Naxçıvan hava limanına "dron hücumu olub" - Azərbaycan XİN

İrandan Naxçıvana dron hücumu olub, Azərbaycan bildirir

Şəklin mənbəyi, Sosial media

Oxuma vaxtı: 2 dəq

Martın 5-də Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Nəticədə dörd nəfər - 1 qadın, 3 kişi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanadan yerli mediaya bildirilib ki, onların vəziyyətləri stabildir.

Onlardan üçü Naxçıvan Hava Limanında xidmət aparan əməkdaşlar, biri isə sərnişindir.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür və "zəruri cavab tədbirləri hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq".

Azərbaycan Xarici İşlər Nazirliyi də bundan əvvəl yaydığı bəyanatda buna "kəskin etiraz" etdiyini və "müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını" bildirib.

Naxçıvana məktəb yaxınlığında düşmüş dronun qalıqları

Şəklin mənbəyi, Azertac

Şəklin alt yazısı, Azərbaycan mediasında Babək rayon Şəkərabad kənd tam orta məktəbi yaxınlığında dron qalıqlarına dair fotolar paylaşılıb

Azərbaycan Baş Prokurorluğu bildirib ki, "Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb".

Qurumun mətbuat xidməti məlumat yayıb ki, dronların sayı iki olub və onlar uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilib.

Hadisə nəticəsində hava limanının inzibati binasına zərər dəyib, eləcə də, Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirən mülki təyyarə Bakıya geri qayıtmağa məcbur olub, Azərbaycan Baş Prokurorluğu açıqlayıb.

İran xarici işlər nazirinin müavini: "Hadisə araşdırılacaq"

regional xəritə

İran xarici işlər nazirinin müavini Kazem Ğaribabadi Azərbaycanın AnyusZ televiziyasına müsahibəsində hadisənin araşdırılacağını bildirib.

Bununla belə, o əlavə edib: "İran qonşu ölkələri hədəf almır. Yalnız bir istisna var ki, əgər o ölkələrin ərazisində Amerika Birləşmiş Ştatlara məxsus bazalar varsa və oradan İrana hücumlar edilirsə, o, İran ordusunun hədəfinə çevrilir".

Azərbaycanda ABŞ hərbi bazaları yoxdur və rəsmi Bakı həm indi, həm də 12 günlük İsrail-İran müharibəsi zamanı bəyan etmişdi ki, hər hansı bir ölkənin Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi mümkün deyil

Dronlar hava limaı və məktəb binası yaxınlığına düşüb- Azərbaycan XİN

Naxcivan dron

Şəklin mənbəyi, Ictimai TV

"1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb", XİN-in bəyanatında deyilir.

Hava limanının binasına zərər dəydiyi də qeyd edilir.

Azərbaycan Naxçıvana "dron hücumunu qətiyyətlə pislədiyini" bəyan edib.

Nazirlik İranın Bakıdakı Səfiri Müctəba Dərmiçilunun Xarici İşlər Nazirliyinə çağırılaraq, etiraz notası təqdim ediləcəyini bildirib.

Rəsmi Tehran hadisəylə bağlı hələ ki, açıqlama verməyib.

Sosial mediada yayılan video görüntülərdə Naxçıvan hava limanının yaxınlığında partlayış olduğu görünür.

Video görüntülərdə əraziyə yanğınsöndürənlərin gəldiyi görünür.

ABŞ-İsrailin İranla müharibəsi 6-cı gündür ki, davam edir.

Naxçıvan hava limanına və uçuş-eniş zolağına zərər dəyib - media

Naxcivan

Şəklin mənbəyi, sosial media

Hadisə nəticəsində Naxçıvan hava limanının terminal binasına "ciddi zərər dəyib, dağıntılar qeydə alınıb", yerli media yazır.

Uçuş-eniş zolağına da zərər dəyib, APA-nın Naxçıvan müxbiri xəbər verib.

Müxbir deyib ki, "dronun qalıqları hava limanının uçuş-eniş zolağına düşüb, bir neçə yerdə asfalt örtüyü zədələyib".