Mədə yanmasına yaxşı və pis təsir edən qidalar hansılardır?

Şəklin mənbəyi, AFP via Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Britaniyanın Milli Səhiyyə Xidmətinin məlumatına görə, insanların çoxu həyatlarının hansısa mərhələsində həzm problemləri ilə qarşılaşır.
Adətən, döş qəfəsində yanma hissi şəklində ortaya çıxan mədə yanması, həzm probleminin əsas əlamətlərindən biridir və mədə turşusu reflüksündən qaynaqlanır.
"Turşu reflüksü mədədə olan turşulu mədə şirələrinin mədədən qida borusuna (udlaq istiqamətinə) doğru yuxarı qalxmasıdır. Qida borusunda normalda turş maddə olmur", - Britaniyadakı Royal London Xəstəxanasında qastroenterologiya üzrə mütəxəssis və Queen Mary Universitetində müəllim olan doktor Filip Vudlend bunu belə izah edir.
"Mədə yanması, ehtimal ki, turşu reflüksünün ən geniş yayılmış əlamətidir və döş sümüyünün arxasında yanma hissi kimi hiss olunur", - o deyir.
Mədə yanmasına səbəb olan qidalar hansılardır?
Vudlend bildirir ki, ən geniş yayılmış səbəblərdən biri mədədə təzyiqi artırdığı üçün böyük porsiyalı yeməklərdir.
"Yağ tərkibi yüksək olan yeməklər reflüksü daha da ağırlaşdıra bilər. Alkoqol (xüsusilə ağ şərab) qida borusu ilə mədə arasındakı qapaqcıq əzələsinin daha çox boşalmasına səbəb olur və bu da turşu reflüksünü artırır. Bəzi insanlarda kofein və şokolad da təsiredici ola bilər.
Bəzi insanlar acılı-ədviyyatlı yeməklərin əlamətləri pisləşdirdiyini düşünür. Maraqlıdır ki, bunlar mütləq şəkildə turşu reflüksünü artırmır, lakin acı yeməklərdə olan kapsaisin maddəsi turşu ilə eyni sinir reseptorlarını stimullaşdırır."
Britaniyadakı Royal Berkshire Xəstəxanasında və Reading Universitetində qastroenterologiya üzrə mütəxəssis və akademik tədqiqatçı olan doktor Ceyms Kennedi də qazlı içkilərin geniş yayılmış səbəblərdən biri olduğunu deyir.
Bəzi qidaların həzm problemlərinə səbəb olması ilə bağlı Kennedi belə deyir:
"Bəzi qidalar mədənin tərkibindəki pH səviyyəsini aşağı salaraq onu daha çox turş hala gətirə bilər".
Şokolad kimi digər qidalarla bağlı aparılan araşdırmalar isə göstərir ki, bu qidalar qida borusu ilə mədə arasındakı birləşmə nöqtəsindəki əzələləri boşaldaraq, mədə tərkibinin yuxarıya doğru daha asan axmasına şərait yarada bilər.

Şəklin mənbəyi, Tang Ming Tung/ Getty Images
Bəs mədə yanmasına hansı qidaların səbəb olduğunu necə anlaya bilərsiniz?
Kennedi narahatlıq yaradan qidaları müəyyən etmək üçün onu rasiondan çıxarma üsulu ilə qidalanmağı tövsiyə edir, lakin xəbərdarlıq da edir:
"Amma hər şeyi birdən-birə kəsməyin. İlk öncə yalnız bir qidanı çıxarın. Əgər həmin qida kəsildikdə əlamətlər yox olursa və daha da əsası, yenidən rasiona əlavə edildikdə mədə yanması geri qayıdırsa, çox güman ki, o, səbəbdir".
Bəzi qidalar mədə yanmasını azalda bilərmi?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Vudlend deyir: "Təəssüf ki, reflüksü birbaşa müalicə edən xüsusi qidalar yoxdur".
Ancaq o, xüsusilə yatmağa yaxın saatlarda iri porsiyalı və yağlı yeməklərdən uzaq durmağı tövsiyə edir. Bu, mədə ilə qida borusu arasındakı təzyiq fərqini azaldır və reflüksün qarşısını ala bilər.
Həm Vudlend, həm də Kennedi vurğulayırlar ki, mədə yanmasının qarşısını qidalanma yolu ilə almaq, sonradan əlamətləri dayandırmağa çalışmaqdan qat-qat daha effektivdir.
Vudlend əlavə edir:
"İnternetin böyük bir hissəsi etibarlılığı şübhə doğuran şəxsi təcrübə hekayələri ilə doludur.
Mədə yanması yaradan qidaları azaltmaqla yanaşı, sağlam qidalanmanın reflüksə qarşı qoruyucu ola biləcək başqa üstünlükləri də var. Məsələn, Aralıq dənizi tipli qidalanmada adətən doymuş yağ az, bitki mənşəli məhsullar bol, alkoqol isə məhduddur.
Bu cür qidalanma, adətən, daha aşağı piylənmə səviyyələri ilə əlaqələndirilir. Piylənmə isə turşu reflüksü üçün əsas risk faktorlarından biridir. Bunun əsas səbəbi qarın daxili təzyiqin artması və bunun da turşunun qida borusuna doğru "itələnməsini" təşviq etməsidir".
Kennedi isə qidalanma və reflüks mövzusunda diqqətin yeni qidalar əlavə etməkdən çox, bəzi qidaları çıxarmağa yönəlməli olduğunu bildirir və əlavə edir:
Bununla belə, meyvə, tərəvəz, tam taxıl, balıq və quş əti ilə zəngin olan "ölçülü" bir pəhrizin, digər həyat tərzi dəyişiklikləri ilə birlikdə tətbiq edildikdə reflüks əlamətlərini azalda biləcəyinə dair bəzi sübutlar var, lakin bunun səbəbi hələ də tam aydın deyil.
Aralıq dənizi tipli qidalanma isə ölçülü pəhrizlə müqayisədə daha çox meyvə, tərəvəz və paxlalılar, daha az işlənmiş qırmızı ət ehtiva edir və həmçinin mədə-qida borusu reflüks xəstəliyinin daha aşağı yayılma göstəriciləri ilə əlaqələndirilir".

Şəklin mənbəyi, Catherine Delahaye / Getty Images
Kennedi bildirir ki, geniş istifadə olunan bəzi bitki tərkibli həzm dərmanları mədə yanması zamanı uyğun olmaya bilər:
"Nanə çayı və ya nanə yağı maraqlı bir nümunədir; bağırsaq divarındakı hamar əzələləri boşaltdığı üçün qarın krampları, köp, şişkinlik və qaz kimi mədə-bağırsaq sistemi əlamətlərində çox faydalı rol oynayır.
Lakin bu, eyni zamanda mədə ilə qida borusu arasındakı birləşmə nöqtəsindəki əzələlərin də boşalması deməkdir ki, bu da nəzəri olaraq daha çox turşunun yuxarı qalxmasına və əlamətlərin pisləşməsinə səbəb ola bilər".
Bəzi insanlarda mədə yanması daha tez-tez baş verirmi?
Vudlend deyir: "Piylənmədə olduğu kimi, hamiləlik dövründə də turşu reflüksü xeyli daha çox müşahidə olunur. Bunun səbəbi qarındaxili təzyiqin artmasıdır. Xoşbəxtlikdən, körpə doğulduqdan sonra bu vəziyyət adətən düzəlir".
"Yaş artdıqca turşu reflüksü bir qədər daha geniş yayılır, lakin yaşın təsiri çox böyük deyil.
Zaman keçdikcə mədə yırtığı (hiatal yırtıq) inkişaf etdirmə ehtimalı artır və bu, reflüksü açıq şəkildə gücləndirir. Bu zaman mədənin kiçik bir hissəsi diafraqmanın üzərindən yuxarı sürüşərək döş boşluğuna yerləşir. Bu da qida borusunun reflüksə qarşı qoruyucu baryer gücünü əhəmiyyətli dərəcədə azaldır."
Geniş yayılmasına baxmayaraq, Kennedi yeni yaranan əlamətlərin ciddi qəbul edilməli olduğunu vurğulayır:
"55 yaşdan sonra ortaya çıxan yeni reflüks əlamətləri nəzərdən qaçırılmamalıdır və daha ciddi bir xəstəliyin əlaməti ola biləcəyi üçün mütləq həkimə müraciət edilməlidir".
Kennedi əlavə edir ki, bəzi hallarda əlamətlər daha ciddi bir diaqnoza işarə edə bilər və buna görə də ailə həkiminə müraciət etmək vacibdir:
"Əhəmiyyətli dərəcədə çəki itirən, mədə yanması və ya turşu reflüksü kimi yeni başlayan yuxarı mədə-bağırsaq əlamətləri olan, udma çətinliyi (disfagiya) yaşayan, ürəkbulanma və ya qusma hissi keçirən, çox tez-tez gəyirən və yemək yeyərkən çox tez doyan hər kəs ailə həkiminə müraciət etməlidir. Çünki bəzi hallarda bu əlamətlər daha ciddi bir xəstəliyin göstəricisi ola bilər".



























