Erdoğan: "Dövlət çevrilişi" məhkəmə işinə yenidən baxılmasına müsbət baxırıq

Recep Tayyip Erdoğan
Şəklin alt yazısı, "Məhkəmə işinə yenidən baxılmasına baxışımız müsbətdir", Baş nazir Erdoğan bazar günü deyib.

Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan deyir ki, dövlət çevilişi cəhdində ittiham olunan hərbi zabitlərin yenidən mühakimə olunmasının lehinədir.

Bundan əvvəl onun əsas məsləhətçilərindən biri demişdi ki, polis və məhkəmə, faktları zabitlərə qarşı qəsdən təhrif edib.

2012 və 2013-cü illərdə yüzlərlə adam Ergenekon və Çəkic adlı məhkəmə işlərinə görə həbs olunub.

Müxbirlər deyirlər ki, bu şərhlər siyasətdə dəyişikliyin baş verməsini göstərir.

Gərginlik

"Məhkəmə işinə yenidən baxılmasına baxışımız müsbətdir", cənab Erdoğan bazar günü İstanbulda jurnalistlərə deyib.

"Əvvəla yeni məhkəmə üçün qanuni əsasları təsis etməliyik."

Eyni zamanda korrupsiya barədə ittihamlara görə Türkiyə hakimiyyətində yüksək siyasi gərginlik var. Cənab Erdoğan polis və məhkəməni onun nazirlərinin istefa verməsində nəticələnən istintaqı təşkil etməkdə ittiham edib.

Siyasi islama əsaslanan hakim AK Partiyası Türkiyə ordusunun səlahiyyətlərini məhdudlaşdırmağa qərar verib. Ordu isə özünü Mustafa Kemal Atatürkün qurduğu müasir dünyəvi dövlətin qoruyucusu kimi görür.

Görünür ki, Baş nazir daha əvvəl əleyhinə olduğu ordunun tərəfini tutub, BBC-nin İstanbuldakı müxbiri James Reynolds deyir. Son günlər ərzində ordu məhkəmə işinə yenidən baxılması üçün şikayət ərizəsi təqdim edib.

Türkiyə məhkəməsi 2012-ci ildə 2007-ci ilə aid olan və mətbuatda "Çəkic" və "Ergenekon" adları almış dövlət çevrilişi planlarının hazırlanması ittihamı əsasında 300-dən çox hərbi zabitə, o cümlədən yüksək rütbəli generala həbs cəzası kəsmişdi.