Sədərək gömrük rəisinə dair "həbs qərarı verilib"

Həbslər
Şəklin alt yazısı, Çərşənbə axşamı Türkiyədə geniş miqyaslı polis əməliyyatında 3 nazir oğlu da daxil olmaqla 50-dək adam həbs olunub.

İqdır məhkəməsi Naxçıvanın Sədərək gömrük məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun arasında olduğu qrup haqqında həbs qərarı çıxarıb, bu barədə BBC Azərbaycancaya hadisələri izləyən türkiyəli jurnalist Sərdar Ünsal məlumat verib.

İki gün əvvəl Türkiyə polisi korrupsiya və rüşvət ittihamları ilə biri qadın, 7-i gömrük işçisi, 10-u nəqliyyat firması sahibi olmaqla, 17 nəfəri şübhəli şəxs qismində saxlamışdı.

İqdır məhkəməsinin bu gecə keçirilmiş iclasında cənab Seyidovla yanaşı, daha 8 nəfər haqqında həbs qərarı verilib.

Saxlanılanlardan 2-i həbssiz mühakimə ediləcək.

Digər 7 nəfərin işinə isə novbəti prosesdə baxılacaq.

Üş gün gün əvvəl polis, həbs olunanlara qarşı Türkiyə ilə Naxçıvan arasındakı Dilucu Sərhəd Qapısı , İqdır və Aralık mahalında eyni vaxtda əməliyyat həyata keçirib. Həbs olunanlar izlənilərək və telefon danışıqları dinlənilərək cinayətkar fəaliyyətin üstününü açıldığı bildirilir.

Dəstə üzvlərinin, sərhəd qapısındakı korrupsiya ilə dövlətə ayda 40 milyon lirə zərər vurduğu bildirilir.

İddialara əsasən, rüşvət Sədərək Gömrüyünə verilmiş, toplanan pullar türk tərəfinə gətirilərək gömrük məmurları arasında bölüşdürülmüş, Dilucu sərhəd qapısı gömrük məmurlarının isə istintaqın dinlənmə qorxusu ilə telefon danışıqlarını yük maşını sürücülərinin telefonu ilə aparıblar.

Gömrük Komitəsi

Mirməhəmməd Seyidovun saxlanılmasında məqsəd Türkiyədə korrupsiya ilə bağlı iddialara görə saxlanılan “həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi” olub, Dövlət Gömrük Komitəsi bildirir.

Naxçıvan Muxtar Respublikası Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə “rüşvət” əməliyyatlarında həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib.

Dövlət Gömrük Komitəsinin rəsmi açıqlamasında bildirilir ki, cənab Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib.

“2013-cü il dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb”, rəsmi məlumatda qeyd olunub.

Haberler.com saytı xəbər verir ki, çərşənbə axşamı Seyidov İğdırın Aralık mahalında yerləşən və Türkiyə ilə Naxçıvanı bir-birinə birləşdirən "Dilucu Sərhəd Qapısı"nda aparılan rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs edilib.

Çərşənbə günü İğdır polis şöbəsinin qaçaqmalçılıq bölməsindən BBC Azərbaycanaya bildirilib ki, “Seyidovun həbsi ilə bağlı Azərbaycan konsulluğu və Naxçıvanla yazışmalar aparılıb".

Azərbaycanın İğdırdakı konsulu Asiman Əliyev BBC Azərbaycancaya gömrük rəisinin həbsi ilə bağlı "görüşmələrin keçirildiyini" təsdiqləyib.

"Azərbaycan tərəfi baş konsul və konsulluğun İqdır şöbəsi vasitəsi ilə bizimlə əlaqə saxladı. Biz onları prokurorluğa yönləndirdik. Çünki, bu işlə prokurorluq məşğul olur". BBC Azərbaycancaya müsahibəsində İğdır valisinin müavini Şenol Kaya bildirib.

Onun sözlərinə görə, araşdırma ilə bağlı məlumatların yayılması barədə "məxfilik" qərarı verildiyi üçün bu məsələ haqqında geniş məlumata sahib deyil.

İğdırda gömrükdə sui-istifadə faktları ilə bağlı keçirilmiş əməliyyatda Azərbaycala Türkiyə arasında olan Sədərək gömrük məntəqəsinin rəisi Mirməhəmməd Seyidovdan başqa daha 5 nəfər həbs olunub.