Menopauza zamanı beyində baş verən dəyişikliklər Altsheymer xəstəliyini xatırladır - alimlər

menopauza

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Michelle Roberts
    • Vəzifə, BBC
  • Oxuma vaxtı: 3 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Britaniyalı alimlər müəyyən ediblər ki, menopauza Altsheymer xəstəliyində beyində müşahidə olunan dəyişikliklərə bənzər proseslərlə əlaqəlidir.

Araşdırma yaddaş və emosiyalara cavabdeh olan əsas beyin sahələrində boz maddənin həcminin azalmasını göstərib.

Bu isə qadınların demensiyaya niyə daha həssas olduqlarını qismən izah edə bilər.

Nəticələr təxminən 125 min qadının məlumatlarına əsaslanır. Onlardan təxminən 11 mini beynin MRT müayinəsindən keçib.

Psychological Medicine jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, hormon əvəzedici terapiyanın (HƏT) istifadəsi boz maddənin itirilməsinin qarşısını almır.

Kembric Universitetindən professor, tədqiqatın aparıcı müəllifi Barbara Saakyan bildirir ki, menopauza zamanı baş verən dəyişikliklər məhz Altsheymer xəstəliyində adətən zədələnən beyin sahələrində müşahidə olunur.

"Menopauza bu qadınları gələcəkdə daha həssas hala sala bilər. Bu, yeganə izah olmasa da, qadınlarda demensiya hallarının kişilərlə müqayisədə demək olar ki, iki dəfə çox olmasını anlamağa kömək edə bilər", - deyə o bildirir.

Dəyişikliklərin baş verdiyi beyin sahələri:

  • Hippokamp - öyrənmə və yaddaşda əsas rol oynayan sahə;
  • Entorinal korteks - xatirələrin formalaşması və məkan üzrə istiqamətlənmə üçün vacib olan sahə;
  • Ön singulyar korteks - diqqətin cəmlənməsinə və emosiyaların tənzimlənməsinə kömək edən sahə.

Ağ və boz maddə beyin və onurğa beyninin ən vacib tərkib hissələridir. Boz maddə neyronlardan və onların qonşu neyronlarla əlaqəni təmin edən qısa çıxıntıları olan dendritlərdən ibarətdir.

Ağ maddə neyronların impulsları beyin və onurğa beyninin daha uzaq sahələrinə ötürən uzun çıxıntıları - aksonlardan ibarətdir.

Kömək istəməkdən çəkinməyə ehtiyac yoxdur

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) menopauza əlamətlərinin, məsələn, yuxu pozğunluqları və istilik basmaları - müalicəsi üçün hormon əvəzedici terapiyanı (HƏT) tövsiyə edir.

Lakin tədqiqatçıların sözlərinə görə, menopauzanın və HƏT-nin beyin, yaddaş və əhval-ruhiyyəyə necə təsir göstərdiyi hələ də kifayət qədər öyrənilməyib.

Araşdırma göstərib ki, hamiləlik əleyhinə dərmanlar qəbul edən qadınlar psixi sağlamlığın pisləşməsi ilə daha tez-tez üzləşiblər. Bununla belə, onların bir çoxunda psixi sağlamlıqla bağlı problemlər terapiyaya başlamazdan əvvəl də mövcud olub.

Tədqiqatın həmmüəllifi, doktor Kristel Lenglinin sözlərinə görə, menopauza zamanı müxtəlif çətinliklərin yarana biləcəyini qəbul etmək vacibdir.

"Hamımız menopauza dövründə olan qadınların təkcə fiziki vəziyyətinə deyil, həm də psixi sağlamlığına daha diqqətli yanaşmalıyıq. İnsanın yaşadıqlarını başqaları ilə bölüşməsində və kömək istəməsində heç bir utanılacaq hal olmamalıdır", - deyə o vurğulayır.

London İmperial Kollecinin hormonlar üzrə mütəxəssisi, professor Çanna N. Ceyasena qeyd edir ki, menopauza dövründə hormon əvəzedici terapiyanın (HƏT) beyin sağlamlığına təsiri hələ də mübahisəli mövzu olaraq qalır. Onun sözlərinə görə, Women's Health Initiative kimi köhnə klinik tədqiqatlar bu suala birmənalı cavab verə bilməyib.

"İstənilən halda, bu, Böyük Britaniyada milyonlarla qadının qarşılaşdığı vacib bir problemdir və gələcəkdə daha ciddi diqqətə layiqdir", - deyə o bildirir.

Britaniyanın xeyriyyə təşkilatı olan «Alzheimer Cəmiyyəti»ndən Mişel Dayson deyir ki, Böyük Britaniyada Altsheymer xəstəliyi olan insanların təxminən üçdə ikisi qadınlardır.

"Qadınların niyə kişilərlə müqayisədə bu xəstəliyə daha çox meyilli olduğunu hələ tam başa düşmürük, lakin hesab olunur ki, hormonlar burada rol oynaya bilər", - deyə o qeyd edir.

"Bu genişmiqyaslı tədqiqat menopauzanın beyinə təsiri ilə bağlı mövcud məlumatları tamamlayır, o cümlədən beynin həcminin azalması kimi fiziki dəyişiklikləri.

Lakin menopauza ilə əlaqəli beyin dəyişikliklərinin həqiqətən demensiya riskini artırdığından əmin olmaq üçün iştirakçılar üzərində uzunmüddətli müşahidələr aparılmalıdır, yəni onlarda sonradan demensiya inkişaf edib-etməyəcəyini müəyyən etmək lazımdır."

Demensiya riskini azaltmaq üçün Mişel Dayson hərəkətli həyat tərzi sürməyi, siqaretdən imtina etməyi və alkoqol qəbulunu məhdudlaşdırmağı tövsiyə edir.