Türkiyə ilə Ermənistan arasında sərhəd-keçid məntəqələri açılacaqmı?

Şəklin mənbəyi, AFP
"Əgər Ermənistan bu müddətdə müsbət istiqamətdə inkişaf edəcəksə, biz də Ermənistana qapılarımızı açarıq, ... Türkiyə-Ermənistan münasibətlərində də yeni bir səhifə açıla bilər".
Noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından bir ay sonra Prezident Recep Tayyip Erdoğandan 27 ildir bağlı olan sərhədləri açmaq barədə ilk pozitiv mesaj gəlib.
1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə bu respublikanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olmuşdu.
Ancaq iki il sonra Türkiyə Ermənistanla sərhədini bağladı. Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi idi.
Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər kəsildi.
Münasibətlərin normallaşması üçün yeganə şərt erməni əsgərlərinin Dağlıq Qarabağdan çıxması olub.
Dağlıq Qarabağ işğalı müddətində Yerevan və Ankara arasında bəzi yaxınlaşma cəhdləri olsa da, Azərbaycanın sərt reaksiyası və qarşılıqlı istənilən güzəştlərə razılıq verilməməsi hər dəfə bu prosesi əngəllədi.
İşğal bölgəsində 27 il ərzində masa arxasında əldə edilə bilməyən son müharibə nəticəsində əldə edildi.
27 sentyabrda başlayan hərbi əməliyyatların sonunda, noyabrın 10-da Ermənistan məğlubiyyətini qəbul etdi, Dağlıq Qarabağ ətrafındakı 3 rayondan geri çəkildi (Azərbaycan 4 rayonu hərbi yolla azad etmişdi) və Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirildi.
İşğala son qoyulduqdan bir ay sonra Prezident Erdoğan Azərbaycanın paytaxtı Bakıya gedərək "Zəfər Paradında" iştirak etdi.
Geri qayıdarkən Erdoğan əvvəlcə Ermənistanla qapıların açılacağına işarə etdi; həm Azərbaycan lideri İlham Əliyevin, həm də atəşkəs razılaşmasının vasitəçisi olan Rusiyanın da buna müsbət baxdığını söylədi:
"Hörmətli Putin buna müsbət yanaşır. Aramızdakı telefon danışığında fikrimin necə olacağını soruşdu. "Hörmətli İlham Əliyev buna müsbət yanaşdıqdan sonra mənim üçün buna müsbət yanaşmaq vacibdir," dedim. Hörmətli Putin də bundan çox məmnun qaldı. Dedi: "Nə desəniz, mən də ona üstünlük verəcəyəm". Beləliklə, razılaşdıq".
Görəsən, qapıların açılması necə mümkün olacaq? Türkiyənin şərtləri nədir? Bu suallara cavabı BBC News Türkcədən Ece Göksedef axtarıb.
"İlk əvvəl noyabrın 10-da imzalanan müddəalar həyata keçirilməlidir"
BBC Türkcənin suallarını cavablandıran, adının anonim qalmasını istəyən türkiyəli bir diplomat ilk növbədə atəşkəs şərtlərinin tam yerinə yetirilməsinin vacibliyini qeyd edib:
"Uzun müddətdir bildirdiyimiz kimi, Azərbaycan-Ermənistan münasibətlərindəki normallaşma bölgəmizin sabitliyinə müsbət təsir göstərəcəkdir.
Bunun üçün, ilk növbədə, 9 noyabrda (10 noyabr - BBC News Azərbaycanca) Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış Birgə Bəyanatın müddəaları tam yerinə yetirilməlidir".
Xarici İşlər Nazirliyinin rəsmisi regional əməkdaşlıqda "Ermənistanın özünü oyundan kənar vəziyyətə qoyduğunu" söyləyib:
"Çoxdan dediyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin düzəlməsi Türkiyə-Ermənistan münasibətlərində də öz əksini tapacaq. Ermənistan həqiqətən sülh prosesinin partnyoru kimi çıxış edəcəyi halda, bizdən qarşılıq görəcək. O zaman sərhədlər də açılar, normal münasibətlər qurulmağa başlayar".
"Sözə görə yox, əmələ görə hökm çıxarırıq"
Ermənistan qapıların açılması ilə bağlı mesajlara hələ də aydın bir cavab verməyib.
Başda Prezident Erdoğan olmaqla Türkiyədən verilən mesajlara nə cavab verəcəklərini soruşduğumuz suala Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan yazılı cavabında birbaşa "mümkündür, ya mümkün deyil" şərhi əvəzinə "mesajlara deyil, atılan addımlara baxacağıq" ifadəsini işlədib.
"Biz Türkiyədən gələn mesajlara deyil, atılan addımlara görə hərəkət edəcəyik. Dağlıq Qarabağ xalqına 44 günlük hücum zamanı Türkiyə rəhbərliyinin məqsədi aydın oldu. Türkiyə Dağlıq Qarabağ münaqişəsindən Cənubi Qafqazdakı ekspansionist siyasətini təşviq etmək üçün istifadə etdi. Bu gerçəkliklər gələn bəzi mesajlara görə nəzərə alınmaya bilməz".

Şəklin mənbəyi, Getty Images
"İqtisadi qazanca ehtiyac var, amma vaxt münasib deyil"
Ermənistanın paytaxtı Yerevanda yaşayan jurnalist Mark Qriqoryan bütün bu hadisələr fonunda qonşularla sərhəd qapılarının açılmasını Ermənistan iqtisadiyyatının bərpası üçün ən praktik həll yolu olduğunu sayır, ancaq onun söylədiyinə görə, Dağlıq Qarabağdakı böyük məğlubiyyətdən sonra bu barədə danışmaq hələ tezdir:
"Buradakı başlıca məsələ indi insanların mövcud hökumətə etimadının inanılmaz dərəcədə azalmasıdır. Yəni indi bu hökumətin istənilən addımı mənfi qarşılanır. Əgər hər hansı bir məmur Türkiyə ilə münasibətlərin normallaşmasından danışarsa, bu, yeni bir hərbi məğlubiyyət kimi qarşılanacaq.
Ermənistanın iqtisadi cəhətdən daha çox gəlirə ehtiyacı var. Ən asan yol qonşularla ticarət etməkdir. Ancaq yeni müharibədəki məğlubiyyətə görə bir milli faciə, ciddi itki hissi var. Odur ki, xalqın bir az daha çox zamana ehtiyacı var. Hər kəs buna ehtiyac olduğunun fərqindədir, amma ermənilər üçün indi uyğun vaxt deyil".

Şəklin mənbəyi, Getty Images
"Erməni xalqının Türkiyə və Azərbaycana inamsızlığı ciddi məsələdir"
Qriqoryan deyir ki, qış və yaz aylarında müharibənin təsiri altında iqtisadi durum pisləşəcək və cəmiyyət bunu daha aydın hiss etməyə başlayacaq. Ancaq o zaman sərhəd keçidlərinin açılması cəmiyyətin "özünü təhlükəsiz hiss etməsindən" asılı olacaq:
"Sərhədlərin açılması çox vacib məsələdir, amma indi əsas problem ictimaiyyət arasında milli təhlükəsizliklə bağlı ciddi narahatlığın yaşanmasıdır. İndi bu, gündəliyin bir nömrəli məsələsidir. Türkiyəyə və Azərbaycana inamsızlıq çox böyükdür. Etimadı bərpa etmək çox çətin olacaq, lakin bu, təmin edilən kimi, ermənilər sərhədləri açmaqdan məmnun olacaqlar".
Qriqoryanın sözlərinə görə, əvvəllər münasibətlərin normallaşmasına "Azərbaycan mane olurdusa, indi bu normallaşmaya erməni xalqının problemləri mane olur":
"1915-ci il hadisələri ilə bağlı mübahisələrə baxmayaraq, Yerevan ilə Ankara arasında qapıların açılması istiqamətində hər dəfə müsbət addımlar atıldığı zaman Azərbaycan buna qarşı çıxırdı. İndi isə Azərbaycan hazırdır, lakin bu dəfə Ermənistana mane olan onun çox alçaldıcı məğlubiyyətlə üzləşməsidir".
Dağlıq Qarabağda döyüşlər davam etdiyi dövrdə, Ermənistan parlamentində 2021-ci ilin ilk altı ayı ərzində Türkiyə məhsullarının boykot edilməsi haqqında qərar qəbul edilmişdi. Qriqoryan bu qərarı da xatırladaraq qeyd edib ki, "ən azı həmin dövr ərzində burada qapıların açılması məsələsini qaldırmaq çox çətindir".

Şəklin mənbəyi, Getty Images
"Hər şey Ermənistanın davranışından asılıdır"
Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyir ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatda kommunikasiyaların bərpası məsələsi öz əksini tapıb.
O, Türkiyənin Ermənistanla sərhədinin açılmasını istədiyini, lakin bunun üçün bəzi şərtlərin olduğunu söyləyir.
"Hər şey Ermənistanın davranışından asılıdır. Əgər Ermənistan yenidən revanşist hislərlə yaşayacaqsa, ölkənin yeni xarici işlər naziri Ara Ayvazyan Azərbaycanın Dağlıq Qarabağı işğal etdiyi haqqında absurd bəyanatlar verəcəksə, yenidən hərbi ritorika ilə bağlı fikirlər səslənəcəksə və yaxud Ermənistan yenə Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyəcəksə, bu halda sərhədlərin açılması məsələsi yubana bilər".
Elman Nəsirov deyir ki, Ermənistan "təxribatçı davranışlara son qoyar və yeni reallıqlarla barışarsa, Azərbaycan və Türkiyə Prezidentlərinin dediyi kimi, yeni əməkdaşlıq formatında Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İranın sıralarına qoşula bilər".







