Dünya Tualet Günü – Dünyanı iki yerə bölən mübahisə: Yuyaraqmı, silərəkmi təmizlənməli?

bitmiş tualet kağızı

Şəklin mənbəyi, Getty

Bu gün, 19 noyabr, Dünya Tualet Günüdür.

Birləşmiş Millətlər Təşkilatı bu günü 2013-cü ildə elan edib və məqsədi hər kəsin sağlam tualet şəraitinə çıxışını təmin etməkdir.

Lakin dünyanın bir hissəsində normal sayılan tualet vərdişləri, başqa yerlərdə yaşayanları çox təəccübləndirə bilir.

Bir çox Qərb ölkəsində tualetdə təmizlənmə üsulunun yuyunmaq yerinə silinmək olması, dünyanın bir çox bölgəsində yaşayan insanlar üçün təəccüblüdür.

Su, kağızdan daha yaxşı təmizləyir.

Tualetdə su ilə təmizlənməyi üstün tutanlar adətən belə sual verirlər:

"Əlinizə şokoladlı pudinq bulaşsa, onu sadəcə salfetləmi silərdiniz?"

Bir çox ölkədə tualet duşları geniş yayılıb.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Bir çox ölkədə tualet duşları (bide və ya tualet duş başlıqları) geniş yayılıb.

Üstəlik, tualet kağızları qədim yunanların istifadə etdiyi keramika parçaları və ya Amerikaya ilk gedən avropalıların istifadə etdiyi qarğıdalı qabıqları qədər sərt olmasa da, su istənilən yumşaq kağızdan belə daha az aşındırıcı və daha incə təmizləyici sayılır.

Bir çox ölkələrin sakinləri artıq çox uzun müddətdir ki, tualet ziyarətlərini su ilə yekunlaşdırmağa öyrəşiblər.

"Gigiyena imperializmi"

dollar əks olunmuş tualet kağızı

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Amerikalılar dünyanın ən böyük tualet kağızı istifadəçiləridir
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bu vəziyyət təkcə Qərb xaricindəki ölkələr üçün keçərli deyil.

Dünyaya "bide" sözünü bəxş edənlər fransızlardır.

Fransada bidelər artıq yavaş-yavaş unudulmağa başlasa da, İtaliya və Argentina kimi ölkələrdə hələ də çox yayğındır.

Lakin ABŞ və Böyük Britaniya da daxil olmaqla dünyanın böyük bir hissəsi hələ də tualet kağızından asılı qalır.

Memarlıq tarixçisi Barbara Penner "Tualet" adlı kitabında bildirir ki, bu iki ölkə "müasir tualet mədəniyyətinə digər ölkələrlə müqayisədə ən böyük təsiri göstərib".

Əslində, anglo-amerikan tualet meyilləri 1920-ci illərdə o qədər geniş yayıldı ki, bu hadisə "gigiyena imperializmi" adlandırılmağa başlandı.

Su ilə təmizlik üsulu, İslam təlimlərində suyun təmizlik üçün tövsiyə edilməsindən irəli gəldiyinə görə, əhalisinin çoxu müsəlman olan ölkələrdə bu gün də ən çox üstünlük verilən üsuldur.

"Su, yoxsa kağız?" mübahisəsi ilə yaxından maraqlananlardan biri, tualetə qarşı mədəni və tarixi münasibətləri araşdıran, Avstraliya hökumətində layihə rəhbəri kimi çalışan Zul Othmandır.

Othmanın apardığı araşdırma göstərir ki, bəzi müsəlman avstraliyalılar artıq Qərb tipli tualetlərə uyğunlaşıblar — həm tualet kağızı, həm də yanında dolça və ya duş başlığı (bide) istifadə edirlər.

Lakin bu təmizlik anlayışı təkcə müsəlmanlarla məhdudlaşmır.

Mumbaydan olan data mühəndisi Aşta Garg son iki ildir ki, San-Fransiskoda yaşayır və orada tualetdə istifadə edilə biləcək su qabı tapmaq üçün hər yeri axtardığını danışır.

Nəhayət, axtardığını bir hindlinin mağazasında tapıb.

"Bəzi hindlilər tualet kağızına uyğunlaşıb, amma mənim kimi bir çoxları hələ də suya üstünlük verir", - o deyir və əlavə edir ki, "ABŞ-da hər dəfə bir hindli dostuma baş çəkəndə, tualetində ya plastik su şüşəsi, ya da dolça görürəm."

Yeri gəlmişkən Othman etiraf edir ki, qərblilərin mütləq kağızdan istifadə israrı onu daim təəccübləndirib.

Məsələn, İngiltərənin Şeffild şəhərindəki bir tələbə yoldaşı tualet kağızı qurtardıqda 20 funtluq əsginasla təmizlənib.

Musiqiçi Kaiser Kuo da özünəməxsus bir "orta yol" tapıb.

O, üç il əvvəl Pekindən ABŞ-a köçüb və əksər yeni gələnlər kimi, bəzi Çin vərdişlərini qoruyub, eyni zamanda ABŞ-da yeni vərdişlər qazanıb.

Kuo uşaqlarının illik adam başına 141 ədəd tualet kağızı işlədən və bu sahədə dünyanın ən böyük istehlakçısı olan ABŞ-da nə qədər çox kağız istifadə etdiklərinə təəccüblənib.

Ashtha Garg isə tualet kağızını "çaşdırıcı" hesab edir:

"Kağızı unitaza atmalıyam, yoxsa yox, bir müddət bilmədim," — deyir.

O, həmçinin əlavə edir:

"Bunun həm maliyyə tərəfi var, həm də ətraf mühitə zərər verir. Tualetləri tıxayır. Məncə, dörd tualetdən biri mütləq boru problemi yaşayır."

Kuo ailəsi indi daha az tualet kağızı istifadə edir və onu unitaza atıla bilən nəm salfetlərlə əvəzləyib.

Bir çox mədəniyyətlərin əsrlərdir bildiyi kimi, su daha yaxşı təmizləyir.

bide

Şəklin mənbəyi, Getty

Oturmaqmı, çömbəlməkmi?

Kuo ailəsi tualet vərdişləri ilə bağlı başqa bir bölücü suala da "orta yol" tapıb: oturmaqmı, yoxsa çömbəlməkmi daha yaxşıdır?

Hər iki tip tualet Çin Han sülaləsi dövründə (e.ə. 206 – e. 229) istifadə olunub.

Çində bu sahədə bəzi bölgə fərqləri olsa da, bu gün ölkə üzrə ictimai tualetlərdə çömbəlmək forması üstünlük təşkil edir.

Təxminlərə görə, bu gün belə, dünyanın üçdə ikisi çömbələrək tualetə gedir.

Bununla belə, bir çox qərblilər "saxsı taxt" adlandırılan oturaq tualetdən daha faydalı və məntiqli bir formaya keçməyə hələ də müqavimət göstərirlər.

Anatomik baxımdan çömbəlmək daha sağlamdır, çünki bu vəziyyət bağırsağın təbii çıxış bucağını düzləşdirir və nəcisin rahat çıxmasını təmin edir.

Belə halda bağırsaq hərəkətləri daha sürətli olur və az gərginlik tələb edir.

Üstəlik, çömbəlmənin bir çox fiziki faydaları da var.

Yaşlı çinlilərin qüvvəsi və çevikliyi, çox vaxt gənc avropalıları utandıracaq səviyyədə olur.

Amerikalılar üçünsə tualetdə çox qalmaq artıq bir növ əyləncəyə çevrilib.

Mağazalarda "tualetdə oturarkən oxumaq üçün" nəzərdə tutulmuş kiçik hekayələr və zarafatlardan ibarət kitablar satılır.

Kuo isə buna təəccüblənir: "Bütün çinli valideynlər sizə eyni şeyi deyər: Tualetdə heç nə oxumayın — babasil olarsınız!"