Casuslar, dronlar və qaynaq aparatları: ABŞ qüvvələri Maduro-nu necə ələ keçirdi?

Maduro

Şəklin mənbəyi, Donald Trump / Truth Social

    • Müəllif, Gareth Evans
    • Məkan, Washington

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Amerikalı casuslar aylarla Venesuela Prezidenti Nikolas Maduro-nun hər bir addımını izləyib.

Venesuela hökumətinin daxilindən olan bir mənbənin də daxil olduğu kiçik bir qrup, 63 yaşlı Maduro-nun harada yatdığını, nə yediyini, nə geyindiyini və hətta yüksək rütbəli hərbi mənbələrə görə onun "ev heyvanlarını" belə müşahidə edirdi.

Daha sonra, dekabr ayının əvvəlində "Mütləq Qətiyyət Əməliyyatı" adlandırılan planlı əməliyyatın son hazırlıqları görüldü.

Bu, aylarla davam edən diqqətli planlaşdırma və təlimlərin nəticəsi idi. Hətta ABŞ-ın elit hərbi birlikləri, Maduro-nun Karakasdakı mühafizə olunan evinə giriş marşrutlarını məşq etmək üçün həmin evin tam ölçülü bir surətini belə yaratmışdılar.

Soyuq Müharibədən bəri görünməmiş fövqəladə bir ABŞ hərbi müdaxiləsi mənasına gələn bu plan son dərəcə gizli saxlanılmışdı. Konqres əvvəlcədən məlumatlandırılmamış, onun fikri soruşulmamışdı.

Təfərrüatlar dəqiqləşdirildikdən sonra, yüksək rütbəli hərbi rəsmilərə, sadəcə, hərəkətə keçmək üçün ən uyğun şəraiti gözləmək qalırdı.

Rəsmilər yanvarın 3-də verdikləri açıqlamada sürpriz amilini maksimum səviyyəyə çatdırmaq istədiklərini bildirdilər.

Dörd gün əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənmiş ilk əməliyyat da hava şəraiti səbəbindən təxirə salınmışdı.

ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmisi general Dan Caine bildirib ki, Milad və Yeni il bayramlarında hərbi personal "əmrin icrasını səbirlə gözləyirdilər".

"Uğurlar və Tanrı yardımçınız olsun"

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Trampın əməliyyata başlama əmri, nəhayət cümə günü yerli vaxtla saat 22:46-da verildi.

Tramp gecə keçirilən reyddən bir neçə saat sonra, şənbə günü Fox & Friends proqramına verdiyi açıqlamada belə dedi:

"Bunu dörd gün əvvəl, üç gün əvvəl, iki gün əvvəl edəcəkdik, amma sonra birdən fürsət yarandı. Biz də "Başlayın" dedik".

General Caine isə bildirib: "O bizə "uğurlar və Tanrı yardımçınız olsun" dedi və biz buna görə minnətdar olduq".

Trampın əmri Karakasda gecə yarısına az qalmış verildi və bu, ordunun gecənin böyük hissəsini qaranlıqdan istifadə edərək hərəkət etməsinə imkan verdi.

Bundan sonra həyata keçirilən iki saat iyirmi dəqiqəlik hava, quru və dəniz əməliyyatı Vaşinqtonda və dünyanın dörd bir yanında çoxlarını heyrətə saldı.

Əməliyyat miqyasına və dəqiqliyinə görə, demək olar ki, misilsiz idi. Hadisə dərhal bir çox regional güc tərəfindən pisləndi.

Braziliya Prezidenti Lula da Silva Venesuela liderinin zor gücü ilə ələ keçirilməsinin "bütün beynəlxalq ictimaiyyət üçün son dərəcə təhlükəli yeni bir presedent yaratdığını" bildirdi.

Tramp əməliyyatı Ağ Evdəki xüsusi otaqdan izləmədi.

Bunun əvəzinə o, Florida ştatının Palm-Biç şəhərində yerləşən Mar-a-Lago klubunda məsləhətçiləri ilə birlikdə idi və əməliyyatın canlı yayımını MKİ direktoru John Ratcliffe və ABŞ dövlət katibi Marco Rubio-nun müşayiəti ilə izləyirdi.

Tramp şənbə günü verdiyi açıqlamada belə dedi: "Bunu görmək inanılmaz idi. Əgər baş verənləri görsəydiniz… mən sözün əsl mənasında bir televiziya proqramına baxırmış kimi izlədim. Sürəti, şiddəti görsəydiniz… bu, inanılmaz idi. Bu insanların gördüyü iş həqiqətən möhtəşəm idi".

John Ratcliffe, Donald Trump və Marco Rubio

Şəklin mənbəyi, Donald Trump / TruthSocial

Şəklin alt yazısı, Tramp əməliyyatı Florida ştatındakı evindən canlı yayım vasitəsilə izləyib

Trampın Maduro-nu "narkotik qaçaqmalçılığı və narko-terror"da ittiham etməsindən və bölgədə narkotik daşınmasında istifadə edildiyi iddia olunan onlarla kiçik qayığın məhv edilməsindən sonra son aylarda regiona böyük hərbi qüvvə yerləşdirilmişdi.

Minlərlə əsgər, bir aviadaşıyıcı gəmi və onlarla döyüş gəmisindən ibarət bu qüvvə, bölgədə son onilliklərdə həyata keçirilən ən böyük hərbi yığınağa çevrilmişdi.

Lakin "Mütləq Qətiyyət Əməliyyatı"nın ilk əlamətləri səmada müşahidə olundu.

ABŞ rəsmilərinin bildirdiyinə görə, gecə ərzində bombardmançı təyyarələr, qırıcılar və kəşfiyyat təyyarələri də daxil olmaqla 150-dən çox hava nəqliyyatı əməliyyatda iştirak edib.

Tramp Fox News kanalına verdiyi açıqlamada bildirib:

"Bütün manevrlər, enişlər, təyyarələrin sayı çox mürəkkəb idi – son dərəcə mürəkkəb. Hər ehtimal olunan ssenari üçün bir döyüş təyyarəmiz vardı".

Karakasda yerli vaxtla təxminən saat 02:00-da (Bakı vaxtilə saat 11-də) güclü partlayış səsləri eşidildi və şəhərin üzərində tüstü buludlarının yüksəldiyi göründü.

BBC müxbiri Ana Vanessa Errero deyib: "Çox güclü bir səs, şiddətli bir partlayış eşitdim. Bütün pəncərələr titrədi. Dərhal ardından demək olar ki, bütün mənzərəni örtən böyük bir tüstü buludu gördüm. Şəhərin hər yerində təyyarələr və helikopterlər uçurdu".

Qısa müddət sonra səmada çoxsaylı təyyarələri göstərən videolar və partlayışlardan sonra yaranan mənzərəni əks etdirən digər görüntülər sosial şəbəkələrdə sürətlə yayılmağa başladı.

Videolardan birində Karakas üzərində alçaq hündürlükdə uçan helikopter konvoyunun üzərində partlayışlardan qalxan tüstü sütunları görünürdü.

Hadisənin şahidi olan Daniela BBC-yə açıqlamasında bildirib: "Təxminən saat 01:55-də partlayışların səsi və Karakas üzərində uçan təyyarələrin uğultusu ilə oyandıq. Hər yer tam qaranlığa bürünmüşdü, yalnız yaxınlıqdakı partlayışların işığı görünürdü".

Daniela əlavə edib ki,"Qonşular binanın ümumi çat qrupunda mesajlaşırdılar, hamı nə baş verdiyini bilmirdi və partlayışlardan qorxmuşdu".

BBC-nin BBC Verify bölməsi Karakas ətrafında baş verən partlayışları, yanğınları və tüstünü göstərən bir sıra videoları təhlil edərək hədəfə alınan məkanları dəqiqləşdirib.

İndiyədək Generalissimo Francisco de Miranda Hərbi Hava Bazası, La Carlota kimi tanınan hava limanı və Karakasın Karib dənizinə çıxışındakı əsas qapı olan Port La Guaira da daxil olmaqla beş obyektin vurulduğu təsdiqlənib.

Rəsmilər ABŞ hücumlarının bir hissəsinin hava hücumundan müdafiə sistemlərini və digər hərbi hədəfləri nişan aldığını bildirib.

Maduro

Şəklin mənbəyi, Reuters

Tramp həmçinin əməliyyat başlamazdan əvvəl Karakasda elektrik enerjisinin kəsildiyini deyib, lakin bunun necə həyata keçirildiyini açıqlamayıb.

"Bizim malik olduğumuz müəyyən bir təcrübə sayəsində Karakasın işıqları bir çox yerdə söndürüldü," – deyə Tramp bildirib.

"Qaranlıq və ölümcül idi," – deyə o əlavə edib.

"Gəldiyimizi bilirdilər"

Karakas hücum səsləri ilə əks-səda verərkən, ABŞ qüvvələri şəhərə daxil oldu.

BBC-nin ABŞ-dakı tərəfdaşı CBS-in müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara görə, bu qüvvələrin tərkibində ABŞ ordusunun ən yüksək səviyyəli xüsusi əməliyyat bölməsi olan Delta Force-un seçilmiş üzvləri də var idi.

Onlar ağır silahlanmışdılar və Maduro-nun təhlükəsiz evinin metal qapılarını kəsmək məcburiyyətində qala biləcəkləri ehtimalına qarşı qaynaq aparatı daşıyırdılar.

General Caine-nin sözlərinə görə, bölmələr yerli vaxtla saat 02:01-də başlayan hücumlardan qısa müddət sonra Maduro-nun olduğu yerə çatıb.

Tramp hədəfdə olan evi Karakasın mərkəzində yerləşən hərbi bir "qala" kimi təsvir edərək dedi: "Bizi gözləyirdilər. Gələcəyimizi bilirdilər".

Əsgərlər nəzərdə tutulan yerə çatanda atəşə tutulublar və ABŞ helikopterlərindən biri vurulub, lakin buna baxmayaraq, o, uçuşunu davam etdirə bilib.

General Caine bildirib: "Əsgərlər Maduro-nun yerləşdiyi kompleksə endi və sürətlə, dəqiqliklə və intizamla hərəkət etdi".

Tramp isə belə dedi: "Onlar içəri zorla girdilər və əslində zorla girilməsi mümkün olmayan yerləri - məhz bu məqsədlə ora quraşdırılmış polad qapıları sındırdılar".

Maduro-nun həyat yoldaşı Cilia Flores-in də saxlanıldığı əməliyyat başladıqdan sonra ABŞ Dövlət katibi Rubio Konqres üzvlərini əməliyyat barədə məlumatlandırmağa başladı.

Bu, ABŞ Konqresində bəzi üzvlərin qəzəbinə səbəb oldu.

Demokrat Partiyasının Senatdakı lideri Chuck Schumer bildirdi: "Bunu açıq deyim: Nikolas Maduro qeyri-legitim bir diktatordur. Ancaq Konqresin razılığı olmadan və sonrasında nə baş verəcəyinə dair etibarlı plan olmadan hərbi əməliyyata başlamaq məsuliyyətsiz davranışdı".

Rubio şənbə günü keçirdiyi mətbuat konfransında Konqresə əvvəlcədən məlumat verilməsinin əməliyyatı təhlükə altına sala biləcəyini dedi. Tramp isə əlavə etdi: "Konqresin məlumat sızdırmaq kimi bir meyli var. Bu, yaxşı olmazdı".

ABŞ Karakas ətrafındakı müxtəlif nöqtələrə də hücumlar həyata keçirdi.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ Karakas ətrafındakı müxtəlif nöqtələrə də hücumlar həyata keçirdi.

Maduro-nun yerləşdiyi kompleksə ABŞ-ın elit bölmələri daxil olarkən, Tramp son aylarda kubalı mühafizəçilərin sayını artırdığı bildirilən Venesuela Prezidentinin təhlükəsiz otağa qaçmağa çalışdığını söylədi.

Tramp dedi: "O, təhlükəsiz bir yerə çatmağa çalışırdı, amma ora təhlükəsiz deyildi, çünki qapını təxminən 47 saniyə ərzində partlatdıq. Qapıya qədər gəldi. Bağlaya bilmədi. Elə sürətlə üzərinə hücum etdilər ki, otağa daxil ola bilmədi".

2013-cü ildən prezident postunu tutan Maduro-nun müqavimət göstərdiyi təqdirdə öldürülüb-öldürülməyəcəyi sualına Tramp qısa cavab verdi: "Bu, mümkün idi".

ABŞ tərəfi isə "bir neçə nəfərin vurulduğunu" açıqladı, lakin heç bir ABŞ hərbçisi həlak olmadı.

Venesuela rəsmiləri isə hər hansı itki barədə məlumatı təsdiqləməyib.

ABŞ daha əvvəl Maduro-nun tutulmasına gətirib çıxaracaq məlumat üçün 50 milyon dollar mükafat təklif etmişdi.

Yanvarın 3-də yerli vaxtla saat 04:20-də Maduro və həyat yoldaşı ABŞ Ədliyyə Nazirliyinin nəzarəti altında helikopterlərlə Venesuela ərazisindən çıxarılaraq Nyu-Yorka aparıldı. Onların barəsində burada rəsmi ittihamların irəli sürüləcəyi gözlənilirdi.

Təxminən bir saat sonra Tramp Maduro-nun tutulduğunu dünyaya elan etdi: "Maduro və həyat yoldaşı tezliklə Amerika ədalətinin bütün gücü ilə üzləşəcəklər".