Azərbaycan “30 ildir ki, mövqeyini yaxşı izah etdi, Ermənistan isə yox”, erməni mediası Azərbaycan-Ermənistan sərhədi barədə

Şəklin mənbəyi, TASS/Getty images
Azərbaycan "30 ildir ki, mövqeyini yaxşı izah etdi, Ermənistan isə yox", erməni mediası Azərbaycan-Ermənistan sərhədi barədə nə yazır, xarici media icmalında.
Ermənistanın Sünik vilayətindəki Şurnux kəndinin bir hissəsinin Azərbaycannın nəzarətinə verilməsiylə yerli sakinlər Azərbaycan əsgərləri ilə üz-üzə gəliblər. Bu barədə ABŞ-da idarə olunan Asbarez saytı yazır.
Daşnaksutyun partiyasına məxsus sayt bildirir ki, ötən ilin noyabr ayında müharibəyə son qoyan üçtərəfli bəyannamədən sonra bu, torpaqların təslimiylə bağlı "son güzəştdir".
"Şurnuxdakı 11 evdə yaşayan sakinlər evlərini tərk edərək başqa yerə köçüblər və Şurnux bələdiyyə başçısının verdiyi məlumata görə hərbçilərin harada yerləşəcəyini müəyyənləşdirmək üçün danışıqlar aparılır," - Asbarez nəşri yazır.
Şurnux ətrafında danışıqlar mövzusunu Kavkazskiy Uzel saytı da işıqlandırır. Saytdakı son məqaləyə görə, Ermənistan və Azərbaycan buradakı sərhəd postlarının yerlərini müzakirə edirlər.
Yerli hakimiyyətin başçısına istinad edən sayt yazır ki, tərəfləri ayıran neytral zona məsələsi hələ də açıq qalır. Hakob Arşakyan deyib ki, erməni tərəfi xəritələr əsasında kəndin Azərbaycana ötürülən hissəsinin Ermənistana məxsus olduğunu sübut etməlidir.
Bundan əvvəl Ermənistanın Baş naziri "bədniyyətli insanları" Şurnux ətrafında müharibə başlatmaq cəhdində ittiham edib. Məlumata görə, Nikol Paşinyan dekabr ayında Sünikdəki Şurnux və Vorotan kəndlərinin sərhəddəki problemli bölgələr olduğunu etiraf edərkən yerli sakinlərə təzminat vəd edib.
Azərbaycan-Ermənistan sərhədi
Eyni zamanda, Ermənistan mövcud delimitasiyanı müvəqqəti hesab edir. Rəsmi Yerevan təkidlə bildirir ki, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi prosesi yalnız diplomatik münasibətlər qurulduqdan və kartoqraf və geodezistlərdən ibarət xüsusi komissiya yaradıldıqdan sonra başlaya bilər, Kavkazskiy Uzel saytı yazır.
Sputnik.am saytı sovet inzibati sərhədlərinin Ermənistan tərəfindən tanınmasını təhlil edir.
"Bakının mövqeyi budur ki, Sovet sərhədlərinin qorunması prinsipi beynəlxalq hüququn tərkib hissəsidir. Ancaq bunun üçün heç bir səbəb yoxdur," - məqalədə qeyd olunur.
Təhlilə əsasən, beynəlxalq hüquqşünaslar arasında bu prinsipin tətbiq olunmasına qarşı çıxanlar da az deyil və Ermənistan "Qurtuluş naminə ayrılma" prinsipi əsasında beynəlxalq siyasətçilərlə dialoq apara bilərdi, çünki bu prinsip onlar üçün aydındır idi.
Sayta görə, 2008-ci ildən başlayaraq Azərbaycanın hüquqi mövqeyi çox birmənalı olub. O, bunu BMT-yə göndərdiyi çox səhifəlik memorandum formatında təqdim edirdi. Buna görə də, Azərbaycan "30 ildir ki" öz mövqeyini ətraflı şəkildə göstərməyə nail oldu, Ermənistan isə yox, - Sputnik.am belə nəticəyə gəlir.
Təhlildə deyilir ki, Ermənistan məsələni daha dərindən araşdırmalı və "ən qısa müddətdə" Qarabağ məsələsinin beynəlxalq hüquqi aspektləri ilə bağlı rəsmi mövqe formalaşdırmalıdır.

Şəklin mənbəyi, AFP
Türkiyə və Ermənistan arasında Qars sərhəd-keçidi
Modern diplomacy saytı "26 illik status-kvonu alt-üst" edən müharibədən sonra yaranmış vəziyyəti təhlil edərkən gələcəyə nəzər salır. Sayta əsasən, qarşıdan gələn danışıqlarda əsas məsələ bölgədə davamlı sülhün bərqərar olmasıdır.
"İndi Türkiyə və Azərbaycan üçün Ermənistanla qapalı sərhədlərini açmaq daha asan olacaq. Əlbəttə ki, bu, Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi inteqrasiyasını artıracaq və iqtisadi inkişafını gücləndirəcək," - Modern diplomacy saytı yazır.
Məqaləyə əsasən, Rusiya və İran kimi güclərin bu cür təşəbbüsə qoşulması da bölgədə davamlı sülhün əldə olunması üçün vacib şərtdir.






