Qızıl 5000 dolları keçərək yeni rekord qırdı: o, niyə hər zaman bahalaşır?

Qızıl 2025-ci ildə 1979-cu ildən bəri ən böyük qiymət artımı yaşadı

Şəklin mənbəyi, Getty Images

Oxuma vaxtı: 4 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Qızılın unsiya qiyməti ilk dəfə 5 min dolları keçib. 2025-ci ildə 60 faizdən çox dəyər qazanan qızıl, 2026-cı ildə də yüksəlişini davam etdirir.

ABŞ və NATO arasında Qrenlandiya ilə bağlı yaranan gərginlik maliyyə və geosiyasi qeyri‑müəyyənliklərə dair narahatlıqları artırıb.

ABŞ Prezidenti Donald Trampın ticarət siyasətləri də bazarları narahat edir.

Tramp yanvarın 24-də Çinlə ticarət sazişi imzalanacağı təqdirdə Kanadaya qarşı 100 faiz gömrük rüsumu tətbiq etməklə hədələyib.

Qızıl və digər qiymətli metallar qeyri‑müəyyən dövrlərdə investorlar üçün "təhlükəsiz liman" sayılan aktivlər kimi qiymətləndirilir.

Yanvarın 24-də gümüşün unsiya qiyməti ilk dəfə 100 dolları ötüb. Beləliklə, gümüş də ötən ilki təxminən 150 faizlik artımını bu il də davam etdirmiş olub.

Tələbat artımının səbəbləri

İnflyasiyanın normadan yüksək olması, ABŞ dollarının zəif mövqeyi, dünya üzrə mərkəzi bankların istiqraz alışları və ABŞ Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini yenidən endirəcəyi gözləntiləri kimi amillər qiymətli metallara tələbatı artırır.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Ukrayna və Qəzzadakı müharibələrlə yanaşı, ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronu vəzifədən uzaqlaşdırması da qızılın qiymətinin yüksəlməsinə töhfə verib.

Qızılın ən cəlbedici xüsusiyyətlərindən biri də onun nisbətən az tapılmasıdır.

Dünya Qızıl Şurasının məlumatına görə, bu günədək təxminən 216 min 265 ton qızıl hasil edilib.

Bu miqdar 3–4 olimpiya ölçülü üzgüçülük hovuzunu doldurmağa kifayət edir.

Bunun böyük hissəsi mədən texnologiyalarının inkişafı və yeni qızıl yataqlarının kəşfi ilə əlaqədar olaraq 1950-ci ildən sonra torpaqdan çıxarılıb.

ABŞ Geoloji Xidmətin proqnozuna görə, yeraltı ehtiyatlardan daha 64 min ton qızıl çıxarıla bilər, lakin qızılın təklifi yaxın illərdə sabit qalacaq.

ABC Raffineriyasının Korporativ Bazarlar üzrə rəhbəri Nikolas Frappell deyir:

"Qızıla sahib olduqda siz istiqraz və ya səhm kimi başqa birinin borcuna bağlı olmursunuz. Səhmlərdə olduğu kimi, hər hansı bir şirkətin göstəriciləri qızılın dəyərinə birbaşa təsir etmir".

O əlavə edir:

"Qızıl son dərəcə qeyri‑müəyyən bir dünyada həqiqətən yaxşı diversifikasiya alətidir".

"İnsanlar qızıla yönəlir"

Investorların qiymətli metallara axın etməsi nəticəsində qızıl 1979-cu ildən bəri ən böyük illik qazancını əldə edərək 2025-ci ildə rekord qırıb.

Trampın gömrük rüsumları, eləcə də süni intellektlə bağlı səhmlərin həddindən artıq bahalaşması qorxusu maliyyə bazarlarını narahat etdiyi bir vaxtda qızıl dəfələrlə yeni rekord səviyyələrə yüksəlib.

Araşdırma və məsləhət şirkəti Metals Focus‑un analitiki Nikos Kavlisin sözlərinə görə, "bunun böyük hissəsi ABŞ siyasəti ilə bağlı həddindən artıq qeyri‑müəyyənlikdən qaynaqlanır".

İqtisadi narahatlıqlar qızılın qiymətinin artmasına kömək etdiyi kimi, investorlar faiz dərəcələrinin endiriləcəyini gözlədikdə də qızıl yüksəlməyə meyilli olur.

Aşağı faiz dərəcələri, adətən, istiqraz kimi yatırımlar üçün daha az gəlir demək olduğundan, investorlar qızıl və gümüş kimi aktivlərə yönəlir.

ABŞ Federal Ehtiyat Sisteminin bu il iki dəfə faiz endirimi edəcəyi gözlənilir.

Pepperstone şirkətinin tədqiqat strateqi Əhməd Assiri deyir:

"Burada tərs mütənasib bir əlaqə var. Çünki pulu [dövlət istiqrazlarında] saxlamağın fürsət dəyəri artıq buna dəymir. Ona görə də insanlar qızıla yönəlir".

Qızıl alanlar təkcə investorlar deyil.

Dünya Qızıl Şurasının məlumatına görə, ötən il mərkəzi banklar ehtiyatlarına yüzlərlə ton külçə qızıl əlavə ediblər.

Nikos Kavlis bildirib ki, "ABŞ dollarından çox açıq şəkildə uzaqlaşma var və bu da qızıla böyük fayda verir".

İlin əvvəlindən etibarən qızıl yüksəlməyə davam etsə də, Frappell "xəbər yönümlü" bazarın qızıl qiymətlərinin aşağı düşməsinə də səbəb ola biləcəyi barədə xəbərdarlıq edir:

"Qızıl üçün müsbət olmayan, amma dünya üçün müsbət ola biləcək gözlənilməz xəbərlər üçün bir məkan olmalıdır".

qızıl

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı, Hindistanda hər il keçirilən, zənginlik və uğur gətirdiyinə inanıldığı Divali festivalının qiymətli metallar almaq üçün uğurlu zaman sayılır.

Ancaq hər kəs qızılı yalnız investisiya məqsədilə almır.

Qızıl bir çox mədəniyyətdə bayramlar zamanı alınır və ya toy kimi mərasimlərdə hədiyyə edilir.

Hindistanda hər il keçirilən, zənginlik və uğur gətirdiyinə inanıldığı Divali festivalının qiymətli metallar almaq üçün uğurlu zaman sayılır.

Amerikanın investisiya bankı Morgan Stanley‑in məlumatına görə, Hindistanda ev təsərrüfatları ölkənin ümumi daxili məhsulunun 88,8 faizinə bərabər olan 3,8 trilyon dollar dəyərində qızıl saxlayır.

Çin də qızıl üzrə dünyanın ən böyük istehlakçı bazarlarından biridir. Ölkədə bir çox insan qızıl almağın uğur gətirdiyinə inanır.

Kavlis fevral ayında başlayacaq At ilinə işarə edərək deyir:

"Çin Yeni İli dövründə, adətən, qızılda mövsümi tələbat artımı olur. Hazırda bunu müəyyən qədər müşahidə edirik".

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Reuters-in əmtəə mövzuları üzrə köşə yazarı Clyde Russell əlavə edir ki, dünya üzrə mərkəzi bankların qızıl alışları və fərdi investorların qızıl əsaslı investisiya fondlarına yönəlməsi də bu prosesdə iki mühüm amildir.

Mütəxəssislərin fikrincə, oktyabr ayındakı rekorddan sonra qızıl qiymətlərinin dalğalı seyr etməsinin bir neçə səbəbi var idi. Bunlardan biri investorların mənfəət götürmək üçün satışa yönəlməsi oldu.

Yeni rekorddan dərhal sonra baş verən bu enişdə, əvvəlki günlərdə bazarda həddindən artıq alışların aparılması da təsirli rol oynadı.

Reuters-ə danışan ABŞ mərkəzli investisiya məsləhət şirkəti StoneX-in analitiki Rhona O'Konnell bildirib:

"Belə bir düzəliş zəruri idi, lakin qlobal qeyri-müəyyənliklərin bu qədər yüksək olduğu dövrlərdə bu cür enişlər böyük ehtimalla yeni alış fürsəti kimi dəyərləndirilir".

Bankların 2026 üçün proqnozları necə idi?

2025-ci il ərzində baş verən artımda geosiyasi və iqtisadi qeyri-müəyyənliklər, mərkəzi bankların qızıl alışları, fərdi və institusional investorların üstünlükləri, eləcə də ABŞ Mərkəzi Bankı Fed-in faiz endirimləri həlledici rol oynayıb.

Mədənçilik sənayesi tərəfindən maliyyələşdirilən bir ticarət birliyi olan Dünya Qızıl Şurasının (World Gold Council) baş bazar analitiki Louise Street deyir: "Bu cür şərait qızıl üçün mükəmməl fırtına kimi qiymətləndirilə bilər".

BBC News Türkçenin suallarını cavablandıran Kembric Universitetinin İqtisadiyyat fakültəsindən dosent doktor Özge Öner isə bildirir:

"Qızıl min illərdir ki, böhran dövrlərində təhlükəsiz liman funksiyası daşıyan klassik dəyər qoruma vasitəsidir".

Standard Chartered Bank-ın rəhbərlərindən Suki Kuper də qeyd edir:

"2026-cı ildə qızılın unsiya üzrə orta qiymətinin 4 488 dollar olacağını proqnozlaşdırırıq və bu rəqəmi daha da yuxarı çəkə biləcək risklər mövcuddur".

HSBC isə 2025-ci il üçün orta qiymət proqnozunu 100 dollar artırarkən, 2026-cı ildə qızılın 5 min dollar səviyyəsini görə biləcəyi qənaətindədir.