Bowen: Avtoritar rejimlər əvvəl yavaş-yavaş, sonra isə qəfil ölür. Amma İran hələ o nöqtədə deyil

Şəklin mənbəyi, Reuters
- Müəllif, Jeremy Bowen
- Vəzifə, BBC, Beynəlxalq xəbərlər Redaktoru
Avtoritar rejim necə ölür? Ernest Hemingway-in iflasla bağlı məşhur ifadəsində dediyi kimi: əvvəl yavaş-yavaş, sonra isə qəfil.
İranda etirazçılar və onları xaricdən dəstəkləyənlər Tehrandakı İslam rejiminin birdən-birə çökməsini ümid edirdilər.
Lakin İrandan gələn işarələrə baxsaq, əgər rejim doğrudan da ölürsə, bu proses hələ də mərhələli şəkildə gedir.
Son həftələr ərzində İranda baş verən hadisələr rejim üçün ciddi böhran deməkdir.
İranlıların qəzəbi və məyusluğu daha əvvəl də küçələrə çıxmışdı. Ancaq bu son partlayış, ABŞ və İsrailin son iki il ərzində İrana endirdiyi hərbi zərbələrin üzərinə gəldi.
Bununla belə, ailəsini dolandırmaqda çətinlik çəkən iranlılar üçün daha da mühüm olan məsələ sanksiyaların təsiri oldu.
2015-ci ildə imzalanmış və artıq qüvvəsini itirmiş nüvə sazişi çərçivəsində ləğv edilən bütün Birləşmiş Millətlər Təşkilatının sanksiyaları sentyabr ayında Böyük Britaniya, Almaniya və Fransa tərəfindən yenidən tətbiq olundu.
Bu addım İran iqtisadiyyatına vurulan son zərbə idi.
İranda 2025-ci ildə ərzaq inflyasiyası 70 faizdən yuxarı olub.
İran rialı isə dekabr ayında rekord səviyyədə ucuzlaşaraq tarixi minimuma enib.
İran rejimi güclü təzyiq altında olsa da, mövcud faktlar rejimin hələlik ölmək üzrə olmadığını göstərir.
Bu mərhələdə ən vacib məsələ təhlükəsizlik qüvvələrinin rejimə sədaqətini qoruyub saxlamasıdır.
1979-cu il İslam İnqilabından bəri İran rəsmiləri ətraflı və amansız bir repressiya və məcburetmə şəbəkəsi qurmaq üçün həm zaman, həm də böyük maliyyə vəsaiti sərf ediblər.

Şəklin mənbəyi, Reuters
İnqilab Keşikçiləri amili
Son həftələr ərzində rejim qüvvələri küçələrdə İran vətəndaşlarına atəş açmaqla bağlı verilən əmrlərə tabe oldular.
Nəticə etibarilə, hakimiyyətin rabitəni kəsdiyi bir ölkədə deyə bildiyimiz qədərilə, bir neçə həftədir davam edən etirazlar artıq başa çatıb.
Etirazların yatırılmasında ön cəbhədə yer alan İnqilab Keşikçiləri, İranda ən güclü qurumlardan biridir.
İnqilab Keşikçiləri birbaşa ali dini lider Ayətullah Əli Xameneiyə tabedir. Onların xüsusi vəzifəsi 1979-cu il İslam İnqilabının ideologiyasını və mövcud idarəetmə sistemini qorumaqdır.
İnqilab Keşikçilərinin təxminən 150 min silahlı üzvü olduğu və İranın klassik ordusuna paralel şəkildə fəaliyyət göstərdiyi güman edilir.
Eyni zamanda İnqilab Keşikçiləri İran iqtisadiyyatında da mühüm rol oynayan bir qurumdur.
Güc, pul, korrupsiya və ideologiyanın bu güclü qarışığı İnqilab Keşikçilərinin sistemi nə bahasına olursa-olsun müdafiə etmək istədiyi anlamına gəlir.

Şəklin mənbəyi, Reuters
Bəsic milisləri niyə önəmlidir?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İnqilab Keşikçilərinin könüllülərdən ibarət yarımhərbi qüvvəsi də var — Bəsic.
Bəsic milisləri milyonlarla üzvlərinin olduğunu iddia edir.
Bəzi Qərb mənbələrinin hesablamalarına görə isə aktiv xidmətdə olan Bəsic üzvlərinin sayı yüz minlərlə ölçülür ki, bu da hələ də çox böyük rəqəmdir.
Bəsic, rejimin etirazçılara qarşı tətbiq etdiyi təzyiqin ən sərt ucu sayılır.
2009-cu ildə, mübahisəli prezident seçkilərindən sonra Tehranda keçirilən kütləvi etirazların yatırılması zamanı İnqilab Keşikçiləri və Bəsic milislərinin necə hərəkətə keçdiyini şəxsən görmüşəm.
Bəsic könüllüləri rezin dəyənəklər və taxta çubuqlarla silahlanmış halda küçələrə düzülmüşdülər.
Onların arxasında isə avtomat silahlı, uniformalı şəxslər dayanırdı.
Motosikletli dəstələr Tehranın geniş prospektlərində etiraz aksiyası keçirməyə çalışan qrupların üzərinə doğru hərəkət edirdi.
İki həftədən də az bir müddətdə küçələri bağlayan kütləvi etirazlar, şüarlar səsləndirən və zibil konteynerlərini yandıran kiçik tələbə qruplarına qədər azaldı.
Axşamlar insanlar balkonlara və damlara çıxaraq valideynlərinin vaxtilə Şaha qarşı etdiyi kimi "Allahu Əkbər" (Allah Böyükdür) şüarları səsləndirməyə başladılar. Ta ki bu da dayanadək…
Tramp Si Cinpinlə zirvəni riskə atmaq istəyərmi?
İranda təhlükəsizlik qüvvələrinin davamlı və möhkəm görünməsi ali dini liderin və ya onun ətrafının rahatlaşa biləcəyi anlamına gəlmir.
ABŞ Prezidenti Donald Tramp hələ də hərəkətə keçə biləcəyi ilə hədələyir.
Rejimin süqutunu istəyən milyonlarla iranlı yəqin ki, qəzəb və hiddətlə doludur.
Tehranda hökumət və ali dini lider üzərlərindəki təzyiqi azaltmağın yollarını axtarırmış kimi görünür.
Bir tərəfdən sərt rəsmi ritorika var, digər tərəfdən isə ABŞ ilə danışıqları yenidən başlatmaq təklifi irəli sürülür.
İki tərəfin İranın nüvə planları və ballistik raket proqramı ilə bağlı necə razılığa gələ biləcəyini təsəvvür etmək çətindir.
Ancaq danışıqlar İrana vaxt qazandıra bilər. Xüsusilə də Tramp, ehtimal çox aşağı olsa belə, bir razılaşmanın mümkün olduğuna inandırıla bilsə.
Tramp təzyiq kampaniyasının bir hissəsi olaraq, İranla ticarət edən istənilən ölkənin mallarına 25% gömrük rüsumu tətbiq edəcəyini bildirir.
Bunun necə işləyə biləcəyini görmək isə yenə də çətindir.
İran neftinin böyük hissəsini Çin alır.
Tramp və Çin Prezidenti Si Cinpin ötən payız aralarındakı ticarət müharibəsində atəşkəs elan etmişdilər və iki liderin aprel ayında Pekində zirvə görüşü planlaşdırılırdı.
Bu zirvədə dünyanın iki supergücünün üzləşdiyi ən böyük problemlərin müzakirə olunması nəzərdə tutulur.
Bəs Tramp sırf İran üzərində təzyiqi davam etdirmək üçün bu zirvəni riskə atmaq və ya pozmaq istəyərmi?
Tehranda yaşlanan ali dini lider Ayətullah Əli Xameneinin əsas prioriteti İslam Respublikasının idarəetmə sistemini qorumaqdır.
Yeni etiraz dalğalarına qarşı çox sərt cavab verilə bilər.
Etirazçılar arasında vahid və ardıcıl liderliyin olmaması isə rejim üçün üstünlükdür.
Təxminən 50 il əvvəl inqilabla devrilmiş Şahın böyük oğlu etirazçıların ehtiyac duyduğu lider olmağa çalışır.
Lakin Rza Pəhləvinin cazibəsi onun ailə keçmişi və İsraillə olan yaxın əlaqələri səbəbilə məhdud görünür.

Şəklin mənbəyi, WANA/Reuters
Əsədin aqibəti narahatlıq yaratmış ola bilər
Tehrandakı din xadimlərini və hərbçiləri narahat edə biləcək bir dərs keçmiş müttəfiqlərindən gəlib — Suriyanın sabiq prezidenti Bəşər Əsəddən.
Əsəd müharibəni qazanmış kimi görünürdü. 2024-cü ilin sonlarında yaxşı təşkilatlanmış bir üsyançı hücumu ilə üzləşdiyi vaxt, Səudiyyə Ərəbistanı və Ərəb Birliyi tərəfindən tədricən yenidən qəbul olunmağa başlamışdı.
Lakin onun ən mühüm iki müttəfiqi Rusiya və İran nə onu xilas etməyə istəkli idilər, nə də bəlkə bunun üçün kifayət qədər gücləri vardı.
Bir neçə gün ərzində Əsəd və ailəsi Moskvaya sürgünə getdi.
Avtoritar rejimlər əvvəlcə yavaş-yavaş, sonra isə birdən-birə çürüyür.
Əsədin Suriyası çökəndə hadisələr son dərəcə sürətlə inkişaf etdi.
Tehranda nəzərdən keçirilə biləcək başqa bir nümunə də 2011-ci ildə Tunis prezidenti Zeynəlabidin bin Əlinin devrilməsidir. Bu zaman ordu, etirazçıları təhlükəsizlik qüvvələrindən qorumaq üçün hərəkətə keçmişdi.
Bin Əlinin devrilməsi Misirdə Hüsnü Mübarəkin istefasını sürətləndirdi.
Əgər Misir ordusu öz mövqeyini qorumaq üçün Hüsnü Mübarəkin getməli olduğuna qərar verməsəydi, Mübarək genişmiqyaslı etirazlara baxmayaraq hakimiyyətdə qala bilərdi.
Bəs bu İranda baş verə bilərmi?
Bəlkə. Amma hələlik yox.
İslamçı rejimin müxalifləri həm ölkə daxilində, həm də xaricdə təzyiqlərin artacağına, eyni zamanda etibarlı bir lider komandasının meydana çıxacağına ümid edəcəklər.
Çünki yalnız bu halda çürümə prosesi sürətlənə, tədrici mərhələdən çıxaraq ani süqut mərhələsinə keçə bilər.







