Xəstəlik mövsümü: Covid, soyuqdəymə və qripi necə fərqləndirək?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Dr. Oscar Duke
- Vəzifə, BBC Morning Live səhiyyə mütəxəssisi
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Böyük ehtimalla siz də öskürək, asqırma və boğaz ağrısı ilə müşayiət olunan bir soyuqdəymə keçirmisiniz və ya keçirirsiniz.
Qrip və soyuqdəymə də daxil olmaqla virusların törətdiyi xəstəliklər ilboyu rast gəlinə bilər, lakin ən çox soyuq aylarda ortaya çıxır.
Bəs bunun sadəcə soyuqdəymə olub-olmadığını necə anlaya bilərik və bizi ən çox narahat edən bu xəstəliklərdən necə qoruna bilərik?
BBC-nin Morning Live proqramında mütəmadi olaraq çıxış edən tibb həkimi Oskar Duke bu mövzu ilə bağlı ən vacib tövsiyələrini bölüşür.
Soyuq hava soyuqdəyməyə səbəb olurmu?
Soyuq havanın immun sistemimizə nə dərəcədə təsir etdiyinə dair araşdırmalar hələ də qəti nəticə ortaya qoymayıb.
Amma hamımız bilirik ki, hava soyuduqda, adətən, isti, rahat və qapalı məkanlara üz tuturuq. Bu cür mühit isə viruslar üçün ideal şərait yaradır.
Məktəb və uşaq bağçaları virusların asanlıqla yayıldığı bir növ Petri qabına (laboratoriyalarda bakteriya yetişdirilən qab-red.) bənzədilə bilər. Uşaqlar bu mikrobları evə də gətirə bilirlər.
Eyni hal universitet yataqxanalarında yeni başlayan tələbələr üçün də keçərlidir.
Bir araya toplaşmaq mikrobların yayılmasına səbəb olduğu kimi, intensiv alkoqol qəbulu və əyləncə də immun sistemini daha da zəiflədə bilər.
Soyuqdəymə, qrip, yoxsa Covid?
Soyuqdəymə, qrip və Covid kimi daha ciddi virusların bir çox əlaməti bir-birinə bənzəyir.
Ancaq bəzi ipucları xəstəliyin səbəbini ayırd etməyə kömək edə bilər.
Soyuqdəymə, adətən, tədricən başlayır. Burun və boğazın arxa hissəsini təsir altına alır, bəzi insanlarda ağız boşluğunun arxa tərəfində qıcıqlanma və göynəmə hissi yaranır.

Şəklin mənbəyi, Getty Images
Digər erkən xəbərdarlıq əlamətlərindən biri qulaqda təzyiq hissi ola bilər. Virus daha da irəliləyərsə, ağciyərlərə çata və davamlı, keçməyən öskürəyə səbəb ola bilər.
Lakin əksər hallarda bu əlamətlər gündəlik həyatımıza davam etməyimizə mane olmur.
Qrip üçün isə eyni şeyi demək olmaz. Qrip, adətən, bədən ağrıları, qızdırma və əzələ zəifliyi ilə müşayiət olunur.
Qrip sizi mütləq yatağa salmaya bilər, amma çox vaxt özünüzü elə hiss etmənizə səbəb olur.
Pandemiyadan sonra Covid vəziyyəti daha da mürəkkəbləşdirib, çünki onun əlamətləri qriplə çox oxşardır.
Amma Covid-i digərlərindən fərqləndirə bilən bəzi özünəməxsus əlamətlər var:
- Qoxu və ya dad hissinin itməsi,
- Bu qış yayılan Stratus və Nimbus adlı yeni variantlarda müşahidə edilən "ülgüc kimi kəsici" boğaz ağrısı,
- İshal.
Buna baxmayaraq, tövsiyə edilən əsas məsələ evdə qalmaq, istirahət etmək və sağalmağa çalışmaqdır.
Lakin xroniki xəstəliyiniz varsa, nəfəs darlığı yaşayırsınızsa və ya əlamətlər üç həftədən uzun sürürsə, vaxt itirmədən həkimə müraciət etməlisiniz.
Stratus və Nimbus haqqında nə məlumdur?
Mütəxəssislərin bildirdiyinə görə, bəziləri tərəfindən Stratus adlandırılan XFG və Nimbus kimi tanınan NB.1.8.1 hazırda geniş yayılmış Covid variantlarıdır.
Bunlar əvvəlki Covid-19 variantları ilə müqayisədə daha böyük təhlükə yaratmır.
Ancaq virusun son dövrlərdə keçirdiyi genetik dəyişikliklər yoluxma ehtimalını artıra bilər.
Türk Təbibləri Birliyi Mərkəzi Şurasının sədri, professor Alpay Azap test edilən xəstələrin təxminən 80 faizində Covid virusunun aşkarlandığını bildirir.

Şəklin mənbəyi, Getty Images
Son yoluxmalarda səs batması və ya kəskin boğaz ağrısı kimi əlamətlər qeydə alınır.
Əlamətləriniz varsa və evdən çıxmaq məcburiyyətindəsinizsə, maska taxmağınız tövsiyə olunur.
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) boğaz ağrısı zamanı bol maye qəbul etməyin və bir çay qaşığı balın faydalı ola biləcəyini bildirir.
Kral Ailə Həkimləri Kollecinə görə, İngiltərə üzrə Covid-19 yoluxma göstəriciləri, xüsusilə çox azyaşlı uşaqlar və yaşlılar arasında artmaqdadır.
Nələr kömək edir?

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bədənimiz virus və infeksiyalarla təbii şəkildə mübarizə aparır, lakin düzgün dərmanlarla bu prosesi dəstəkləmək mümkündür.
- Parasetamol:
Əgər istifadənizə əks göstəriş yoxdursa, parasetamol və ya ibuprofen ilk müraciət ediləcək dərmanlardır.
Onlar qızdırmanı salmaqda və ağrını azaltmaqda olduqca təsirlidir. Ancaq unutmayın ki, bir çox öskürək və soyuqdəymə şərbətinin tərkibində az miqdarda da olsa parasetamol olur; buna görə də təsadüfən normadan artıq qəbul etmədiyinizə əmin olun.
- C vitamini:
Soyuqdəymədən qorunmağa kömək etdiyi düşünülür. Lakin bu mövzuda çox güclü elmi sübutlar yoxdur. Əgər çatışmazlıq yoxdursa, sağlam və balanslı qidalanmaya diqqət yetirmək daha önəmlidir.
- D vitamini:
Qış aylarında günəş işığının az olduğu ölkələrdə D vitamini əlavəsi qəbul etmək tövsiyə edilir.
- Burun spreyi:
Burun açıcı spreylər tez təsir göstərir və rahatlama yaradır. Lakin tez-tez istifadə edildikdə "geri təsirli tıxanıqlıq" yarada bilər. Yəni sprey istifadə edilmədikdə burun daha da şişməyə başlayır. Buna görə bu cür spreyləri ən çox dörd-beş gün istifadə etmək məsləhətdir.
- Toyuq şorbası:
Viruslarla birbaşa mübarizə apardığına dair güclü sübutlar olmasa da, isti olması boğazı rahatlada və əlamətləri yüngülləşdirə bilər. Eyni zamanda, oqranizmi bədəni maye ilə təmin edir; infeksiya ilə mübarizədə bol maye qəbulu çox vacibdir.
Bəs peyvəndlər necə?

Şəklin mənbəyi, Getty Images
Qrip virusu daim dəyişir və təkamül edir; buna görə də peyvənd hər il yeni ştammlara uyğun yenilənir.
Dr. Oskar bildirir ki, peyvənd təklif olunduğu halda illik qrip peyvəndini vurdurmaq çox vacibdir.
Peyvəndə uyğunluq ölkələrə görə dəyişir; əsas məqsəd isə ən yüksək risk qrupunda olan insanlara üstünlük verməkdir.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinə görə, qripdən ağırlaşma riski yüksək olan insanlar üçün peyvənd xüsusilə önəmlidir.
Bu qruplara daxildir:
- Müəyyən xroniki xəstəlikləri olan şəxslər,
- Hamilə qadınlar,
- Altı ay ilə beş yaş arasındakı uşaqlar,
- Yaşlılar,
- Səhiyyə işçiləri.







