"Avropa tam çaşqın vəziyyətdədir": Rusiyanın Qrenlandiya gərginliyi ilə bağlı istehzası

Şəklin mənbəyi, Reuters
- Müəllif, Steve Rosenberg
- Vəzifə, BBC
Donald Trampa qulaq assanız, elə düşünərsiniz ki, Moskva və Pekin Qrenlandiya sahilləri yaxınlığında pusquda dayanıb, Arktikadakı güclərini artırmaq üçün fürsət gözləyirlər.
"Orada Rusiya esminesləri (Esmineslər özündə bir sıra keyfiyyəti birləşdirən döyüş gəmiləridir- BBC Azərbaycanca) var, Çin esminesləri var və daha da önəmlisi, hər tərəfdə Rusiya sualtı qayıqları var", – Prezident Tramp bu yaxınlarda deyib.
Məhz buna görə də, ABŞ Prezidentinə görə, Qrenlandiya üzərində ABŞ nəzarəti həyati əhəmiyyət daşıyır.
Bəs, sizcə, Moskva bu iddia edilən planın üzə çıxarılmasına və Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsi ilə potensial olaraq qarşısının alınmasına necə reaksiya verib?
Ruslar məmnun qalmayıblar? Elə deyil.

Təəccüblü bir məqalədə Rusiya hökumətinə məxsus qəzet Trampı tərifləyir və Qrenlandiyanın ABŞ tərəfindən ilhaqına qarşı çıxan Avropa liderlərini tənqid edir.
"ABŞ Prezidentinin tarixi irəliləyişinə mane olan Kopenhagenin inadkarlığı və Avropanın, o cümlədən Amerikanın guya dostları olan Britaniya və Fransanın saxta həmrəyliyidir", – deyə Rossiyskaya Gazeta yazır.
"Avropaya Trampın təşviq etdiyi Amerika böyüklüyü lazım deyil. Brüssel ABŞ Prezidentini aralıq seçkilərində "boğmağa", onun həyatının ən böyük sazişini bağlamasına mane olmağa ümid edir".
"Ən böyük saziş?" Müxbir bununla nə demək istədiyini izah edir.
Oxuyarkən özümə daim xatırlatmalı oluram ki, bu, Amerikada çıxan Trampyönlü bir nəşr deyil, Rusiya hökumətinin qəzetidir.

Şəklin mənbəyi, Reuters
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Əgər Tramp Qrenlandiyanı 4 iyul 2026-cı ilədək – Amerikanın Müstəqillik Bəyannaməsinin 250 illiyi qeyd olunan vaxta qədər ilhaq etsə, ABŞ-ın böyüklüyünü təsdiqləmiş bir şəxs kimi tarixə düşəcək", – Rossiyskaya Gazeta yazır.
"Qrenlandiya ilə ABŞ, Kanadanı ərazicə geridə qoyaraq, Rusiyadan sonra dünyanın ikinci ən böyük ölkəsinə çevriləcək. Amerikalılar üçün bu, Abraham Linkolnun 1862-ci ildə köləliyi ləğv etməsi və ya Napoleon müharibələri dövründəki ərazi fəthləri kimi qlobal miqyaslı hadisələrlə eyni səviyyədədir.
Əgər Trampın sayəsində Qrenlandiya Amerikanın bir hissəsinə çevrilsə… amerikalı xalq belə bir nailiyyəti şübhəsiz ki, unutmayacaq".
Rusiyalı müxbirin ABŞ Prezidentinə ünvanladığı mesaj isə budur: geri çəkilmə.
"Qrenlandiya məsələsində ABŞ Prezidentinin geri addım atması təhlükəlidir. Bu, Respublikaçılar Partiyasının aralıq seçkilərdə mövqeyini zəiflədəcək və nəticədə Konqresdə demokratların çoxluq əldə etməsinə gətirib çıxara bilər – bu da Tramp üçün nəticələr doğura bilər. Halbuki seçkilərdən əvvəl Qrenlandiyanın sürətli şəkildə ilhaqı bu siyasi tendensiyanı dəyişə bilər".
Başqa sözlə, Rusiya hökumətinə məxsus qəzetin fikrincə, Qrenlandiyanı ələ keçirmək planlarını irəli aparmaq Trampın maraqlarına uyğundur.
Bunu bir düşün.
Bəs Moskvanın bu tərifi haradan qaynaqlanır? Niyə açıq-aşkar təşviq var?
Çünki Rusiya mövcud vəziyyətdən xeyli fayda götürür.
Trampın Qrenlandiyaya diqqəti, adanı ələ keçirmək əzmi və planına qarşı çıxan Avropa ölkələrinə rüsumlar tətbiq etmək hədələri transatlantik alyansa ciddi zərbə vurub: həm Amerikanın Avropa ilə münasibətlərinə, həm də NATO daxilindəki birliyə.
Qərb alyansını zəiflədən, yaxud parçalanma təhlükəsi yaradan hər bir proses Moskva tərəfindən Rusiya üçün böyük üstünlük kimi qiymətləndirilir.
"Avropa tam çaşqın vəziyyətdədir və açığını desəm, bunu izləmək böyük zövq verir", - deyə Rusiya nəşri "Moskovskiy Komsomolets" Qrenlandiya ilə bağlı məqalələrinin birində istehza ilə yazır.
Bundan əlavə, ABŞ-ın Qrenlandiyanı ilhaq etməklə bağlı hədələri Kremlə yaxın şərhçilər tərəfindən Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni əsaslandırmaq üçün istifadə olunur.
Ukraynada qələbə Kreml üçün hələ də əsas prioritetdir.
Moskva hesab edir ki, Tramp administrasiyası ilə müsbət münasibətlərin qorunması bu məqsədə çatmağa kömək edəcək.
Məhz buna görə Rusiya Avropanı tənqid edir. Amma Donald Trampı yox.




