Qan təzyiqinə qarşı dərman "axşam yuxusundan əvvəl qəbul edilərsə" daha təsirli olar

clock and pills

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Michelle Roberts
    • Vəzifə, BBC News online

Gündəlik təzyiqinizi yaxşılaşdıran dərmanlardan maksimum fayda əldə etmək üçün, onları yatmazdan əvvəl qəbul edin, tədqiqatçılar deyir.

European Heart Journal nəşrinə görə, bu, insanların həyatını xilas edə biləcək sadə bir qaydadır.

Keçirilmiş bir araşdırmaya əsasən, həblər səhər vaxtındansa yatmaq vaxtına yaxın zaman qəbul edilərkən infarkt və insultdan daha yaxşı müdafiə edir.

Mütəxəssislər bədənimizin bioloji "saatının" dərmanın təsirini dəyişdirə bildiyini zənn edirlər.

Həbləri bədən saatınıza uyğunlaşdırın

Müxtəlif dərmanların, o cümlədən ürək həblərinin günün müəyyən vaxtlarında qəbul edildikdə daha yaxşı işləyə biləcəyinə dair sübutlar mövcuddur.

Yüksək təzyiqə qarşı həblərin təsiri 19 mindən çox insan üzərində yoxlanışdan keçirilib.

İspaniyada keçirilmiş araşdırmada:

  • Xəstələr iki qrupa ayrılıb - bir qrup həbi səhər qəbul edib, digər qrup isə yataqda qəbul edib.
  • Tədqiqatçılar növbəti beş və ya daha çox il ərzində xəstələri nəzarət altında saxlayıblar.
  • Dərmanı axşamlar qəbul edən xəstələrin infarkt, insult və ya ürək çatışmazlığından ölmək riski yarıbayarı azalıb.
pill box

Şəklin mənbəyi, Getty Images

İnsanın istirahət etdiyi və yuxuladığı gecə vaxtı qan təzyiqi təbii sürətdə düşməlidir.

Ekspertlərə görə, əgər bu baş vermirsə və təzyiq yüksək qalırsa, bu hal insanda infarkt və insult riskinin artmasına gətirib çıxara bilər.

Tədqiqatın nəticələrinə görə, axşam saatlarında dərmanın qəbul edilməsi yüksək təzyiq diaqnozlu xəstələrdə gecələr qan təzyiqini nəzarətdə saxlamağa imkan verir.

Tədqiqat zamanı gecə yuxusundan əvvəl dərman qəbul edən xəstələrin qan təzyiqi dərmanı səhərlər qəbul edənlərlə müqayisədə nəticədə daha aşağı olub.

Vigo Universitetindən olan aparıcı tədqiqatçı, professor Ramon Hermida həkimlərin xəstələrə bu qaydanı tövsiyə edə biləcəklərini qeyd edib: "Bu, tamamilə pulsuzdur. Çox sayda insanın həyatını xilas edə bilər".

O qeyd edib ki, bu nəticənin müxatəlif qrup xəstələr və müxtəlif növ qan təzyiqi əleyhinə dərmanlara şamil ediləcəyini yoxlamaq üçün növbəti tədqiqatlar keçirilməlidir.

Britaniya Ürək Fondundan Vanessa Smith bu məqsədlə tədqiqatların "müxtəlif etnik qruplar və müxtəlif iş rejimində işləyən insanlar arasında da keçirilməsinin" vacibliyini qeyd edib.

"Hazırda qan təzyiqi dərmanı qəbul edirsinizsə, qərmanı qəbul etdiyiniz vaxtı dəyişdirməzdən əvvəl həkiminizdən məsləhət almaq vacibdir. Həkimin səhər və ya gecə dərman təyin etməsinin xüsusi səbəbləri ola bilər", - o deyib.

Qan təzyiqinə həyat tərzi də təsir göstərə bilər, odur ki aşağıdakılardan çəkinmək lazımdır:

  • Çox alkoqol qəbul etmək
  • Siqaret çəkmək
  • Artıq çəki yığmaq
  • Yetərincə məşq etməmək
  • Həddən artıq duz yemək