ABŞ və Israilin İrana hücumu: Azərbaycana və regiona hansı təsirləri var? 5 suala cavabda

İran Tehran

Şəklin mənbəyi, Getty

    • Müəllif, Səadət Akifqızı
    • Vəzifə, BBC Azərbaycanca
  • Oxuma vaxtı: 3 dəq

ABŞ və İsrail fevralın 28-də İrana qarşı "geniş miqyaslı hərbi əməliyyata" başlayıb.

Uzun müddətdir gözlənən bu hücumun təhlükəsizliyə, iqtisadi vəziyyətə təsiri nədir? Azərbaycan nə ilə üzləşə bilər?

BBC Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.

1.Regional təhlükəsizlik və hərbi risklər nə ola bilər?

İran ABŞ və İsrail obyektlərini "legitim hədəf" elan edib və artıq Körfəz ölkələrində (Bəhreyn, Qətər, BƏƏ) partlayışlar baş verib.

İranın ABŞ və ya İsrail və ya hər ikisi ikisi ilə yaxşı münasibətləri olan quru sərhəd qonşularını hərbi hədəf kimi görməsi ağlabatan deyil, çünki belə olan təqdirdə, cəbhə genişlənə bilər.

Amma ABŞ-İsrail koaliasiyasının başlatdığı havadan hücumlar vəziyyəti gərginləşdirərək regional təhlükəsizliyi təhdid altına alır.

İran sərhəd boyunca dron, raket və ya kəşfiyyatla bağlı hərəkətlilik ola bilər ki, bu da regionda təhlükəsizlik məsələlərini həssaslaşdıracaq.

Münaqişə uzandığı və ölkə boyi yayıldığı təqdirdə kütləvi qaçqın axını yarana bilər ki, bu da regionda humanitar böhrana səbəb olar, təhlilçilər xəbərdarlıq edirlər.

Azərbaycanın İranla quru sərhədləri bağlı olsa da, eskalasiyanın genişləndiyi təqdirdə Bakı müharibədən qaçmaq istəyən, xüsusilə etnik azərbaycanlılar üçün "qapı"nı açmağa məcbur ola bilər.

Münaqişə İranda hakimiyyət böhranı yarada bilər və bu da müxtəlif etnik qrupların yaşadığı ölkədə etnik maraqların önə çıxmasına səbəb olar: İranın parçalanması isə region ölkələri üçün heç də arzu olunmur.

2. İqtisadi təsirlər nə ola bilər?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bu münaqişəyə görə Azərbaycan artıq bir problemlə üzləşib: İrandan keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb. Bu, Bakı-Naxçıvan-Bakı hava marşrutuna yeganə alternativ idi.

O cümlədən, Yaxın Şərqə uçuşlar qarşılıqlı təxirə salınıb.

İran neftinin bazardan çıxması nəticəsində bölgə ölkələrinin, o cümlədən Azərbaycanın neft gəlirlərinin artması ehtimal olunur, amma münaqişənin uzanması xammal daşımalarında qeyri-sabitlik, xərclərin artmasına gətirib çıxara bilər.

İranın mümkün cavab zərbələri bölgədəki enerji və nəqliyyat infrastrukturuna dolayı risk yarada bilər.

Bu qarşıdurma regionun investisiya mühitindəki riskləri artırır və region ölkələrinin, o cümlədən Azərbaycanın investisiya risk qiymətləndirməsinə təsir edə bilər.

Bu münaqişə fonunda Orta Dəhlizin (Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa) əhəmiyyəti artır.

Bu halda Azərbaycanın tranzit əhəmiyyətliliyi də önə çıxa və onun xidmətlərinə tələbat arta bilər.

Amma yerləşdiyi bölgədə müşahidə olunan gərginlik investorları ehtiyatlı qərar verməyə sövq edə bilər, vəziyyəti qiymətləndirən təhlilçilər deyirlər.

3. Azərbaycan–İran münasibətlərini nə gözləyir?

Azərbaycan bəyan edib ki, başqa ölkələrin onun ərazisindən qonşularına qarşı hərbi müdaxiləyə heç vaxt imkan verməyəcək.

Amma münaqişə kəskinləşərsə və İranın dini hakimiyyətinin tamamilə məhv olmaq təhlükəsi yaranarsa, İsraillə sıx münasibətini gizlətməyən Azərbaycan, ötən il ABŞ-la strateji müttəfiqlik sazişi imzalayan Ermənistan İsrailin və ABŞ-ın müttəfiqləri kimi siyasi hədəfə gələ bilər.

İran daxilində vəziyyət ağırlaşarsa, İranda yaşayan azərbaycanlıların Azərbaycana üz tutmaq ehtimalı var. Bu, Bakının humanitar və təhlükəsizlik baxımından yeni öhdəliklərlə qarşılaşması deməkdir.

Azərbaycan üzərindən tranzit imkanlarının artması Tehranı Bakıya qarşı qıcıqlandıra da bilər ki, bu da iki ölkə arasında gərginliyə səbəb ola bilər.

4. Nəqliyyat və hava məkanında nə baş verir?

ABŞ və İsrailin İrana hücumundan dərhal sonra İran, İsrail, İraq, İordaniya, Qətər, Küveyt, BƏƏ də daxil olmaqla ən azı 8 ölkə hava məkanını bağlayıb.

Bunun fonunda Bakı hava məkanının təhlükəsizliyi və açıq qalması onu alternativ marşrut kimi göstərə bilər.

Regionda yaranmış vəziyyət Orta Dəhlizi (Çin - Mərkəzi Asiya -Xəzər -Azərbaycan - Gürcüstan -Türkiyə -Avropa) üçün strateji şans yaradır.

Ancaq İran Orta Dəhlizin güclənməsinə öz regional mövqeyinin zəifləməsi kimi yanaşarsa, bu, Bakl-Tehran münasibətlərinə mənfi təsir edə bilər.

5. Geosiyasi balans və diplomatik mövqe necə olacaq?

Azərbaycanın getdikcə nəqliyyat və enerji sahəsində regional əhəmiyyətinin artması, Mərkəzi Asiyadan tutmuş Yaxın Şərqlə, o cümlədən ABŞ və Qərblə izlədiyi siyasət onun diplomatik çəkisinə də təsir edib və geosiyasi mövqeyini gücləndirir.

Bəzi şərhçilərə görə, bu faktor Tehranın Bakı ilə bağlı siyasi narahatlıqlarını artıra bilər, yəni, mümkündür ki, belə bir üstünülük özlüyündə risk amili yaratsın.

Təhlilçilərə görə, Azərbaycan üçün ən rasional xətt bu münaqişədə öz neytrallığını qorumasıdır və beynəlxalq hüquqa və diplomatik çağırışlara istinad etməsidir.

İranda dini hakimiyyətin daha da zəiflədilməsi onun Cənubi Qafqazda təsirini azalda bilər.

Dini hakimiyyətin devrilməsi isə Azərbaycana 30 milyonluq etnik azərbaycanlı vasitəsi ilə yeni dövlət sisteminin formalaşmasına təsiri üçün yeni imkanlar aça bilər.

Bu məsələdə Azərbaycan ictimaiyyətində gözləntilər də var ki, Bakı, nəhayət ki, İranda yaşayan etnik azərbaycanlıların milli hüquq və azadlıqlarının qorunmasında rol alsın.