Epstein kimdir? – 6 suala cavabda

Şəklin mənbəyi, US Department of Justice
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
ABŞ Ədliyyə Nazirliyi Jeffrey Epstein-lə bağlı yeni sənədlər açıqlayandan sonra onun adı ətrafında müzakiələr yenidən başlayıb.
Jeffrey Epstein kim idi? Yayımlanan yazışmalarda kimin adı keçir? Azərbaycanın adı Epstein-in yazışmalarına necə düşüb?
BBC Azərbaycanca bu və digər suallara cavabları bir araya toplayıb.
1. Jeffrey Epstein kim idi?
Jeffrey Epstein ABŞ-da maliyyəçi kimi tanınırdı və uzun illər varlı və nüfuzlu dairələrlə əlaqələri ilə gündəmə gəlmişdi.
Onun adı daha çox azyaşlıların cinsi istismarı ilə bağlı cinayət işi və sonrakı araşdırmalar çərçivəsində hallandırılırdı.
O, 2019 cu ildə seks ticarəti ittihamı ilə həbs olunmuşdu.
Epstein Nyu Yorkda doğulub-böyümüşdü.
1970-ci illərin ortalarında özəl Dalton məktəbində riyaziyyat və fizika müəllimliyi edib.
Universitetdə bu sahə üzrə oxusa da, məzun olmamışdı.
Deyilənlərə görə, şagirdlərindən birinin atası Epstein-i o qədər bəyənir ki, onu şəriki olduğu bir investisiya bankının rəhbəri ilə tanış edir. O, dörd ilin içində bankın şəriki ola bilib. 1982-ci ildə isə J Epstein and Co adlı şirkətini qurdu.
2. Epstein necə ölüb?

Şəklin mənbəyi, Reuters
Epstein 10 avqust 2019 cu ildə Nyu Yorkdakı həbsxanada ölü tapılıb.
BBC Verify-in araşdırdığı yeni yayımlanmış FBI sənədlərinə görə, o, kamerada huşsuz vəziyyətdə aşkar edildikdən sonra xəstəxanaya aparılıb və orada öldüyü təsdiqlənib. Sənədlərdə onun boyun nahiyəsində zədələr olduğu göstərilir.
Rəsmi qərar onun intihar etməsi yönündədir.
3. 2026-cı ildə yayımlanan "Epstein faylları" nəyi göstərir?

Şəklin mənbəyi, ABŞ Ədliyyə Nazirliyi
2026 cı ilin yanvarında ABŞ Ədliyyə Nazirliyi milyonlarla sənədi, o cümlədən fotoşəkilləri, videoları və daxili yazışmaları açıqladı: 3 milyon səhifə, 180 min şəkil və 2 min video "Epstein kitabxanası"nda yerləşdirilib.
BBC Verify bu sənədləri araşdıraraq Epstein-in ölüm anına dair yeni fotolar, detallar və FBI-un daxili yazışmalarını üzə çıxardıb.
Fayllarda Epstein-in şəxsi e-mail yazışmaları, mesajları, məhkəmə materialları, zərərçəkmiş ifadələri, xəbər bülletenləri var.
4. Bu sənədlərdə kimlərin adı keçir?
BBC analizinə görə, yayımlanan sənədlərdə dünya miqyasında məşhur və nüfuzlu şəxslərin adları müxtəlif kontekstlərdə yer alır, lakin sənədlərdə adlarının çəkilməsi onların hər hansı qanunsuzluqda iştirak etdiyini göstərmir.
Siyahıda biznes liderləri, siyasətçilər və ictimai fiqurların adı keçsə də, çoxu hər hansı yanlışlıq etdiyini təkzib edir.
5. Bu sənədlərdə Azərbaycanın adı niyə keçir?
Yeni açıqlanan "Epstein sənədləri"ndə Azərbaycanın adı əsasən Epstein in BƏƏ-li iş adamı Sultan Əhməd bin Sulayemlə yazışmalarında keçir.
Sulayem 2011–2015-ci illərdə Bakıda olduğunu bildirir, şəhəri tərifləyir və Epstein i Bakıya səfərə dəvət edir.
Sənədlərdə, həmçinin 2014-cü ildə ABŞ Konqresi nümayəndə heyətinin Azərbaycana planlaşdırılan səfəri barədə məktublar da yer alır. Bu yazışmalar Epstein in geniş beynəlxalq əlaqələrindən xəbər verir və hər hansı cinayət şübhəsi yaratmır.
Ətraflı burada oxuyun: "Epstein işi": Yeni açıqlanan sənədlərdə Azərbaycanın da adı keçir
6. Epstein işi niyə hələ də böyük rezonans doğurur?
Epsteinlə bağlı materiallar açıqlanandan sonra Epstein-lə yaxın əlaqəsi olan bəzi siyasətçilər öz vəzifələrindən istefa verməli olublar.
Britaniya Kral ailəsinin üzvü Andrew Mountbatten-Windsor Epstein-lə əlaqələrinə görə və cinsi təcavüz ittihamları ilə üzləşəndən sonra, 2025-ci ildə şahzadə titulunu itirib. O, cinsi təcavüz ittihamını rədd edib.
Keçmiş Prezident Bill Clinton və xanımı, keçmiş dövlər katibi Hillari Clinton Konqresdə ifadə verəcəklər.
Britaniyanın ABŞ-dakı səfiri Peter Mandelson Epstein-lə əlaqələrinə görə vəzifəsindən geri çağrıldı və Baş nazir Starmer bu təyinata görə üzr istədi.
Epstein-in həm ölüm şəraiti, həm də fayllarda ortaya çıxan geniş əlaqələr şəbəkəsi ictimaiyyətin güc strukturlarına inamını sual altına qoyub.
BBC Verify-in yeni materialları (o cümlədən tibbi müayinələr, daxili sənədlər və görüntülər) işin hələ də tam başa çatmadığını və ictimaiyyət üçün cavabsız sualların qaldığını göstərir.


























