiya daxilində cənab Erdoğanı dəstəkləyənlərlə ABŞ-da yaşayan nüfuzlu islamşünas Fetullah Gülen tərəfdarları arasındakı çəkişməni əks etdirir.

Korrupsiya istintaqı

Ötən ay başladılan korrupsiya üzrə istintaqdan bəri ölkədə yüzlərlə polis işçisi işdən çıxarılıb və ya başqa yerə təyin olunub. Reydlərdə oğulları saxlanılan üç nazir də istefa verib.

Baş nazir Recep Tayyip Erdoğan polisi və məhkəməni "çirkin sui-qəsddə" ittiham edib.

Həbslər iddia olunan rüşvət haqqında istintaqın bir hissəsi olaraq həyata keçirilib.

Dekabrın 17-də həyata keçirilən reydlərdə saxlanılanlar arasında baş nazirə yaxın olan vəzifəli şəxslər və iş adamları da olub.

Son işdən qovulmalar və dəyişdirmələr, gecə yarısı imzalanan sərəncama görə həyata keçirilib.

İşdən çıxarılanlar arasında iqtisadi cinayətlər, anti-qaçaqçılıq və mütəşəkkil cinayət bölmələrinin başçıları da var, Doğan xəbər agentliyi məlumat verir.

Bu arada hakimiyyət korrupsiya istintaqının yaratdığı qalmaqalı cilovlamağa cəhd edir.

"Siyasi sui-qəsdlər"

Fetullah Gülen
Şəklin alt yazısı, Məlumatlara görə nüfuzlu islamşünas Fetullah Gülenin Hizmet hərəkatının üzvləri polis, məhkəmə və AK Partiyasında nüfuzlu vəzifələr tutur

Bir çox adam düşünür ki, həbslər və qovulmalar - hakim AK Partiya daxilində cənab Erdoğanı dəstəkləyənlərlə ABŞ-da yaşayan nüfuzlu islamşünas Fetullah Gülen tərəfdarları arasındakı çəkişməni əks etdirir.

Məlumata görə, cənab Gülenin Hizmet hərəkatının üzvləri polis, məhkəmə və AK Partiyasında nüfuzlu vəzifələr tutur.

Qalmaqala görə, son həftələr ərzində Türkiyənin əsas şəhərlərində anti-hökümət etirazları keçirilib, amma "siyasi sui-qəsdlərə" imkan verməyəcəyini deyən cənab Erdoğan vuruşmağa davam edəcəyinə vəd verib.

Son hadisələr cənab Erdoğanın 11 illik hakimiyyətinə ən böyük təhlükə kimi qiymətləndirilir.

O, istintaqı qara piar kampaniyası adlandırıb və gələn ay keçiriləcək yerli seçkilərdə minlərlə tərəfdarını hakim partiyaya səs verməyə çağırıb.

Eyni zamanda Türk lirəsinin dollara nisbətən qiyməti indiyə qədər ən aşağı səviyyəyə çatıb.

Türkiyənin qoşulmaq istədiyi Avropa İttifaqı Ankaranı korrupsiya iddialarına "qərəzsiz şəkildə" baxmağa çağırıb.