Böyrək daşlarına səbəb ola bilən təəccüblü qidalar

Bir qabsa ispanaq

Şəklin mənbəyi, Natasha Breen/REDA/Universal Images Group via Getty Images

Böyrək daşları Böyük Britaniyada yetkin insanların 10 faizindən çoxunda rast gəlinir, olduqca ağrılı ola bilər və bəzən infeksiya və ya böyrək funksiyasının zəifləməsinə səbəb olur.

Böyrək daşlarının yaranmasının bir çox səbəbi var — genetik meyillikdən tutmuş bəzi dərmanlara qədər. Lakin tədqiqatlar göstərir ki, yeyib-içdikləriniz də bu vəziyyətə təsir edə bilər.

Bu o deməkdir ki, böyrək daşı əmələ gəlməyə meylli olan insanlar düzgün qidalanma vasitəsilə xəstəliyin təkrarlanmasının qarşısını ala bilərlər.

Böyrək daşınızın olduğunu necə bilmək olar?

"Böyrək daşı olan insanların çoxu bunu fərq etmir," — deyə Birmingham Universitet Xəstəxanaları Fondunun uroloji cərrahı, doktor Ivo Dukic izah edir.

"Kiçik daşlar böyrəkdə sakitcə qala bilər və heç bir əlamət verməyə bilər."

Həkimlər bu "səssiz daşları" çox vaxt başqa səbəblərlə edilən ultrasəs və ya KT müayinələri zamanı təsadüfən aşkar edirlər.

"Zaman keçdikcə bəzi daşlar böyüyür və ya hərəkət edir, nəticədə böyrək nahiyəsində kəskin ağrı, sidikdə qan və ya təkrarlanan sidik yolu infeksiyaları kimi klassik simptomlar yaranır," — deyə Dukic bildirir.

Ağrı "adətən qarının ön hissəsinə doğru yayılır və sidiyə getmə tezliyinin artması, tualetə tələsik getmə istəyi ilə müşahidə olunur. [Tibbi] müalicə yalnız daşlar böyüdükdə, ağrıya və ya sidik yolu infeksiyalarına səbəb olduqda, yaxud böyrəyin drenaj sistemini bağlayaraq onun fəaliyyətini risk altına qoyduqda tələb olunur."

Əsas dəyişiklik nədədir?

"Böyrək daşlarının yaranmasının əsas risk amili kifayət qədər su və maye qəbul etməməkdir," — deyə Dukic qeyd edir.

Əslində, gündə nə qədər az su içsəniz, böyrək daşı əmələ gəlmə ehtimalınız bir o qədər yüksəkdir.

Dukic izah edir ki, böyrək daşı əmələ gəlməyə meylli insanlar hər gün 2–2,5 litr su içməlidirlər. Bu miqdara digər içkilər və qidalardan alınan maye daxil deyil.

Azaldılması faydalı ola biləcək qidalar

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

"Mütəxəssislər və tədqiqatlar müxtəlif növ daşların hansı qidalardan əmələ gəlməsi ilə bağlı tam razılığa gəlməyiblər və fərqli pəhrizlərin böyrək daşlarına təsirini araşdıran çox az sayda təsadüfi nəzarətli tədqiqat var," – deyə Dukic bildirir.

Lakin bəzi qidaların sidiyin tərkibini dəyişdirdiyi, daş əmələ gətirən mineralların miqdarını artırdığı və ya daşların yaranmasının qarşısını alan maddələrin səviyyəsini azaltdığı məlumdur.

Bu səbəbdən, müəyyən qidaları çox miqdarda və mütəmadi şəkildə yemək böyrək daşı yaranma riskini artıra bilər.

Yüksək oksalat tərkibli qidalar

"Böyrək daşlarının ən çox rast gəlinən növü kalsium oksalat daşlarıdır. Bu daşlara meylli olan insanlar üçün oksalatla zəngin qidaların – bitkilərdə təbii şəkildə olan bir birləşmənin – qəbulunu azaltmaq vacibdir. Yüksək oksalat tərkibli qidalara ispanaq, rəvənd, badam və bəzi digər qoz-fındıq növləri, bəzi növ kartoflar və paxlalılar daxildir."

Dukic deyir ki, bu tip daşlardan əziyyət çəkirsinizsə, gündəlik oksalat qəbulunu 100 mq-dan aşağı saxlamaq faydalıdır.

Duzla zəngin qidalar

"Yüksək duzlu qidalanma – yəni gündə 6 qramdan çox duz qəbul etmək – əsas risk faktorlarından biridir."

Bu, duzun çox miqdarda natrium ehtiva etməsi ilə bağlıdır. Artıq natrium böyrəklərin sidik vasitəsilə daha çox kalsium ifraz etməsinə səbəb olur.

"Sidikdə kalsiumun bu cür yüksək konsentrasiyası kalsium əsaslı daşların əmələ gəlməsi riskini əhəmiyyətli dərəcədə artırır," – deyə Dukic bildirir.

Bu səbəbdən emal olunmuş və fast-food qidaları nəzarətdə saxlamaq çox vacibdir: "Konservləşdirilmiş şorbalar və qurudulmuş ətlər çox vaxt natriumla doludur."

Ev şəraitində şorba bişirmək isə duz miqdarına nəzarət etməyə imkan verir.

Heyvani zülalla zəngin pəhriz

"Çoxlu miqdarda heyvani zülal qəbul etmək həm kalsium, həm də sidik turşusu daşlarının riskini artırır. Bu, sidikdə həm kalsium, həm də sidik turşusunun səviyyəsini yüksəldir, eyni zamanda daşların yaranmasının qarşısını alan sitrat maddəsinin səviyyəsini azaldır."

Bu, bütün heyvani zülal növlərinə aiddir — qırmızı ət, quş əti, yumurta və balıq. Dukic məsləhət görür ki, böyrək daşı problemi olanlar gündəlik heyvani zülal qəbulunu 40–50 qram səviyyəsində saxlamağa çalışsınlar.

Böyrəkləri qoruya bilən qidalar

Kalsiumla zəngin qidalar

Çünki daşların əksəriyyəti kalsiumdan ibarətdir, bu, çoxlarını çaşdırır: "Bəs, çox kalsium qəbul etmək lazımdırmı?"

"İnsanlar düşünür ki, kalsiumdan uzaq durmaq lazımdır, amma əslində əksinədir — kalsium qoruyucu rol oynayır," – deyə Dukic izah edir.

Kalsium oksalatın qanda sorulmasının və sidiyə keçməsinin qarşısını alır.

"Ən yaxşısı kalsiumu qidalar vasitəsilə (məsələn, süd məhsulları və ya kalsiumla zənginləşdirilmiş qidalar) almaqdır. Çünki düzgün şəkildə, yeməklə birlikdə qəbul edilmədikdə kalsium əlavələri daş riskini artıra bilər."

Meyvə və tərəvəzlər

"Bol meyvə və liflə zəngin pəhriz böyrək daşları səbəbindən xəstəxanaya düşmə riskini azaldır. Ümumilikdə gündə beş porsiya meyvə və tərəvəz qəbul etmək tövsiyə olunur."

Həmçinin, yeməklərə və içkilərə limon və ya laym şirəsi əlavə etmək də faydalı hesab olunur, çünki bu meyvələrdə daş əmələ gəlməsinin qarşısını alan təbii sitrat var.

Britaniya Səhiyyə Xidməti tövsiyə edir ki, hər litr suya 60 ml limon və ya laym şirəsi əlavə edilsin.

Kişilər xüsusilə diqqətli olmalıdırmı?

"Kişilərin həyatları boyu böyrək daşı əmələ gəlmə ehtimalı qadınlara nisbətən iki-üç dəfə daha çoxdur," – deyə Dukic bildirir.

"Kişilər adətən daha çox heyvani zülal və duz qəbul edirlər. Lakin onların riskinin artması təkcə qidalanma ilə deyil, bioloji və genetik amillərlə də əlaqəlidir.

"Kişilərdə piylənmə və diabet kimi maddələr mübadiləsi pozğunluqları daha erkən yaşlarda inkişaf edir və bu da onların sidiklə daha çox kalsium və oksalat ifraz etməsinə səbəb olur."

Dukic əlavə edir: "Bütün cinslər üçün böyrək daşlarına qarşı ən yaxşı müdafiə — tarazlaşdırılmış qidalanma və bol maye qəbuludur."

Qeyd: Bu məqalə tibbi diaqnoz və ya həkim və dietoloq tərəfindən verilən qidalanma məsləhətini əvəz etmir. Xüsusi vəziyyətinizlə bağlı fərdi dəstək və tövsiyə almaq üçün ailə həkiminizlə əlaqə saxlayın.