Öd kisəsi əməliyyatlarının artmasının səbəbi arıqlama iynələridir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Rachel Stonehouse
- Vəzifə, BBC
- Müəllif, Nathan Heath
- Vəzifə, BBC
- Oxuma vaxtı: 5 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Britaniyada mütəxəssis həkimlər arıqlama iynələri ilə öd kisəsi əməliyyatlarının artması arasında əlaqə olub-olmadığını öyrənmək üçün daha çox araşdırma aparmaq lazım olduğunu bildirirlər.
Britaniyanın Milli Sağlamlıq Xidmətlərinin (NHS) məlumatlarına görə, ölkədə 1 aprel 2024 – 31 mart 2025 dövrünü əhatə edən müddətdə öd kisəsi əməliyyatlarının sayı son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
İngilis Piylənmə və Metabolizma Mütəxəssisləri Dərnəyinin prezidenti Ahmed Ahmed, öd kisəsi əməliyyatlarının sayının artdığını, eyni zamanda "getdikcə daha çox" insanın ona arıqlama iynələrindən istifadə etdiyini söylədiyini bildirib.
Öd daşları bu iynələrin yayılmış yan təsirlərindən biridir.
Britaniyanın rəsmi tibbi lisenziyalaşdırma qurumu da bildirib ki, sözügedən iynələr "davamlı şəkildə araşdırılır".
"Daha çox araşdırmaya ehtiyac var"
Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi (MHRA) 29 yanvar tarixində Wegovy kimi GLP-1 tipli arıqlama iynələri ilə bağlı təlimatını yeniləyib; bu, adətən öd kisəsi daşları ilə əlaqəli olan kəskin pankreatit riski üzərindədir.
Mounjaro, Wegovy və Saxenda adlı arıqlama dərmanlarının istehsalçıları, xəstə təhlükəsizliyinin prioritet olduğunu və yan təsirlər barədə məlumatları diqqətlə izlədiklərini açıqlayıblar.
Məsləhətçi cərrah və mədə halqası (bandajı) əməliyyatları da edən Əhməd Əhməd isə bildirib: "Öd daşlarının arıqlama iynələrindən yaranıb-yaranmadığını, yoxsa iynələrin sürətli kilo itkisinə səbəb olaraq öd daşlarına gətirib çıxardığını bilmirik".
Bu sahədə daha çox araşdırmaya ehtiyac olduğu vurğulanıb.

"Ciddi şəkildə narahat oldum, həyatım üçün qorxudum"
London Collage Universitetinin tədqiqatçıları tərəfindən verilən son proqnozlara görə, Britaniyada təxminən 1,6 milyon yetkin insan keçən il ərzində arıqlama iynələrindən istifadə edib.
Bu şəxslərin əksəriyyəti öd daşı komplikasiyası olmadan müsbət təcrübələr yaşayıb.
Lakin Liverpul yaxınlığında, Merseyside-da yaşayan beş uşaq anası Syu Pikok ciddi narahatlıq yaşadıqdan sonra həyatından qorxduğunu bildirib.
Pikok həkimi ilə məsləhətləşdikdən sonra, ilkin olaraq Mounjaro istifadə etməyin "möhtəşəm" olduğunu düşündüyünü, lakin bir neçə həftə sonra öd kisəsində, xolesterol və sərt yığıntılar nəticəsində daşların əmələ gəldiyini müəyyən etdiklərini deyib.
Ona öd kisəsinin çıxarılması lazım olduğu bildirilsə də, Pikok əməliyyat olmadan öd daşları ölümcül ola bilən iltihablı bir xəstəlik olan pankreatitə səbəb olub.

"Ölürmüş kimi hiss edirdim. Həyatımda heç olmadığı qədər şiddətli ağrı var idi", - deyən Syu Pikok sözlərini belə davam etdirib:
"Nəfəs almaqda çətinlik çəkirdim. Həqiqətən bərk xəstə idim. Daş çıxarılmışdı".
Pikok arıqlama iynələrindən istifadə etmədən əvvəl heç bir sağlamlıq problemi olmadığını və bu qədər xəstələnməsinin iynələrdən qaynaqlana biləcəyini bildirib.
O, yaşadığı təcrübənin "həyatını dəyişdirdiyini" və uşaqlarının daim onun yenidən xəstələnəcəyindən qorxduqlarını əlavə edib:
"Ömrüm boyu təsiri olacaq. Bu vəziyyət bir növ sizə ölümlü olduğunuzu göstərir; ölümlülüyə fokuslanmağa məcbur edir".
Bir ildə 80 mindən çox öd kisəsi əməliyyatı
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Britaniyada istifadəsi təsdiqlənmiş ilk arıqlama dərmanı 2021-ci ildə Wegovy olmuşdur. Onu 2023-cü ildə Mounjaro izləyib.
Ölkədə bu dövrdə öd kisəsi əməliyyatları da artıb, getdikcə daha çox insanın öd kisəsi çıxarılıb.
1 aprel 2024 – 31 mart 2025 dövründə İngiltərədə NHS çərçivəsində 80,196 öd kisəsi əməliyyatı aparılıb.
1 aprel 2023 – 31 mart 2024 dövründə bu rəqəm 69,745 idi və 15 faizlik artımla son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
Arıqlama iynələri ilə bağlı broşürlərdə öd daşlarının (kolelitiazis) "yayılmış" yan təsir olduğu və tibbi sınaqlarda iynələrin bəzən öd kisəsi iltihabına da səbəb ola biləcəyi qeyd olunur. Məsələn, Mounjaro-da bu halın hər 100 nəfərdən birində baş verə biləcəyi bildirilib.
Sürətli kilo itkisi, ciddi pəhrizlər edən insanlar da daxil olmaqla – arıqlama iynələri istifadə edilmədən – öd daşlarına yol aça bilər.
NHS-ə görə, öd daşı riski qadınlar, 40 yaş üstü şəxslər və piylənmə problemi yaşayanlar arasında daha yüksəkdir.
Buna görə də Londonda yaşayan həkim Əhməd Əhməd bildirib ki, əməliyyatlarda artımın səbəbini daha çox araşdırma aparılmadan tam dəqiq bilmək çətindir.

Doktor Əhməd arıqlama iynələri ilə iştahın azaldıldığı bariatrik cərrahiyə (piylənmə cərrahiyyəsi) ilə müqayisə ediləcək bir araşdırma aparılmasını təklif edib.
O bildirib ki, bu tədqiqat hansı metodun klinik olaraq daha effektiv və daha aşağı xərc tələb etdiyini müəyyənləşdirməyə kömək edəcək.

Bristol-da piylənmə və bariatrik cərrahiyyə üzrə mütəxəssis cərrah olan Ceyms Heves arıqlama iynələrinin "piylənmə ilə yaşayan insanları idarəetmə üsulumuzu dəyişdirdiyini" qəbul edib.
Lakin Əhməd kimi o da uzunmüddətli təsirlər barədə daha çox araşdırma aparılmasını istəyir.
Heves bildirib: "Öd kisəsi daşı səbəbi ilə əməliyyat üçün bizə müraciət edən daha çox xəstə görürük" və əlavə edib:
"Çox vaxt bunun arıqlama iynələri ilə bağlı olub-olmadığını, yoxsa əvvəldən mövcud olub düzgün qiymətləndirilmədiyini bilmək çətindir."

Buna baxmayaraq, bir çox insan üçün arıqlama iynələrinin nəticələri müsbət olub.
Bristol-dan 67 yaşlı nənə və üç uşaq atası Stiv O'Farrell yetkin həyatında çəkisi ilə mübarizə apardığını və Mounjaro-nun qalıcı fərq yaradan yeganə müalicə üsulu olduğunu bildirib.
O əlavə edib ki, Mounjaro ilə "demək olar ki, dərhal kilo verib" və indiyə qədər 34 kilodan çox arıqlayıb, daha enerjili olub və illər sonra ilk dəfə idman edə bilib.
O, Mounjaro-nu aptekdən sifariş etməzdən əvvəl çox araşdırma apardığını, lakin öd daşı əmələ gəlməsi kimi risklərin qəbul edilməyə dəyər olduğunu da vurğulayıb:
"Bu işə gözünüzü yumaraq daxil ola bilməzsiniz. Əyər-əskiklərini görməlisiniz. Bu qərar sizə bağlıdır və qəbul edək ki, kilo verəcəksinizsə, öd kisənizin çıxarılması kiçik bir qiymətdir".
NHS rəsmiləri isə bildiriblər ki, öd kisəsinin çıxarılması yayılmış və təhlükəsiz bir prosedurdur, lakin hər əməliyyatda olduğu kimi qan laxtalanması və ya infeksiya kimi risklər mövcuddur.

Heves isə arıqlama dərmanlarını istifadə etməyi düşünən və öd kisəsi daşı riskini azaltmaq üçün nələr edilə biləcəyini öyrənmək istəyənlər üçün bunları söylədi:
"Daha yavaş və nəzarətli şəkildə kilo vermək, ehtimal ki, öd daşı əmələ gəlmə riskini azaldacaq".
BBC ilə danışan hər iki cərrah da xəstələrin dərmanların faydaları və riskləri barədə sağlamlıq mütəxəssisləri ilə danışmasının vacib olduğu mövzusunda razılığa gəldi.
Mounjaro-nun istehsalçısı Eli Lili və Wegovy ilə Saxenda-nın istehsalçısı Novo Nordisk yan təsir yaşayan hər kəsin həkim və ya sağlamlıq mütəxəssisi ilə danışmalı olduğunu bildirib.
Novo Nordisk həmçinin əlavə edib ki, yan təsir yaşayan hər kəsin bunu səhiyyə təminatçısına və MHRA-nın təhlükəsizlik məsələlərini ən qısa zamanda aşkar etməsinə kömək etmək üçün hazırlanmış Sarı Kart proqramına bildirməsi tövsiyə olunur.



























