Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar

İlham Əliyev və İbrahim Rəisi

Şəklin mənbəyi, Azertag

Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində mühafizə rəisi həlak olub, iki təhlükəsizlik əməkdaşı yaralanıb. Bir çox ölkə bu silahlı hücumu pisləyib. BBC News Azərbaycanca Tehranda baş verən hadisələrə reaksiyaları izləyib.

İran Prezidenti: "Hücumun miqyası müvafiq qurumlar tərəfindən araşdırılır"

Yanvarın 28-də İran Prezidenti İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edərək, Tehranda Azərbaycan səfirliyinin mühafizə rəisi Orxan Əsgərovun həlak olması ilə bağlı "Prezident İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb", Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş "terror aktını şiddətlə qınadığını" deyib.

İlham Əliyev "terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu" qeyd edib.

Azərbaycan Prezidenti "istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini" vurğulayıb, rəsmi Bakının məlumatında deyilib.

İranın rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, telefon danışığı zamanı İbrahim Rəsi İran və Azərbaycan arasında "dostluq və qardaşlıq münasibətlərinin ayrılmaz mədəni və tarixi bağlara" əsaslandığını qeyd edib.

Rəisinin sözlərinə görə, hücumun miqyası müvafiq qurumlar tərəfindən araşdırılır.

İran prezidenti bəyan edib ki, İran və Azərbaycan hökumətləri "iki ölkə arasındakı münasibətlərin düşmənlər tərəfindən korlanmasına imkan verməyəcəklər, İRNA bildirib.

İlham Əliyev və Isaac Herzog

Şəklin mənbəyi, Azertag

İsrail Prezidenti İlham Əliyevə zəng edib

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, İsrail Prezidenti Isaac Herzog Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş "terror aktını qınadığını" bildirib.

İsrail Prezidenti bunu yanvarın 28-də Prezident İlham Əliyevə zəng edərək telefon danışığı zamanı deyib, Azərbaycan Prezidentinin mətbuat xidmətinin

, Tehranda Azərbaycanın səfirliyinin mühafizə rəisi Orxan Əsgərovun həlak olması ilə əlaqədar "Azərbaycan Prezidentinə, mərhumun yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib."

İlham Əliyev İsraildə törədilən terror aktı ilə əlaqədar Prezident Isaac Herzog və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

Prezident İlham Əliyev bildirib ki, "terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir", rəsmi məlumatda deyilib.

Digər ölkələrdən reaksiyalar

Yanvarın 28-də Fransa Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

"Həlak olanların ailələrinə başsağlığı veririk, - Fransanın Xarici və Avropa İşləri Nazirliyinin saytında yayılan bəyanatda deyilir. - Diplomatik obyektləri və diplomatları hədəfləyən istənilən hücum qəbuledilməzdir".

Tehranda baş verən hücumu "qətiyyətlə pisləyən" Türkiyə Prezidenti Bakıya öz dəstəyini bildirib.

"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır", - Recep Tayyip Erdoğan Twitter hesabında yazıb.

Bundan əvvəl hücumla bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Erdoğan

Şəklin mənbəyi, AA

"Bu səhər Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Keçmişdə də analoji hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən bölüşür", - Türkiyə XİN-in saytındakı bəyanatda deyilir.

Sənəddə deyilir ki, hücumun təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi "böyük əhəmiyyət" kəsb edir.

Britaniyanın Azərbaycandakı səfiri İranda baş verən hadisənin "sarsıdıcı" olduğunu bildirir.

"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı.

Qətlə yetirilən şəxsin ailəsinə baş sağlığı verir, yaralılara şəfa diləyirəm", - Fergus Auld Twitter-də yazıb.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Avropa Şurasının Baş katibi Tehranda baş verən hücumla bağlı Azərbaycanla həmrəy olduğunu bildirib.

"Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir", - Mariya Peyçinoviç Buriç-ın bəyanatında deyilir.

Mariya Peyçinoviç Buriç

Şəklin mənbəyi, coe.int

Şəklin alt yazısı, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç

İsrail Xarici işlər Nazirliyinin sözçüsü Lior Haiat sosial media hesabında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş "dəhşətli hücumda" təhlükəsizlik rəisinin qətlə yetirilməsinin sarsıdıcı xəbər olduğunu yazıb.

"Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik", - Lior Haiat Twitter hesabında yazıb.

Mariya Zaxarova

Şəklin mənbəyi, RIA Novosti/Rusiya Xarici İşlər Nazirliyi

Şəklin alt yazısı, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

Cümə günü Moskva Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib. Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi öz Telegram kanalında yazıb.

"Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!" - Mariya Zaxarova yazıb. O, daha sonra nazirliyin bu məsələ ilə bağlı ətraflı şərh verəcəyini əlavə edib.

Rəsmi Tbilisi diplomatik nümayəndəliyə qarşı hər hansı "zorakılıq hərəkətinin tamamilə qəbuledilməz" olduğunu bildirib.

"Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik", - Gürcüstan XİN-i bildirib.

"Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir", - Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko bildirib.

O, "qurbanların yaxınlarına" başsağlığını bildirib.

"27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə diplomatik missiya üzvünün ölümü və daha iki işçinin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik, - Belarus Xarici İşlər Nazirliyi bəyan edib.

"Biz əminik ki, diplomatik nümayəndəliklərin və konsulluq idarələrinin əməkdaşlarına qarşı yönəlmiş bu cür hərəkətlərə haqq qazandırmaq olmaz", açıqlamada deyilir.