ABŞ Qrenlandiyanı istəyir, hərbi güc tətbiqini də istisna etmir: Avropa əsas müttəfiqi ilə qarşıdurmaya hazırdırmı?

Tramp

Şəklin mənbəyi, Reuters

    • Müəllif, Jude Sheerin
    • Vəzifə, BBC Washington

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Prezident Donald Tramp ABŞ-ın Qrenlandiya üzərində nəzarəti necə əldə edə biləcəyi ilə bağlı "bir sıra variantları" müzakirə edib.

Bu barədə yanvarın 6-da, çərşənbə axşamı Ağ Evin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, müzakirə olunan variantlar arasında həm adanın satın alınması, həm də hərbi gücdən istifadə ehtimalı var. Avropa buna necə cavab verəcək?

Ağ Evin açıqlamasında deyilir: "Prezident və onun komandası bu mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif yolları müzakirə edir və əlbəttə ki, ABŞ silahlı qüvvələrindən istifadə baş komandanın ixtiyarında olan variantlardan biri kimi hər zaman nəzərdən keçirilir".

Ağ Ev BBC-yə verdiyi şərhdə bildirib ki, geniş muxtariyyətə sahib və Danimarka Krallığının tərkibinə daxil olan Qrenlandiya üzərində nəzarətin əldə edilməsi ABŞ üçün "milli təhlükəsizlik baxımından prioritetdir".

Eyni zamanda qeyd etmək lazımdır ki, Danimarka NATO-nun üzvü kimi ABŞ-ın müttəfiqidir.

Bu bəyanat Avropa liderlərinin Danimarkanı dəstəkləyən birgə açıqlama yaymasından bir neçə saat sonra səsləndirilib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Danimarka Trampın nəhəng Arktika adasını əldə etmək planlarına qarşı çıxır.

Həftəsonu Tramp bir daha vurğulayıb ki, Qrenlandiya ABŞ-ın milli təhlükəsizliyinin təmin olunması üçün zəruridir.

Bu bəyanat Danimarkanın Baş naziri Mette Frederiksen-i xəbərdar etməyə vadar edib ki, ABŞ tərəfindən istənilən hücum faktiki olaraq NATO-nun mövcudluğunun sona çatması demək olar.

NATO Avropanın əksər ölkələrini (o cümlədən Türkiyəni), Kanada və ABŞ-ı birləşdirən hərbi-siyasi blokdur.

NATO müqaviləsinə əsasən, alyans üzvlərindən birinə edilən silahlı hücum bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilməlidir. Bu halda müttəfiqlər hücuma məruz qalan ölkəyə yardım göstərməyə borcludur.

Bu arada ABŞ dövlət katibi Marko Rubio bazar ertəsi bildirib ki, Tramp administrasiyası Qrenlandiyaya müdaxilə etməyi planlaşdırmır.

O, adanın Danimarkadan satın alınması variantını xatırladıb. Bu barədə Wall Street Journal və digər Amerika KİV-ləri məlumat yayıb.

Bundan sonra ABŞ Dövlət Departamentinin nümayəndəsi BBC-yə bildirib ki, ABŞ "amerikalılar və Qrenlandiya xalqı üçün faydalı olacaq möhkəm ticarət münasibətləri qurmağa çalışır".

"Bizim ümumi rəqiblərimiz Arktikada getdikcə daha fəal olurlar. Bu isə ABŞ, Danimarka Krallığı və onların NATO-dakı müttəfiqləri üçün narahatlıq yaradır", - deyə qurumun nümayəndəsi bildirib.

Qrenlandiya və Danimarka daha əvvəl bəyan etmişdilər ki, Qrenlandiya ilə bağlı ABŞ-ın plan və niyyətlərini müzakirə etmək üçün ABŞ dövlət katibi Marko Rubio ilə mümkün qədər tez bir görüş keçirilməsini xahiş ediblər.

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib ki, ABŞ Dövlət Departamentinin rəhbəri ilə aparılacaq danışıqlar zamanı "bəzi anlaşılmazlıqlar aradan qalxmalıdır".

Ötən həftə Danimarkanın NATO üzrə altı Avropalı müttəfiqi Kopenhagenə dəstək ifadə edib.

Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və Danimarka liderlərinin birgə bəyanatında deyilir:

"Qrenlandiya öz xalqına məxsusdur və yalnız Danimarka ilə Qrenlandiya onların qarşılıqlı münasibətlərinə dair məsələlər üzrə qərar qəbul edə bilərlər."

Birgə bəyanatı imzalayan Avropa ölkələri Arktikada təhlükəsizliyin təmin olunmasında ABŞ-la yanaşı öz maraqlarını da vurğulayaraq bildiriblər ki, NATO müttəfiqləri, o cümlədən ABŞ bu məqsədə "kollektiv şəkildə" nail olmalıdırlar.

Onlar, həmçinin "BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əməl olunmasına" çağırıblar.

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bu bəyanatı alqışlayıb və "qarşılıqlı hörmətə əsaslanan dialoqa" çağırış edib.

Keçən ilin mart ayında Trampın Qrenlandiyanı ABŞ-a birləşdirməklə bağlı təhdidlərinə qarşı keçirilən etiraz aksiyasına adanın təxminən minə yaxın sakini qatılmışdı.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Keçən ilin mart ayında Trampın Qrenlandiyanı ABŞ-a birləşdirməklə bağlı təhdidlərinə qarşı keçirilən etiraz aksiyasına adanın təxminən minə yaxın sakini qatılmışdı.

"Dialoq Qrenlandiyanın statusunun beynəlxalq hüquqa və ərazi bütövlüyü prinsipinə əsaslandığı faktına hörmət çərçivəsində aparılmalıdır", - deyə Nilsen bildirib.

Qrenlandiyanın gələcəyi ilə bağlı məsələ ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyatdan sonra yenidən gündəmə gəlib. Həmin əməliyyat zamanı Amerika ordusunun elit bölmələri ölkənin Prezidenti Nikolas Maduronu ələ keçirərək Nyu-Yorka aparıblar.

Bu əməliyyatdan bir gün sonra Trampın milli təhlükəsizlik üzrə müşavirinin həyat yoldaşı Keti Miller sosial şəbəkələrdə ABŞ bayrağının rənglərinə boyanmış Qrenlandiya xəritəsini "TEZLİKLƏ" sözü ilə paylaşdı.

Bazar ertəsi onun həyat yoldaşı Stiven Miller bəyan edib ki, "ABŞ hökumətinin rəsmi mövqeyi ondan ibarətdir ki, Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır".

CNN-ə verdiyi müsahibədə Miller Amerikaya Qrenlandiyanın ilhaqı üçün güc tətbiqinin istisna edilib-edilmədiyi sualına dəfələrlə belə cavab verib: "Heç kim Qrenlandiyanın gələcəyinə görə ABŞ-la müharibə aparmayacaq".

Əhalisi 57 min nəfər olan Qrenlandiya 1979-cu ildən etibarən Danimarka Krallığının tərkibində geniş muxtariyyətə malikdir. Lakin onun müdafiə və xarici siyasətinə dair qərarlar hələ də Kopenhagendə qəbul edilir.

Qrenlandiyalıların əksəriyyəti Danimarkadan tam müstəqilliyin tərəfdarıdır. Bununla yanaşı, ictimai rəy sorğuları göstərir ki, adanın əhalisinin böyük əksəriyyəti artıq Qrenlandiyada hərbi bazası olan ABŞ-a birləşməyə qarşıdır.

Adanın qərbində yerləşən İluлиссат şəhərində yaşayan 27 yaşlı inuit Morqan Angadju BBC-yə bildirib ki, "azad dünyanın liderinin Danimarka və Qrenlandiya ilə istehza etməsini" və Qrenlandiya xalqından "sahib çıxıla bilən bir obyekt kimi" danışmasını eşitmək onun üçün "dözülməzdir".

"Biz (Qrenlandiya ) artıq Qrenlandiya xalqına məxsusuq. Kalaallit Nunaat 'Qrenlandiya xalqının torpağı' deməkdir", deyə o vurğulayıb.

Morqan Angadju əlavə edib ki, bundan sonra nə baş verəcəyindən narahatdır o, Qrenlandiyanın Baş nazirinin də Maduronun taleyini yaşayıb-yaşamayacağını və ABŞ-ın onun ölkəsinə müdaxilə edib-etməyəcəyini düşünür.

участник акции протеста, у которого в руке плакатик с лицом Трампа и словами "Нет Трампу"

Şəklin mənbəyi, Getty Images

ABŞ-ın yüksək vəzifəli rəsmisi Reuters agentliyinə müsahibəsində bildirib ki, Vaşinqton hakimiyyəti həm bütün adanın satın alınması, həm də Qrenlandiya ilə azad assosiasiya haqqında saziş bağlanması imkanlarını nəzərdən keçirir.

Missuri ştatından olan respublikaçı senator Erik Şmitt isə BBC-yə müsahibəsində vurğulayıb ki, Qrenlandiya məsələsində ABŞ üçün əsas prioritet milli təhlükəsizlikdir.

"Düşünürəm ki, hazırda onlar, sadəcə, danışıqlar aparırlar. Ümid edirəm ki, Avropa başa düşəcək: güclü Amerika yaxşıdır, bu, bütün Qərb sivilizasiyası üçün faydalıdır", - deyə o bildirib.

Donald Tramp ilk prezidentlik dövründə Qrenlandiyanın Arktikada strateji ABŞ mərkəzinə çevrilməsi məqsədilə adanın satın alınması imkanından danışmışdı.

"Mahiyyət etibarilə bu, böyük bir daşınmaz əmlak sövdələşməsidir", - Tramp 2019-cu ildə demişdi.

Adaya maraq getdikcə artır: Rusiya və Çin də bu maraq göstərənlər sırasındadır. Qrenlandiya ərazisində istismar olunmamış nadir torpaq metalları yataqları mövcuddur, buzlaqların əriməsi isə Arktikada yeni ticarət yollarının açılmasına səbəb olacaq.

Mart ayında Tramp bəyan etmişdi ki, Amerika adaya nəzarəti əldə etmək üçün "lazım olan hər şeyə gedəcək".

Keçən ilin yayında Konqresdə keçirilən dinləmələr zamanı müdafiə naziri Pit Heqsetdən Pentaqonun Qrenlandiya üzərində nəzarəti güc yolu ilə əldə etməyi planlaşdırıb-planlaşdırmadığı soruşulub.

O isə cavabında bildirib ki, nazirliyin "istənilən ssenari üçün planları var".

Qrenlandiya

Şəklin mənbəyi, Reuters

Fransa hakimiyyəti çərşənbə günü bəyan edib ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməyə cəhd edəcəyi təqdirdə görüləcək tədbirlər planını müttəfiqlərlə müzakirə etməyi planlaşdırır.

Bundan əvvəl bir sıra Avropa ölkələrinin liderləri, eləcə də Kanada hakimiyyəti Danimarka və Qrenlandiyanı dəstəklədiklərini açıqlamış, xüsusilə Arktika adasının onun xalqına məxsus olduğunu vurğulamışdılar.

Təhlil: "Avropa tapdanmaq riski ilə üz-üzədir"

Katya Adler, BBC-nin Avropa məsələləri üzrə redaktoru

Danimarkanın Baş naziri Mette Frederiksen Parisdə Avropa ölkələrinin yaratdığı "istəklilər koalisiyası" ilə ABŞ nümayəndələrinin görüşü zamanı bildirib ki, Trampın Qrenlandiya ilə bağlı niyyətlərinə ciddi yanaşmaq lazımdır.

Paradoksal bir vəziyyət yaranıb.

NATO üzrə Vaşinqtonun müttəfiqi olan Avropa liderləri ABŞ-ın Tramp administrasiyasını bir Avropa ölkəsinin ( Ukraynanın ) suverenliyini, başqa bir dövlətin Rusiyanın aqressiv ərazi iddialarından qorumağa cəlb etməyə çalışırlar.

Halbuki ABŞ hakimiyyəti bir neçə gün əvvəl Venesuelaya hərbi kontingent göndərib, ölkə prezidentini ələ keçirərək oradan çıxarıb.

İndi isə ABŞ başqa bir Avropa ölkəsinin ( Danimarkanın ) suverenliyini açıq şəkildə təhdid etməyə davam edir.

Vəziyyəti daha da paradoksal edən odur ki, həm Danimarka, həm də ABŞ NATO üzvləridir.

Kopenhagenin açıqlamalarına görə, ABŞ və Danimarka son dərəcə yaxın müttəfiqlərdir. Ya da ən azı belə idilər.

Danimarka bildirir ki, əgər Tramp administrasiyası Qrenlandiyanı birtərəfli qaydada ələ keçirsə, bu, Avropanın İkinci Dünya müharibəsinin sonundan bəri təhlükəsizliyini etibar etdiyi Şimali Atlantika Alyansının (NATO) mövcudluğuna son qoyacaq.

Bəziləri haqlı olaraq qeyd edə bilər ki, Tramp heç vaxt NATO-nun böyük tərəfdarı olmayıb.

Kopenhagen Tramp administrasiyası ilə dialoq qurmağa çalışıb.

Danimarka bu yaxınlarda Qrenlandiyanın müdafiəsinə 4 milyard dollar sərmayə qoyacağını, o cümlədən gəmilər, pilotsuz uçuş aparatları və təyyarələr alınacağını vəd edib.

Lakin Kopenhagenin bütün səylərinə baxmayaraq, Tramp administrasiyası danimarkalılarla danışıqlara heç bir maraq göstərməyib.

Halbuki Danimarka ilə ikitərəfli sazişə əsasən, ABŞ-ın Soyuq müharibə dövründən bəri Qrenlandiyada hərbi bazası mövcuddur.

Bu bazadakı hərbi kontingentin sayı Soyuq müharibənin böhranlı illərindəki təxminən 10 min nəfərdən, son illərdə təxminən 200 nəfərə qədər azalıb.

Qrenlandiya

Şəklin mənbəyi, Reuters

Bazar günü Prezident Donald Tramp bildirib ki, Qrenlandiya strateji baxımdan son dərəcə vacibdir, çünki ətraf ərazilərdə Rusiya və Çin gəmiləri fəaliyyət göstərir.

"Milli təhlükəsizlik baxımından bizə Qrenlandiya lazımdır və Danimarka bunu təmin edə bilməz", - deyə Tramp bəyan edib.

Danimarka isə bu iddia ilə razılaşmır.

Mənimlə anonimlik şərti ilə danışan Aİ rəsmilərindən biri bildirib ki, Qrenlandiya ətrafında yaranmış bütün bu vəziyyət "Avropanın Tramp qarşısında fundamental zəifliyini bir daha üzə çıxarıb".

Trampın ötən həftəsonu Qrenlandiya ilə bağlı bəyanatlarından sonra Danimarkanın Skandinaviya qonşuları dərhal onun müdafiəsinə qalxdığı halda, Avropanın sözdə "böyük üçlüyü" - London, Paris və Berlin tərəfdən sükut hökm sürürdü.

Nəticədə bazar ertəsi Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan etdi ki, adanın gələcəyi barədə qərarı yalnız Danimarka və Qrenlandiya verə bilər.

Daha əvvəl buna bənzər açıqlama ilə Almaniya kansleri Fridrix Merts də çıxış etmişdi.

Fransa Prezidenti Emmanuel Makron isə dekabr ayında Kopenhagenə dəstək məqsədilə Qrenlandiyaya səfər edib.

Yanvarın 6-da Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya və Danimarka liderləri Qrenlandiya ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda bildirilib ki, adanın taleyini yalnız qrenlandiyalılar və Danimarka həll edə bilər.

Lakin bu açıqlamada ABŞ-a ünvanlanan birbaşa tənqid yer almayıb.

"Əgər Aİ-nin bütün 27 üzvü, eləcə də NATO müttəfiqi olan Böyük Britaniya Danimarkanın suverenliyini dəstəkləyən vahid bəyanatla çıxış etsəydi, bu, Vaşinqton üçün çox güclü siqnal olardı", - deyə Avropa Xarici Əlaqələr Şurasının eksperti Kamil Qrand mənə bildirib.

O, 2016–2022-ci illərdə NATO baş katibinin müavini vəzifəsini tutub.

Lakin Danimarkanın Avropa müttəfiqlərindən yalnız altısı birgə bəyanat yayıb.

Və problemin mahiyyəti də məhz bundadır. Trampın qətiyyətli, bəzilərinin "qorxutma taktikası" adlandırdığı davranış tərzi Avropa liderlərini ciddi şəkildə narahat edir.

Onlar, adətən, Trampa qarşı açıq şəkildə - təkbaşına və ya birlikdə - çıxmaqdan çəkinir, gələcək üçün yaxşı ikitərəfli münasibətləri qorumağa çalışaraq onu dolayı yollarla təsirləndirməyə üstünlük verirlər və belə qarşıdurmanın mümkün nəticələrindən ehtiyat edirlər.

Böyük dövlətlərin hökm sürdüyü yeni dünyada, burada ABŞ və Çin (Rusiya və Hindistan kimi ölkələrlə yanaşı) dominant mövqedədir, Avropa ən yaxşı halda kənara sıxışdırılmış vəziyyətdə görünür və tapdanmaq riski ilə üz-üzə qalır.