Xamenei minlərlə insanın öldürüldüyünü etiraf edib

İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei Tehranda yanvarın üçündə çıxış edib.

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Jack Burgess
    • Müəllif, Ghoncheh Habibiazad
    • Vəzifə, BBC Farsca

İranın Ali Dini Lideri Ayətullah Xamenei ilk dəfə olaraq son etirazlarda minlərlə insanın öldürüldüyünü ictimai şəkildə etiraf edib.

O deyib ki, onlardan "bəziləri qeyri-insani, qəddarlıqla" öldürülüb.

ABŞ-da mənzillənən İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, iğtişaşlarda zorakı müdaxilə nəticəsində 3090 nəfər həlak olub.

Bəzi fəallar ölənlərin sayı daha yüksək hesab edirlər. İnternetin kəsilməsi dəqiq məlumat əldə etməyi olduqca çətinləşdirib.

Yanvarın 17-dəki çıxışında Ayətullah Əli Xamenei minlərlə insanın öldüyünü bildirib və ölümlərə görə ABŞ-ı günahlandırıb.

ABŞ Prezidenti Donald Trump bu yaxınlarda İranda nümayiş edənləri "etirazlarını davam etdirməyə" çağırıb və təhlükəsizlik qüvvələri onları öldürərsə, İranı hərbi müdaxilə ilə hədələyib.

Dekabrın 28-də iqtisadiyyatla bağlı başlayan etirazlar İranın ali liderinin hakimiyyətinə son qoyulması çağırışlarına çevrilib.

İran hökuməti nümayişləri İranın düşmənləri tərəfindən dəstəklənən "iğtişaşlar" adlandırıb.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Etirazçılara qarşı ölümcül güc tətbiq edilib və təhlükəsizlik qüvvələrinin nümayişlərdə atəş açdığını göstərən videolar həm BBC Farsca, həm də BBC Verify tərəfindən təsdiqlənib.

İranda internet və rabitə xidmətləri demək olar ki, tamamilə qapadılıb.

İnternetə nəzarət həyata keçirən NetBlocks monitorinq xidmətinə görə, şənbə günü ümumi bağlantı normal trafikin təxminən 2 faizi səviyyəsində olub.

Son günlərdə iğtişaşlarla bağlı daha az məlumat gəlsə də, internetə çıxış hələ də məhdud olduğundan, ərazidəki hadisələrin necə inkişaf etdiyi də məlum deyil.

İranın cənub-qərbindəki Şiraz şəhərindən bir qadın BBC Farsca xidmətinə bildirib ki, "təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətdə saxlamaq üçün hələ də motosikletlərlə patrul xidməti aparırlar, lakin ümumilikdə hər şey normal vəziyyətə qayıdıb".

Şənbə günü Xamenei həmçinin deyib ki, İran Prezident Trumpı "cinayətkar" hesab edir.

O bildirib ki, ABŞ-ın son iğtişaşlara görə "məsuliyyət daşımalıdır".

Xamenei həmçinin sosial mediada iddia edib ki, Amerikanın məqsədi İranı diri-diri "udmaqdır".

Trump hələlik ali liderə cavab verməyib və BBC şərh almaq üçün Ağ Evə müraciət edib.

ABŞ Dövlət Departamenti şənbə günü bildirib ki, "İslam Respublikasının Amerika bazalarını hədəf almaq üçün variantlar hazırladığı barədə eşidib".

İranın belə bir hücuma başlayacağı təqdirdə "çox, çox güclü bir qüvvə" ilə qarşılaşacağı bildirilib və Tehrana "Prezident Trumpla oyun oynamamaq" barədə xəbərdarlıq edilib.

ABŞ Prezidenti çərşənbə günü ona "İranda qətllərin dayandırıldığı" deyildiyini, lakin ölkəyə qarşı hərbi əməliyyatların mümkünlüyünü istisna etmədiyini əlavə edib.

Bundan əvvəl ABŞ və Böyük Britaniya Qətərdəki Əl-Udeid hava bazasındakı heyətlərinin sayını azaldıb.

Rəsmilər BBC-nin ABŞ tərəfdaşı olan CBS-ə bildiriblər ki, Amerika qoşunlarının qismən geri çəkilməsi "ehtiyat tədbiri"dir.