Maduro ələ keçirildikdən sonra Venesuelada görünən sakitliyin arxasında nə dayanır?

Venesuelada hazırda epoxal miqyaslı hadisələr baş verməsinə baxmayaraq, Karakasın küçələri boş və sakitdir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Venesuelada hazırda epoxal miqyaslı hadisələr baş verməsinə baxmayaraq, Karakasın küçələri boş və sakitdir.
    • Müəllif, Daniel Pardo
    • Vəzifə, BBC Mundo

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Hazırda Venesuelada tarixi əhəmiyyətə malik hadisələr baş versə də, ölkə daxilindəki vəziyyət (xaricdə yaşayan venesuelalıların gurultulu reaksiyasından fərqli olaraq) sanki, demək olar ki, heç nə olmamış kimi görünür: insanlar gündəlik işlərinə qayıdıblar, küçələr boşdur, heç bir sevinc əlaməti yoxdur, yalnız zəruri malları almaq üçün mağazalarda uzun növbələr yaranıb.

Venesuelalı ekspertlərin və sosioloqların fikrincə, bunun bir səbəbi ölkənin artıq dəfələrlə daha yaxşı gələcəyin astanasında dayanması, lakin hər dəfə bu dəyişikliklərin baş verməməsi və əhalinin belə hadisələrə xüsusi coşğu göstərmədən reaksiya verməyə alışmasıdır.

Karakas 5 yanvar 2026-cı il

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Karakas 5 yanvar 2026-cı il

Bundan əlavə, hazırda Karakas küçələrində - Maduro dövründə mövcud olmayan -silahlı dəstələr patrul edir və politoloqlar bildirirlər ki, rejimin devrilməsindən sonra ölkədə repressiyalar zəifləməyib, əksinə, daha da güclənib.

Maduronun ələ keçirilməsindən bir gün sonra ABŞ Prezidenti Donald Tramp bəyan etdi ki, bundan sonra ölkənin idarə olunmasında Venesuelanın vitse-prezidenti Delsi Rodriges ilə işləyəcək. Bu addım, faktiki olaraq, Venesuela müxalifətini kənara sıxışdırdı.

Daha əvvəl Maduronun sadiq müttəfiqi olan Rodriges məhkəmə, siyasi və xüsusilə də hərbi institutların dəstəyi ilə prezident postunu tutdu: məhz venesuelalıların həyat səviyyəsinin pisləşməsində, əmək bazarının dağılmasında və əhalinin kütləvi yoxsullaşmasında günahlandırdıqları strukturların dəstəyi ilə.

Artıq bazar ertəsi axşamı ədliyyə naziri Diosdado Kabelyo təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə birgə poza verdiyi fotoları yayımladı.

Videolardan birində ağır silahlanmış əsgərlər qışqırırlar: "Həmişə sadiqik, heç vaxt xəyanət etməyəcəyik!"

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Məlumatlara görə, hökumətin əmri ilə mülki silahlı dəstələr küçələri nəzarətə götürərək ABŞ-ın Maduronun ələ keçirilməsi və onun mühakimə olunmaq üçün Nyu-Yorka aparılması ilə nəticələnən əməliyyatının hər hansı qeyd edilməsini və ya bayram edilməsini zor gücü ilə boğurlar.

Karakasda çoxsaylı hərbi nəzarət-buraxılış məntəqələri qurulub. Xarici jurnalistlərin ölkəyə girişi qadağan edilib. Milli Mətbuat İşçiləri Birliyi bazar ertəsi səhər saatlarında 14 jurnalistin saxlanıldığını, sonradan isə azad buraxıldığını bildirib.

Onların saxlanılması Delsi Rodrigesin müvəqqəti prezident kimi and içdiyi anda və onun Tramp administrasiyası ilə əməkdaşlığa hazır olduğunu bəyan etməsindən az sonra baş verib.

ABŞ administrasiyası isə öz növbəsində Venesuelanı "idarə edəcəyini" açıqlayıb.

Jurnalistlər Birliyinin məlumatına görə, media nümayəndələri Venesuela təhlükəsizlik qüvvələri tərəfindən paytaxtda - Milli Assambleya binasında və ətrafında, həmçinin Altamira rayonunda saxlanılıblar.

Ən azı iki jurnalist Venesuelanın hərbi əks-kəşfiyyat əməkdaşları tərəfindən, digərləri isə ölkənin kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Birliyin bəyanatında deyilir ki, saxlanılan jurnalistlərin iş avadanlıqları yoxlanılıb, telefonlarına baxılıb, həmçinin onların sosial şəbəkələrdəki paylaşımları və yazışmaları oxunub.

Bundan əlavə, kolumbiyalı və ispan jurnalistlər Venesuela–Kolumbiya sərhədində, Kukuta şəhəri yaxınlığında saxlanılıblar.

Çaves partiyasının rəhbərliyi bazar ertəsi Delsi Rodrigesin andiçmə mərasimində

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Çaves partiyasının rəhbərliyi bazar ertəsi Delsi Rodrigesin andiçmə mərasimində

Repressiya qorxusu

Venesuelada sanki ümumi bir anlayış formalaşıb: repressiyalar Maduronun həbsi ilə bitməyib, əksinə, daha da sərtləşib.

Bu, illər boyu dəyişiklik ümidi ilə etiraz edən venesuelalıların, müxalifləri təqib etmiş və Latın Amerikasının ən çiçəklənən iqtisadiyyatlarından birini dağıtmış prezidentin devrilməsinə faktiki olaraq niyə sevinc nümayiş etdirmədiklərini izah edən səbəblərdən biridir.

Venesuelalı sosioloqların və fəalların fikrincə, hazırkı əhval-ruhiyyənin köklərini 28 iyul 2024-cü il prezident seçkilərində axtarmaq lazımdır.

Həmin seçkilərin nəticələrinə əsasən qalib kimi Maduro elan edilsə də, Maria Korina Maçadonun rəhbərlik etdiyi müxalifət dünyaya Edmundo Qonsalesin böyük fərqlə qalib gəldiyini sübut edən dəlillər təqdim etmişdi.

Məhz həmin gündən etibarən dövlətin repressiv aparatı özünü ən sərt formada göstərməyə başladı: minlərlə insan saxlanıldı, narazılıq ifadə edən hər kəs təqiblərə məruz qaldı: artıq təkcə küçələrdə deyil, həm də şəxsi həyatda və sosial şəbəkələrdə.

İnsanlar özlərini qorumaq məqsədilə etirazın istənilən formasından imtina etmək qərarına gəldilər.

Katiuska Kamargo Karakasın fəhlə rayonlarından biri olan Petaredən olan təcrübəli və tanınmış ictimai fəaldır. O, hər gün küçədə onlarla insanla ünsiyyətdə olur.

"Həmin gündən bəri ən amansız, ən sərt, ən qəddar repressiv aparat formalaşıb - və bizim küçələrdə olmamağımızın səbəbi də məhz budur," - deyə o bildirir.

Onun sözlərinə görə, hazırda yaşadığı rayonun küçələrində "üzləri maskalı, uzun lüləli silahlarla silahlanmış insanlar patrulluq edir və yoldan keçənlərin WhatsApp statuslarını yoxlayırlar".

Tarixi yaddaş

Bazar ertəsi Karakasda hərbiləşdirilmiş nəzarət-buraxılış məntəqələrinin sayında artım qeydə alınıb

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Bazar ertəsi Karakasda hərbiləşdirilmiş nəzarət-buraxılış məntəqələrinin sayında artım qeydə alınıb

Rafael Uskateqi — venesuelalı sosioloq və insan hüquqları müdafiəçisidir. Hazırda o,"Sülh Laboratoriyaları" analitik mərkəzinə rəhbərlik edir. Bugünkü venesuelalının düşüncə tərzini onun qədər yaxşı anlayanlar azdır.

"Avtoritarizm struktur xarakterli bir qorxu aşılaya bildi", - deyə o bildirir. - "Ehtiyatlılıq apatiya deyil, repressiya şəraitində sosial özünümüdafiənin öyrənilmiş formasıdır. İnsanlar, əvvəllər də dəyişikliklərin mümkün göründüyü təcrübələrə əsaslanaraq, yüksək dərəcədə şüurluluq və siyasi yetkinlik formalaşdırıblar", - deyə o izah edir.

Çavizm dövrünün 25 ili ərzində bir neçə məqam olub - hər biri demək olar ki, ayrıca bir epoxa idi və bunlar keçid dövrünə işarə edirdi:

  • 2002-ci ildə Çavesə qarşı çevriliş cəhdi;
  • 2003-cü ildə neft tətili;
  • 2007-ci ildə Çavesin uduzduğu referendum;
  • 2013-cü ildə onun xəstəliyi və ölümü;
  • 2014 və 2017-ci illərdə Maduraya qarşı etirazlar;
  • 2015-ci ildə müxalifətin qalib gəldiyi parlament seçkiləri;
  • 2019-cu ildə müxalifətin Maduronu devirməsinə cəhdi;
  • 2024-cü il prezident seçkiləri.

Bütün bu hadisələr real dəyişiklik ümidləri yaratmış, lakin bu ümidlər qısa müddət sonra puça çıxmışdı.

Maduronun ələ keçirilməsi isə, sözsüz ki, fərqli bir vəziyyətdir: bu, Çaves səviyyəsində olmayan, daha təcrübəsiz, hakimiyyətdə qalmaq üçün repressiya və təcridə söykənməyə məcbur qalmış bir liderin süqutudur.

Onun həbsi son 25 ildə Venesuelada dəyişikliklərin mümkün olduğuna dair ən inandırıcı sübutdur.

Donald Tramp öz administrasiyasının əsas fiqurlarının əhatəsində Mar-a-Laqoda mətbuat konfransı keçirir: bu anı bir çox venesuelalı ömürlük xatırlayacaq

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Donald Tramp öz administrasiyasının əsas fiqurlarının əhatəsində Mar-a-Laqoda mətbuat konfransı keçirir: bu anı bir çox venesuelalı ömürlük xatırlayacaq

Bununla belə, bazar ertəsi günü baş verən saxlanmalar, küçələrdə patrulların mövcudluğu və Trampın, eləcə də Rodriges və onun müttəfiqlərinin verdiyi bəyanatlara əsasən, "keçidsiz keçid"dən danışmaq üçün əsaslar var: bunu Vaşinqtonda yerləşən Latın Amerikası üzrə Analitik Mərkəz (WOLA) belə adlandırır.

Bu, dəyişikliklərə doğru daha bir uğursuz keçid cəhdidir. Lakin mühüm bir fərqlə: bu dəfə venesuelalılar, görünür, hadisələrə hazırlıqsız yaxalanmayıblar.

Əksinə, onlar öz gözləntilərini idarə etməyi öyrəniblər və əvvəlki dövrlərdə olduğu kimi qələbə eyforiyasına qapılmırlar. Mütəxəssislərin fikrincə, gözləntilər şişirdilmədikdə, bu dəfə böyük məyusluq da yaşanmayacaq.

"Ümid hələ də qalır, lakin bu gün müdafiə mexanizmi kimi rasional hiper-skeptisizm üstünlük təşkil edir", - deyə sosioloq Uskateqi bildirir.

Venesuelalı antropoloq, Salamanka Universitetinin doktorantı Mariana Valis əlavə edir:

"Demokratik irəliləyişə nail olmaq üçün çoxsaylı cəhdlər uğursuzluqların tarixi yaddaşını formalaşdırıb. Dəyişiklik istəyən qüvvələr neytrallaşdırılıb və bu səbəbdən gözləntilərin daha ehtiyatlı idarə olunması meydana çıxıb".

Onun sözlərinə görə, böhran o qədər dərin olub ki, cəmiyyətin diqqəti ən elementar ehtiyaclara yönəlmiş sağqalma mədəniyyəti formalaşıb.

"Gündəlik həyat insanları enerjilərini ən sadə gündəlik problemlərin həllinə sərf etməyə məcbur edir. Sağ qalmaq ehtiyacı hər şeydən üstün gəlir", - deyə o qeyd edir.

Bu 25 il ərzində Venesuela fırıldaqçılıq, hüquqsuzluq, iqtisadi disbalanslar və klientelizm ölkəsinə çevrilib.

Qalanlar isə bu reallığa uyğunlaşıblar. Onlar deyirlər ki, "bunu artıq adi hal kimi qəbul ediblər".

Siyasətin iflasa uğraması nəticəsində siyasətdən kənarda mövcud olan dövlət, iqtisadiyyat və cəmiyyət formalaşıb.

Və indi, Maduro devrildiyi halda belə, venesuelalılar bu tarixi anı nə küçələrdə, nə də çimərliklərdə qeyd edirlər.