Uşağımın dostundan xoşum gəlmir, nə edim?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Yasmin Rufo
- Vəzifə, BBC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Uşağınızın bütün dostlarını sevməyiniz real deyil. Axır-əvvəl elə bir dost tapacaq ki, sizin xoşunuza gəlməyəcək.
Bəlkə bu dost sizə kobud görünür. Bəlkə də sizin icazəniz olmadan uşağınıza daim "abur-cubur" gətirir. Və ya düşünürsünüz ki, uşağınız bu dostuna görə "pis vərdişlər qazanacaq".
Uşağınıza bu insanla dostluq etməməyi tapşırıb qısa yolu seçə bilərsiniz. Amma bu, adətən, işə yaramır.
Valideyn məşqçisi Sue Atkins və dörd uşaq anası komediyaçı Ria Lina, uşağınızı sizdən uzaqlaşdırmadan vəziyyəti idarə etməyin üç yolunu tövsiyə edir:
1. Niyə xoşlanmadığınızı ciddi şəkildə düşünün
Uşağınızın dostunu sevməmə səbəbiniz hörmətsizlik, zorakılıq və ya təhlükəli davranışlardır? Yoxsa sadəcə "əsəbinizə toxunur" və ya xasiyyətiniz tutmur?
Atkins-ə görə əsəbi nəyi pozur və nəyin həqiqətən zərərli olduğunu ayırd etmək çox vacibdir. Bunun üçün isə əvvəlcə öz düşüncələrinizi təhlil etməlisiniz.
Əgər real risk varsa, yəni təhlükəli davranış və ya zorakılıq müşahidə edirsinizsə, daha ciddi müdaxilə etməyin vaxtı gələ bilər.
Amma məsələ xarakter fərqi və ya fərqli vərdişlərlə bağlıdırsa, görmək istədiyiniz davranışlara özünüz nümunə göstərməlisiniz.
Dörd uşaq anası və komediyaçı Lina bunu belə izah edir:
"Nəzarətimdə olan uşaqlara mənim standartlarıma əməl etmələrini deyirəm. Öz uşaqlarıma avtobusda "ayaqlarınızı oturacağa qoymayın" deyirəmsə, mənim nəzarətimdə başqa uşaq varsa, ona da bunu tətbiq edirəm".
Lina-nın fikrincə, uşağınızın dostundan xoşlanmama səbəbi, adətən, həmin uşağın valideynləri ilə yaşanan "dəyər toqquşması"dır:
"Bir uşağın mənim uşağımı pis bir şeyə yönəldəcəyini düşündüyümdə, bu çox vaxt o uşağın günahı olmur.
Məsələn, bizim evdə silah oyunu oynamağa icazə verilmir: istər oyuncaqlar olsun, istər əl ilə silah düzəltmək. Amma bir çox oğlan uşağı bunu edir və mən öz uşaqlarıma icazə verməyəndə gərginlik yarana bilir. Belə hallarda bəzən digər uşağın ailəsi ilə əlaqə saxlamaq, hamının razı qalacağı bir orta yol tapmağa kömək edir."
2. Qadağa qoymayın, danışın
Atkins-ə görə edə biləcəyiniz ən pis şey uşağınıza bir dostu ilə görüşməyi qadağan etməkdir. Çünki belə etməklə "nə daha yaxşı dostluqlar qurmasına kömək edirsiniz, nə də vəziyyəti izah etmiş olursunuz".
Məsələyə sərt yanaşmaq tərs nəticə verə bilər və bəlkə də uşağınız həmin dostu ilə sırf sizə inad olsun deyə görüşməyə davam edəcək.

Şəklin mənbəyi, Getty Images
Uşağınıza bu dostunda nə tapdığını, ortaq cəhətlərinin nə olduğunu soruşaraq başlayın. Birlikdə etməyi sevdikləri şeylər haqqında danışın.
Bunları soruşmaq və dinləmək, bu dostluğu təsdiqlədiyiniz anlamına gəlmir. Amma aranızda qarşılıqlı güvən yaradılmasına kömək edir.
Atkins deyir: "Danışmaq üçün doğru anı seçməlisiniz. Səs tonunuza və bədən dilinizə diqqət etməlisiniz. Çünki çox aqressiv və ya mühakimə edən olsanız, ünsiyyət yaratmaq əvəzinə körpüləri yıxa bilərsiniz. Məqsədiniz körpü qurmaqdır, araya divar çəkmək deyil".
Lina-nın fikrincə isə uşaqlara "müəyyən bir davranışı bəyənmədiyinizi və onu təkrarlamalarını istəmədiyinizi" demək vacibdir:
"Beləliklə, dostluğu dayandırmırsınız, qarşılıqlı əlaqəni qadağan etmirsiniz, amma hansı davranışın nümunə götürülməməli olduğunu aydın şəkildə göstərmiş olursunuz".
3. Ətrafını genişləndirin
Əgər uşağınız sizin xoşunuza gəlməyən bir dostluğa sıxılıb qalmış kimi görünürsə, onun sosial çevrəsini genişləndirməyə çalışın.
Atkins belə məsləhət verir:
"Yeni insanlarla tanış ola biləcəyi mühit yaradın. Qohumlarınızı çağırın, idman klublarına qoşulmasına şərait yaradın, məktəb sonrası fəaliyyətləri sınamasına imkan verin".

Şəklin mənbəyi, Getty Images
Bunu da unutmamaq lazımdır: Əksər dostluqlar əbədi olmur və uşaqlar müxtəlif inkişaf dövrlərindən keçir. Yəni, müdaxilə etməzdən əvvəl bu dostluğun hansı istiqamətə doğru getdiyini bir müddət müşahidə etmək yaxşı fikir ola bilər.
Atkins deyir:
"Bəzən bu, sadəcə yay tətili dostluğu olur və ya yeniyetmə uşağınız sizinlə inadlaşmaq üçün müvəqqəti bir davranış göstərir".
Ən yaxşısı isə, uşağınıza hansı cür dostluqlar qurmasını istədiyiniz mövzusunda özünüzün ona nümunə olmağınızdır.
Öz dostluqlarınız haqqında uşağınızla söhbət etmək, ona hörmət, nəzakət və sağlam sərhədlər qoymaq barədə fikir verəcək və uşaqlar, adətən, valideynlərinin davranışlarını örnək almağa meyillidirlər.







