Türkiyə nazirindən Erdoğana istefa çağırışı

Gülen və Cağlayan
Şəklin alt yazısı, Muammer Güler və Zafer Çağlayan istintaqa mane olmamaq istədiklərini bildiriblər.

Ötən həftə korrupsiya işi ilə bağlı oğlu həbs edilmiş nazir Erdoğan Bayraktar hökumət başçısını istefaya çıxmağa çağırıb.

Erdoğan Bayraktardan əvvəl istefalarını daxili işlər və iqtisadiyyat naziri elan edib.

Muammer Güler və Zafer Çağlayan istintaqa mane olmamaq istədiklərini bildiriblər.

Dekabrın 17-də polis əməliyyatında saxlanılmış bir qrup rəsmi və tanınmış iş adamları arasında daxili işlər, iqtisadiyyat və ətraf mühitin qorunması və şəhərsalma işləri üzrə nazirlərin oğulları da olub.

Təlimat

İstefaya çıxmaq qərarını elan edərkən Erdoğan Bayraktar təzyiqə məruz qaldığını bildirib. Onun sözlərinə görə korrupsiya əməliyyatı üzrə araşdırılan abadlaşdırma işlərinin "böyük bir hissəsi hörmətli baş nazirin təlimatıyla edilmişdir".

"Bu minval üzrə nazirlikdən və deputatlıqdan istefa verirəm. Milləti və (dəqiq bilinmir) ... rahatlaşdırmaq üçün hörmətli baş nazirin istefa etməsi lazım olduğuna inandığımızı ifadə edir, hörmətli millətimizə saygılarımı bildirirəm.''

Mitinq
Şəklin alt yazısı, İstanbulda keçən müxalifət mitinqində nazirlərin istefası tələb edilib.

Daxili işlər naziri Muammer Güler daha əvvəl deyib ki, oğlunun dövlət rəsmisi olmadığı üçün həbsinə qanuni əsas görmür.

Nazir Cağlayanın oğlu Kaan Cağlayan və Barıs Güler rüşvətxorluqla bağlı ittihamları rədd ediblər, nazir Bayraktarın oğlu Abdullah Bayraktar isə ötən həftənin sonunda məhkəmə qərarı ilə sərbəst bıraxılıb.

Cümə günü geniş polis əməliyyatında saxlanılanlardan 24 nəfərə rəsmi ittiham təqdim edilib.

Bazar günü İstanbulda keçən müxalifət mitinqinin iştirakçıları adları qalmaqalla bağlı hallanan nazirlərin istefasını tələb ediblər.

"Qaranlıq qüvvələr"

Türkiyənin baş naziri həbslərdə ölkənin inkişafı əleyhinə olan “qaranlıq qüvvələri” suçlayıb.

Recep Tayyip Erdoğan nazir oğulları da daxil olmaqla bir qrup məmur və tanınmış iş adamlarının həbsi arxasında “casus və xəyanatkarların” durduğunu deyib.

Dekabrın 17-də başlayan həbslərdən sonra İstanbulun polis rəisi Huseyin Çapkın da daxil olmaqla bir sıra yüksək rütbəli polis rəsmisi işdən azad olunub.

Hərbslər və polislərin işdən azad olunması AK partiyası ilə Fethullah Gülen hərəkatının pərdə arxası ixtilafının təzahürü kimi dəyərləndirilir.

ABŞ-da mənzillənən Fethullah Gülenin Hizmet hərəkatı üzvlərinin hüquq-mühafizə orqanlarında geniş təmsil olunduğu bildirilir.

Baş nazir hakimiyyət başına 2002-ci ildə gəlib.

Şərhçilərə görə Recep Tayyip Erdoğan hökumətilə bağlı şəxslərin həbsi və daha sonra polislərin işdən azad olunması hakim AK partiyası daxilində mübarizədən xəbər verir.