Öskürəyə nə yaxşı təsir edir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Alex Taylor
- Vəzifə, BBC News
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Demək olar ki, hamı öskürəyin nə qədər can sıxıcı bir problem olduğu ilə razılaşır. Sadə bir öskürək həftələrlə davam edə, boğaz ağrısına, əzələ gərginliyinə və yuxunun tez-tez bölünməsinə səbəb ola bilər.
Buna görə də öskürəyə çarə axtarılması və bu problemi aradan qaldırmağa yönəlmiş məhsulların geniş bir bazarının olması təəccüblü deyil.
Bəs bu üsullar həqiqətən işləyirmi, yoxsa mətbəx dolabımızdakı məhsullarla kifayətlənərək pula qənaət edə bilərik?
BBC Radio 4 dinləyicilərindən biri bu sualı "Sliced Bread" ("Bundan daha yaxşısı yoxdur") adlı proqrama göndərib.
Proqramın aparıcısı Qreq Fut cavabı tapmaq üçün mövzunun mütəxəssisinə — Mançester Universitetindən ağciyər xəstəlikləri üzrə professor, eyni zamanda öskürək klinikası idarə edən Jacky Smith-ə müraciət edib.
Smith-in sözlərinə görə, iki əsas öskürək növü var: Quru və a dətən, bəlğəmlə müşayiət olunan, döş qəfəsi mənşəli qıcıqlandırıcı öskürək
Hər iki növ üçün siroplar var.
Bu dərmanlar öskürəyi tamamilə aradan qaldırmır, lakin bir qədər yüngülləşdirə bilər.
Buna baxmayaraq, Smit özü bu dərmanlardan heç vaxt istifadə etmir. Onun fikrincə, öskürəyin növündən asılı olmayaraq, ən çox güvəndiyi vasitə bal və limondur.
Bəs bunun elmi əsası nədir? Hansı qidalar həqiqətən öskürəyi kəsməyə kömək edə bilər? Yaxud əksinə, öskürəyi daha da şiddətləndirə bilər?
Bal
İsti suya bal və limon əlavə etmək klassik ev üsulu öskürək dərmanıdır.
Bunun yaxşı bir səbəbi var. Smith-ə görə, elmi baxımdan ən ümidverici qida baldır.
Smith deyir: "Çox şirin maddələrin dillə təmasda olduqda öskürək refleksini basa bildiyinə dair bəzi sübutlar mövcuddur".

Şəklin mənbəyi, Getty Images
Bal məsələsinə gəlincə, Smith, xüsusilə gecə öskürən uşaqlarda öskürəyin miqdarını azaltdığını göstərən sübutların mövcud olduğunu bildirir:
"Öskürək siroplarının tərkibində boğazı örtən və sakitləşdirən maddələr olur; bu da insanların soyuqdəymə zamanı hiss etdiyi o qıcıqlanmanı azalda bilər. Balda da vəziyyət eynidir".
Sarıkök
Smith deyir: "Təəssüf ki, sarıkökün öskürəyi kəsdiyinə dair sübut olduğunu düşünmürəm".
O əlavə edir: "Amma bu, onun qətiyyən təsirli olmadığının sübut edildiyi anlamına da gəlmir. Sadəcə, kifayət qədər araşdırma yoxdur".
Bununla belə, sarıkökü içki şəklində qəbul etməyin müəyyən faydaları ola bilər.
Smith bildirir: "Boğazınız həssasdırsa və qıcıqlanırsa, udqunma hərəkətinin özü belə, boğazdakı qıcıqlanmanı azaldaraq öskürəyi basdırmağa kömək edə bilər".
O əlavə edir: "Əgər içdiyiniz maye isti və sakitləşdiricidirsə, bu təsir daha da güclü ola bilər".
Zəncəfil ve sarımsaq
Smitin sözlərinə görə, möhkəm elmi dəlillər olmasa da, zəncəfil və sarımsaq boğaz və tənəffüs yollarındakı bəzi ion kanallarını, yəni öskürəyi tətikləyən xırda reseptorları aktivləşdirir.

Şəklin mənbəyi, Getty Images
Smith vurğulayır ki, TRPA1 reseptorları tənəffüs yollarımızı zərərli kimyəvi maddələrdən qorumaq və qidaların ağciyərlərə qaçmasının qarşısını almaq üçün mövcuddur:
"Boğazdakı bu reseptorları zəncəfil və ya sarımsaqla "doldurmaq" onları həssaslığını azalda bilər."
O davam edir:
"Eyni vəziyyət kapsaisin üçün də keçərli ola bilər (acı bibərin tərkibindəki yandırıcı maddə). Bəzi öskürək dərmanları və pastillərdə kapsaisin var. Yəni, nəzəri olaraq bu mümkündür".
Tünd şokolad
Smith qeyd edir ki, şokoladın tərkibində 'teobromin' adlı kimyəvi maddə mövcuddur və bir neçə il əvvəl bir şirkət bu maddənin öskürək dərmanı kimi istifadə olunub-olunmayacağını araşdırıb:
"Çünki laboratoriya tədqiqatlarında teobrominin öskürək refleksini tətikləyən sinirlərin həssaslığını azaltdığı müşahidə edilmişdi. Amma təsirin olduqca zəif olduğu məlum oldu".
Əgər bu üsulu sınamağı düşünürsünüzsə (etiraf edək ki, ən cəlbedici seçim budur), kakao tərkibi yüksək olan tünd şokoladı seçin; kakao faizi artdıqca teobromin miqdarı da artır.
Probiyotiklər
Smith bildirir ki, hazırda probiyotiklər barədə qəti bir fikir söyləmək çətindir və əlavə edir:
"Araşdırmalar hələ ilkin mərhələdədir. Ağızdan qəbul edilən bir maddənin bağırsaqlarımızdakı bakteriyaları dəyişdirib-dəyişdirmədiyi, əgər dəyişdirirsə, bunun reflekslər və ya tənəffüs yollarındakı iltihablanma üzərindən təsir göstərib-göstərmədiyi hələlik aydın deyil".
Bəs hansı qidalar öskürəyi pisləşdirə bilər?
Smit deyir ki, illərdir klinikasında bir çox xəstəsi süd və süd məhsullarının öskürəyi gücləndirdiyini söyləyir. Bununla belə, o vurğulayır ki, bu barədə heç bir elmi sübut yoxdur:
"Bəlkə də boğazı örtən bir quruluşa malik olduqları üçün, əgər bəlğəmli öskürəyiniz varsa, sizi daha pis hiss etdirə bilərlər.

Şəklin mənbəyi, Getty Images
Smith-in klinikasında öskürəyi araşdırılan xəstələrə uzaq durmaları tövsiyə edilən yeganə maddə isə kofeindir:
"Kofeinin öskürəyi artırdığına dair birbaşa sübut yoxdur. Amma kofeinin turşu reflüsünü tətikləyə biləcəyinə dair bir nəzəriyyə var və reflünü artıran hər şey öskürəyi də tətikləyə bilər".
Öskürürsünüzsə, nə yeməli və ya içməlisiniz?
Smith-in ən əsas tövsiyəsi bal istehlakıdır.
O, həmçinin pastil əmməyin və ya müntəzəm şəkildə su qurtumlamağın da çox faydalı olduğunu düşünür:
"Udqunma öskürək refleksini basdırır və boğazı sakitləşdirir. Bir çox xəstəm bunu gündəlik olaraq öskürəklərini nəzarətdə saxlamaq üçün istifadə edir".
Beləliklə, demək olar ki, mətbəxdə tapılan bir çox vasitə müalicəedici olmaqdan daha çox rahatladıcı təsir göstərir.
Amma əgər sizi yaxşı hiss etdirirsə, bu belə özlüyündə bir fayda sayılır.







