Erdoğan niyə orduya üz tutdu?
- Müəllif, Firdevs Robinson
- Vəzifə, Siyasi bloqçu
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası və onun islamçı rəqibi Fetullah Gülen hərəkatı arasında hakimiyyət uğrunda mübarizəyə yeni bir çalar əlavə olunub.
Ədliyyə və polisə nəzarət üzərində iki həftə davam edən gərgin toqquşmalardan sonra döyüş, onların əvvəllər gözdən salmağa birgə səy göstərdikləri institutun - ölkə hərbisinin üzərində qərarlaşıb.
Baş məsləhətçilərindən biri ordunun ədliyyə və polis sistemi tərəfindən ədalətsizliyə məruz qalmasının mümkünlüyü barədə danışandan sonra Baş Nazir Recep Tayyip Erdoğan, hökuməti devirməyi planlaşdıran yüzlərlə ordu zabitinin yenidən mühakimə olunmasına yaşıl işıq verdi.
Administrasiyasına qarşı korrupsiya ittihamlarını "uydurma dəlillər və dövlət daxilində paralel dövlət strukturu tərəfindən çirkin plan" adlandıran cənab Erdoğan üçün indi, həmin orqanlar tərəfindən istintaq edilmiş və müqəssir bilinmiş insanların işlərinə yenidən baxılmasına dair çağırışları qulaqardına vurmaq çətin məsələdir.
Dekabrın 27-də Baş Ordu generalı məhkəməyə müraciət edərək bəyanat verib ki, ordunun siyasi arqumentlərə qoşulmaq arzusu yoxdur, ancaq personalının ədalətlə mühakimə olunmasını istəyir.

Ordu Ergenekon və Çəkic kimi tanınan iki müxtəlif məhkəmə işinə yenidən baxılmasına çağırıb. Hər ikisi mübahisəli olan bu məhkəmə işləri nəticəsində 300-dən artıq adama, o cümlədən keçmiş Baş Ordu generalı İlker Başbuğa və digər yüksək rütbəli zabitlərə, siyasətçilərə və jurnalistlərə uzunmüddətli həbs cəzaları kəsilib.
Türkiyə Vəkillər Birliyinin sədri Metin Feyzioğlu ötən həftəsonu işlərə yenidən baxılması və həmin işlərin keçirildiyi xüsusi məhkəmələr sisteminin ləğv olunması barədə təklif verdi.
Fetullah Gülen hərəkatını gözdən salmaq üçün daha bir cəhd kimi görülən bir addımla hökumətpərəst Sabah qəzeti yeni məqalələr dərc etdirdi və iddia etdi ki, böyük sayda hərəkat üzvü ordunun, xüsusilə də Hava Qüvvələrinin içərilərinə soxulub.
Qəzet iddia etdi ki, Gülen tərəfdarları oğurlanmış test suallarından istifadə edərək uzun illər boyu imtahan veriblər və öz adamlarını hərbi məktəb və kolleclərdə belə üsullarla yerləşdiriblər.
Cənab Erdoğan və onun bir vaxtlar müttəfiqi olmuş, Pensilvaniyada yaşayan vaiz Fetullah Gülen arasında siyasi düşmənçilik ölkənin hər bir əsas institutunu sarmaqda ikən, qarşılıqlı ittihamlar hər keçən gün daha da ciddiləşir.
Hökumət orduya jestlər etməyə çalışsa da, polis qüvvəsinə təzyiqləri davam etdirir. Paytaxt Ankarada 350-ə yaxın polis işindən uzaqlaşdıraraq, başqa yerlərə təyin edilib. Onlar kiçik rayonlara və ya nəqliyyat polisi postlarına göndərilib. Bundan əvvəl korrupsiya qalmaqalı başlayanda isə, hökumət fiqurlarına qarşı istintaqda iştirak edən bir neçə polis zabiti işdən çıxarılmışdı.
Bu mübarizənin nəticəsini öncədən proqnozlaşdırmaq çətindir, amma təcrübəli təhlilçi, professor Murat Belge xəbərdarlıq edir ki, bu hadisələrin nəticəsində Türkiyədə ictimaiyyət bütün demokratik institutlara inamını itirə bilər.
O, müstəqil internet qəzeti T24-ə deyib ki, 27 may 1960-cı il hərbi çevrilişinə aparan 1950-ci illərin sonundakı vəziyyətə çox oxşarlıqlar görür. Bu, ölkədə indiyədək baş vermiş hərbi çevirilişlərdən birincisi idi.
"Əminəm ki, elə leytenanlar və polkovniklər var ki, indi başlarını yelləyirlər və öz aralarında, "bir iş görüb bunları devirmək lazımdır, yoxsa ölkə batacaq" deyirlər".
T24 qəzetinin digər bir yazarı Mehmet Altan isə yazır ki, ölkədə hər bir konstitusional qurumu məhv etməyə çalışan Baş Nazir indi qoca və gözdən düşmüş ordunun ayaqları altına qapanıb.
"Avropa İttifaqı standartlarına uyğun demokratik rejim yaratmaqdansa, Şanxay Əməkdaşlıq Təşkilatının yeni üzvü olmağa can atanda, sonun belə qaranlıq yerlərdə olacaq", cənab Erdoğanın ŞƏT-i Avropa İttifaqından üstün tutmasına dair bəyanatına işarə edərək o yazıb.



