“Ağdamda partlayışda bir əsgər həlak olub, daha iki nəfər xəsarət alıb”

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Bu gün Ağdam rayonundakı partlayışda bir əsgər həlak olub, müharibədən sonra doğulan şəhid övladlarına "5000 manat köcürüləcək", Britaniya səfiri AstraZenecanın Azərbaycanda "həyatları xilas edəcəyini" deyib, Azərbaycan Prezidenti minalara görə azad olunmuş torpaqlara "icazəsiz getməməyə" səsləyib, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Bu gün Ağdam rayonu ərazisində baş verən partlayış nəticəsində, bir əsgər həlak olub, daha iki hərbi qulluqçu xəsarət alıb, Azərbaycan Müdafiə Nazirliyi bildirir.
Məlumata əsasən, "günorta saatlarında" baş verən partlayış Zeynalov Qubad İslam oğlunun ölümünə səbəb olub.
"Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar", - Müdafiə Nazirliyi bildirir.
"Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur".
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şəklin mənbəyi, Tass/Getty Images
Azərbaycanda şəhid övladları üçün "depozit açılacaq"
Azərbaycanda yeni doğulmuş şəhid övladları adına depozit hesabları açılacaq və oraya 5 min manat məbləğində pul köçürüləcək, "YAŞAT" Fondu bildirir.
Məlumata əsasən, 16 yaşına çatan hesabın sahibi məbləği onun üzərinə "mütəmadi toplanılan" faizlə birlikdə hesabdan çıxara biləcək.
Şəhidlərin yeni doğulacaq körpələrinin analarına da "zəruri xərclərin qarşılanması" məqsədilə min manat məbləğində pul müavinətinin veriləcəyi qeyd olunur, "YAŞAT" Fondunun yaydığı məlumatda qeyd olunur.
"YAŞAT" Fondunun yaradılması barədə fərman 8 dekabrda imzalanıb. Fondun vəsaiti vətəndaşların, xarici ölkələrdə yaşayan azərbaycanlıların, digər fiziki və hüquqi şəxslərin könüllü verdiyi maliyyə vəsaiti hesabına formalaşır.
Britaniya səfiri AstraZeneca/Oxford vaksininin Azərbaycanda "həyatları xilas edəcəyini" deyib

Şəklin mənbəyi, Britaniyanın Azərbaycandakı Səfirliyi
"Böyük Britaniyanın elmi və tibbi təcrübəsi Azərbaycanda həyatları xilas edəcək," - Böyük Britaniyanın Azərbaycandakı səfiri James Sharp öz Twitter hesabında yazıb.
Səfir Sharp "Azərbaycan COVAX vasitəsilə 500 min AstraZeneca/Oxford peyvəndləri alacağını" yazıb.
Oxford peyvəndi şimpanzeləri yoluxdurmaq üçün istifadə olunan genetik cəhətdən dəyişdirilmiş ümumi bir soyuq virusdur. Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, Covid-19 simptomlarını inkişaf etdirən insanlarda xəstəliyi dayandırmaqda yüksək dərəcədə təsirlidir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər.
COVAX COVID-19 əleyhinə vaksinlərin mərkəzləşdirilmiş şəkildə satın alınması və paylanması üzrə unikal təşəbbüsdür. Bu təşəbbüs çərçivəsində hökumətlər və istehsalçılar həm varlı, həm də aşağı gəlirli ölkələrin peyvəndlə təmin edilməsi məqsədilə əməkdaşlıq edirlər.
Azərbaycan indiyədək Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndini alıb və ölkədə tibb işçilərinin 70 faizinin peyvəndlənməsi baş tutub.
Azad olunmuş torpaqlara icazəsiz getməyin - İlham Əliyev

Şəklin mənbəyi, President.az
Azərbaycan dövlət başçısı Minatəmizləmə Agentliyinin İdarə Heyətinin yeni sədri vəzifəsinə təyin olunmuş Vüqar Süleymanovu qəbul edərkən, vətəndaşları azad olunmuş torpaqlara "icazəsiz" getməkdən çəkinməyə səsləyib.
"Əfsuslar olsun ki, azad edilmiş torpaqlarda son günlər bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər," - videoformatda çıxış edən İlham Əliyev deyib.
Azərbaycan Prezidentinin sözlərinə görə, o, uzun illər "vətən həsrəti" ilə yaşamış və "öz doğma torpağına" qayıtmaq istəyən insanların bu addımını başa düşsə də, onlardan gözləməyi xahiş edir.
"Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb".
Prezident azad edilmiş torpaqlara "qanunsuz, icazəsiz gedişə son qoyulsun" deyə, postlarda nəzarət işlərini gücləndirməyi tapşırıb.
"Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun".
Keçmiş nazir Səlim Müslümov həbs edilib

Şəklin mənbəyi, Azertag
Bu gün Azərbaycanda keçmiş nazir Səlim Müslümov həbs edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Səlim Müslümov Cinayət Məcəlləsinin ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2-ci), təkrar külli miqdarda rüşvət alma (311.3.2-ci və 311.3.3-cü) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq həbs edilib.
Səlim Müslümovun bu ittihamlarla bağlı şərhi məlum deyil.
Qurum bildirir ki, onun nazir işlədiyi müddətdə "nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə" dair faktlar araşdırılıb.
"Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilmişdir", DTX-nın məlumatında deyilir.
Qurum bildirir ki, nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə onun müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində "təkrar rüşvət almasına" dair məlumatlar əldə olunub.
"Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib", DTX-n saytında yazılıb.
Səlim Müslümov 2013-2018-ci illərdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub.
Rus-Türk Ortaq Monitorinq mərkəzinin Pilotsuz Uçan Aparatları (PUA) Qarabağda müşahidə aparır

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi
Rusiya hərbçiləri atəşkəsə "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatlarından istifadə edərək nəzarət edirlər, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum açıqlayıb ki, Monitorinq Mərkəzinin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçan aparatlardan idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri təhlil olunur və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeydə alınır.
"Birgə Mərkəzin növbətçi növbələri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir və yoxlayır, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə olunmuş razılaşmalara əməl etməməsi ilə bağlı məsələlər və ya problemlərlə bağlı şikayətlərə baxır," - qurumun məlumatında deyilir.
Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ Müharibəsi 2020-ci ilin sentyabrın 27-də başlayıb, noyabrın 10-da başa çatıb.
Birgə bəyanata əsasən, Qarabağa rus sülhməramlıları yerləşib və atəşkəs rejiminə əməl olunmasını müşahidə etmək üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb və yanvarın 30-da fəaliyyətə başlayıb.
Yuxarı sinif və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur

Şəklin mənbəyi, Azərbaycan Təhsil Nazirliyi
Azərbaycanda yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Qurumun təklifinə əsasən, ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq aşağıda qeyd edilmiş qaydada davam etdiriləcək.
Beləliklə, 2021-ci il 8 fevral tarixindən:
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla;
Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla;
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.
2021-ci il 15 fevral tarixindən:
Məktəbəqədər təhsil müəssisələrində;
Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla;
Xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla;
Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.
Qurum X-XI siniflərin nə vaxt əyani tədrisə cəlb ediləcəyi vaxtı açıqlamayıb.
Azərbaycanda koronavirusa ilk yoluxma halı 28 fevralda aşkarlanıb.
2020-ci mart ayından başlayaraq, ölkədə təhsil müəssisələrində əyani tədris məhdudlaşdırılmağa başlayıb.
Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin ikinci iclası olacaq

Şəklin mənbəyi, AZƏRTAC
Ermənistan, Azərbaycan və Rusiya Baş nazir müavinlərinin ikinci iclası fevral ayında baş tutacaq. Bu barədə Ermənistanın Baş nazir müavininin mətbuat xidməti məlumat verib, erməni mediası yazır.
Media yazır ki, qurumdan iclasda Ermənistan tərəfdən Milli Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin, habelə Dövlət Gəlir Komitəsinin nümayəndələrinin təmsil olunacağı bildirilib.
Ermənistan, Azərbaycan və Rusiya Baş nazir müavinlərinin ilk görüşü 30 yanvarda Moskvada baş tutub.
Rusiya Nazirlər Kabinetinin məlumatına əsasən, yanvarın 30-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə keçən üçtərəfli İşçi qrupunun iclasında Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub.
Bu iclas nəticəsində iki mütəxəssis alt qrupu yaradılıb.






