Qiymət artımlarından siyasi çıxılmazlığa: İranda küçə etirazlarının səbəbləri

- Müəllif, Mesut Azar
- Vəzifə, BBC News Farsca
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İranda küçə etirazlarının yenidən başlaması çox az adam üçün gözlənilməz oldu.
Siyasət və iqtisadiyyat üzrə mütəxəssislər uzun müddətdir ki, "ac qalan insanların" yenidən küçələrə çıxacağını proqnozlaşdırırdılar.
Xalqın gözləntiləri və İrandakı ağır iqtisadi vəziyyət cəmiyyətin bir partlayışın və etiraz dalğasının astanasında olduğunu göstərirdi.
Sadəcə, bunun vaxtı, yeri və alovu alışdıracaq qığılcım bəlli deyildi.
Ağır iqtisadi təzyiqlər və siyasi çıxılmazlığın üst-üstə düşməsi yeni küçə etirazları üçün zəmin yaratdı.
Mövcud etirazların ilk günlərində hökumət və ona bağlı media xalqın narazılığını "anladıqlarını" bildirsə də, bunu əsasən dolanışıq problemləri ilə məhdudlaşdırmağa çalışdı.
Lakin etirazçılarla yaşanan gərginliklər və zorakılıqla müşayiət olunan toqquşmalar barədə xəbərlər artdıqca, rəsmi qurumların tonu getdikcə sərtləşdi.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bəzi bölgələrdə "qiyamçılar" və "ictimai asayişi və təhlükəsizliyi pozanlar" adlandırılan şəxslərə qarşı "qanuni, məhkəmə yolu ilə və qətiyyətli cavab" verilməsinə çağırışlar edildi.
İlk bir neçə gün ərzində Prezident Məsud Pezeşkian və onun hökuməti, onu tənqid edən media orqanları tərəfindən mövcud vəziyyətin əsas səbəbi kimi göstərildi.
Dini lider Əli Xameneiyə və ya ümumilikdə sistemə qarşı səsləndirilən şüarlardan isə bəhs olunmadı.
Hökumət sözçüsü də eyni mövqeni davam etdirdi, lakin əhalinin dolanışığını asanlaşdırmaq məqsədilə təklif edilən ərzaq yardımı və kredit sistemi etirazların alovunu söndürə bilmədi.
Son aylarda yerli media qurumları qiymət artımları, yaşayış xərclərinin yüksəlməsi və əmək bazarındakı xaosun nəticələrinin yeni bir xalq etirazına zəmin yaradacağı barədə iqtisadçılar və siyasi-ictimai fəalların xəbərdarlıqlarını dəfələrlə gündəmə gətirmişdi.
İqtisadçı Səid Leylaz küçə etirazlarının başlamasından iki gün əvvəl belə demişdi:
"İran talan edilib və ölkənin xaricdə heç bir aktiv varlığı qalmayıb".
O, sözlərinə belə davam etmişdi:
"İranın bank sistemindəki aktivlərin 40 faizi yalnız kağız üzərində mövcuddur. Ölkənin iqtisadi artımı isə sıfırdır".
Leylaz Khabar Online xəbər saytına verdiyi müsahibədə "İran İslam Respublikasının legitimliyinin dibə vurduğunu və çürüdüyünü" vurğulamış, "iqtisadi problemlərin həlli üçün köklü tədbirlərin görülməsinin vacibliyini" bildirmişdi.
O, 2017-ci il etirazları zamanı İslam Respublikası və Xameneinin "sistemin özünümü, yoxsa onun tərkib hissələrinimi ayaqda saxlamaq lazımdır?" kimi çətin bir sualla üz-üzə qaldığını qeyd edərək əlavə etmişdi:
"Sistem hələ də özünün tərkib hissələrindən daha vacib olduğu, tərkib hissələrinin özəyinə qədər korrupsiya içində batdığı və sistemin bütün hissələrinin bu talanda rol oynadığı qənaətinə gəlməyib".
Səid Leylaz kimi şəxslərin baxışına görə, "rejimin rəhbərləri" məqsədlərinə çatmaq üçün ölkəni "çıxmaza" sürükləyiblər və öz maraqlarını qorumaq naminə ölkənin parçalanmasına belə razı ola bilərlər.
Ölkədəki vəziyyətlə bağlı bu cür xəbərdarlıqlara baxmayaraq, dini lider Xamenei ciddi narahatlıq nümayiş etdirmir.
Keçən ay tərəfdarları ilə keçirdiyi görüşdə, Xuzistanda ölümlərə səbəb olan toz fırtınasına görə tənqid edilərkən belə demişdi: "İslam Respublikası irəliləyir. Çox problemlərimiz var, Xuzistandakı toz bunların ən kiçiklərindən biridir. Amma ölkə inkişaf edir və yoluna davam edir".

Şəklin mənbəyi, KHABARONLANE
Etirazlar niyə yenidən alovlandı?
Keçmiş etirazlara nəzər saldıqda görünür ki, İranda hər bir etiraz dalğasına müəyyən bir hadisə təkan verib.
2017-ci ildəki "Bahalaşmaya yox" şüarından tutmuş, 2019-cu ildə benzin qiymətlərinin artırılmasına, eləcə də Məhsa Əmininin ölümü nəticəsində formalaşan "Qadın, Həyat, Azadlıq" hərəkatına qədər bütün hallarda konkret bir qığılcım mövcud olub.
Siyasi məsələlər üzrə mütəxəssis Navid Kalhoroudi hesab edir ki, son etirazlar əvvəlki nümunələrdən dörd əsas cəhətə görə fərqlənir.
O, BBC Farsçaya verdiyi müsahibədə bu fərqlərdən birincisini "işdən kənarlaşdırılma vəziyyəti" kimi təsvir edir.
Kalhoroudinin sözlərinə görə, İran İslam Respublikası 2025-ci ildə İsraillə baş verən 12 günlük toqquşmadan sonra faktiki olaraq, "dondurulmuş vəziyyətdə" qalıb.
Cəmiyyətin və hökumətin böyük bir hissəsi böyük bir hadisə gözləyir, buna görə də praktikada heç kim heç nə etmir və heç bir qərar qəbul edilmir.
Tehran Universitetinin siyasi elmlər professoru olan Kalhoroudi ikinci amilin "monarxiya dəyişəni" olduğunu düşünür.
O bildirir ki, Məhsa Əmini hərəkatı zamanı bütün müxalif qruplar siyasi səhnədə fəal idi, lakin son etirazlarda onların geri çəkildiyi müşahidə olunur.
İran İslam İnqilabı zamanı devrilmiş son şahın oğlu Rza Pəhləvi və onun tərəfdarları özlərini legitim güc və İran İslam Respublikasına alternativ kimi gördüklərini bildirirlər.
Kalhoroudinin fikrincə, İran hökumətinin davranışı da Rza Pəhləvini əsas təhlükə, rəqib və alternativ kimi qəbul etdiyini göstərir.
Kalhoroudi hesab edir ki, ölkə hazırda "keçid mərhələsindədir", cəmiyyətdə radikal mövqelər güclənir və ictimai rəy, o cümlədən sənətçilər də daxil olmaqla, cəmiyyətin müxtəlif təbəqələri hökumətlə açıq sərhəd çəkməyə məcbur edilir.
Yeni nəsil, xüsusilə də tələbələr, nə reformist, nə də fundamentalist hərəkatlarla siyasi bağlara malikdir.
Məsud Pezeşkianın problemləri həll etməkdə aciz qalması isə ölkənin vəziyyətinin yaxşılaşacağına dair son ümidləri də puça çıxarıb.
Ölkənin iqtisadi vəziyyətinə də toxunan Kalhoroudi İrandakı etirazları "tamamilə iqtisadi xarakterli" hesab edir və Məhsa Əmini hərəkatından fərqli olaraq, hökumətin bu etirazları "xarici düşmənlə əlaqələndirə bilməyəcəyinə" inanır.
Navid Kalhoroudidən son etirazların əvvəlkilərə nə dərəcədə bənzədiyi soruşulduqda, o belə cavab verir:
"Etirazçılar əvvəlki illərdə olduğu kimi yenə küçələrə çıxdı və hökumət də etirazları necə yatıracağını və nəzarət altına alacağını bilir".
O, xaricdəki hökumət əleyhdarı qüvvələrin hələ də passiv olduğunu və İrandakı təhlükəsizlik qüvvələrinin bütövlüyünün hələ də qorunduğunu düşünür.

Şəklin mənbəyi, navid_kalahroudii
Pezeşkian nə edəcək?
Satıcıların dolların bahalaşmasına etiraz olaraq dükanlarını bağlaması və etiraz dalğasının küçələrə yayılmasından sonra Məsud Pezeşkian etirazların üçüncü günündə bir qrup sahibkar və bazar satıcısı ilə görüşərək problemləri həll edəcəyinə söz verdi.
Hammihan qəzetinin baş redaktoru Məhəmməd Cavad Ruh Ensaf News-ə verdiyi müsahibədə iqtisadi problemlər və sanksiyalar aradan qaldırılmadığı təqdirdə "bu cür görüşlərin formal xarakter daşıyacağını və yalnız təsəlli verməklə məhdudlaşacağını" vurğuladı:
"İcra hakimiyyətinin ali məsul şəksi kimi Prezidentin etirazçıların səsini eşitdiyini açıqlaması ilk baxışda müsbət addımdır.
Lakin bu reaksiyanın etirazlar artıq küçələrə yayıldıqdan sonra ortaya çıxması passiv və reaktiv bir yanaşmadan xəbər verir və dialoq mexanizminin niyə etirazlar başlamazdan əvvəl işə salınmadığı sualını doğurur".
Prezidentliyinin ilk günlərindən etibarən çoxsaylı daxili və xarici böhranlarla üzləşən Pezeşkian bu dəfə öz xalqı ilə qarşı-qarşıya qalmış kimi görünür.
Halbuki, cəmi bir ay əvvəl belə demişdi: "Bunu dəfələrlə demişəm: əgər kimsə xalqın qarşısında dayanacaqsa, o anda mən olmayacağam".
Fararou xəbər və analiz saytı Prezidentin səhvlərindən bəhs etdiyi məqaləsində onun ilk səhvinin prezidentliyə namizədliyini irəli sürməsi olduğunu yazdı.
Sayt Pezeşkianın seçki nəticələri və qələbəsi qarşısında "şoka düşdüyünü" xatırladaraq onun sözlərini sitat gətirdi:
"Tibb fakültəsinə qəbul olunanda necə şoka düşmüşdümsə, indi də prezident olacağımı düşünmədiyim üçün eyni hissi yaşadım".
Bu analitik media orqanı hökumətin "birlik" şüarı ideyasını tənqid edərək Pezeşkianın qərar verməkdə tərəddüdlü davranmasına diqqət çəkdi və onun tez-tez etdiyi çıxışları "danışıq terapiyası" adlandırdı.
İqtisadçı Səid Leylaz da bu yanaşma ilə razılaşaraq deyir:
"Pezeşkian hökuməti qərar qəbul etməkdən çəkinən bir mərhələyə gəlib və faktiki olaraq heç bir qərar verilmir. Çoxsaylı iclaslar keçirilir, amma heç bir nəticə yoxdur. Hətta səhv də olsa, qərar verə bilən bir sistem mövcud deyil".
Siyasi fəal və jurnalist Abbas Abdi isə İtimad qəzetində dərc olunan məqaləsində benzin qiymətlərinin artırılması ilə xalq etirazları arasındakı əlaqəni rədd edir:
"Xalq etirazlarının başqa, daha dərin kökləri var və bu narazılıq getdikcə güclənir. Benzinin qiymətini sabit saxlamaqla insanlara bəhanə verməməyə çalışırlar, amma narazılığın mənbəyini qurutmurlar. Nəticədə məmnuniyyətsizlik artır və belə vəziyyətlərdə gec-tez etiraz üçün bir səbəb tapılır".
Rəsmilər "küçə"ni necə görür?

Şəklin mənbəyi, PRESIDENT.IR
İran hökuməti insanların küçəyə çıxmasına həmişə həssas yanaşıb.
Küçə mitinqləri hökumətə dəstək məqsədi daşıdıqda rəsmi mediada geniş şəkildə işıqlandırılır.
Lakin bu toplantılar etiraz xarakteri aldıqda, rəsmilərin bu cür aksiyalara münasibəti və istifadə etdikləri dil dəyişir.
İnqilabdan sonrakı illərdə İran hökuməti təkcə küçə etirazlarına dözümsüz yanaşmaqla kifayətlənməyib, eyni zamanda küçə konsertlərinin keçirilməsindən, hətta böyük kütlələrin toplandığı futbol oyunlarının təşkilindən də çəkinib.
Homayun Şəcariyanın Azadlıq Meydanında planlaşdırılan konsertinin ləğv edilməsi və eyni zamanda Tehran Bələdiyyəsinin İnqilab Meydanında İran Dövlət Yayım Qurumu (IRIB) tərəfindən geniş reklam olunan bir konsert təşkil etməsi, ictimai toplantılara qarşı tətbiq edilən ikili yanaşmanın bariz nümunəsi kimi göstərilir.
İranın yerli mediası və xəbər agentliklərinin yayımına baxıldıqda, davam edən küçə etirazları ilə bağlı xəbərlərin ilk günlərdə xüsusi diqqətlə verildiyi müşahidə olunur. Buna Əli Xameneiyə yönəlmiş "struktur baxımından dağıdıcı" şüarların xəbərlərdən çıxarılması və ya tonunun yumşaldılması, eləcə də "Etirazçılarla görüş" kimi başlıqlardan istifadə edilməsi daxildir.
"Milli Konsensus Hökumətinin rtirazlara fərqli yanaşması" və"Etirazçılar düşmənlərin istismarına qarşı məsafəlidir" kimi başlıqlar da həmin dövrdə istifadə olunan ifadələr arasında yer aldı.
Bu arada başqa bir media qurumu olan IRIB benzin və valyuta bazarı ilə bağlı xəbərlərdə özünü "səhnədə ilk danışan" kimi təqdim etdi.
İranın müxtəlif şəhərlərində etirazçılar mövcud olmağa davam etdikcə, hökumətin dolanışıq şəraitinin yaxşılaşdırılması və müvəqqəti karantin vədləri nümayişləri yatırmayıb.
Etirazlar davam etdikcə, bəzi rəsmilər dolanışıqla bağlı etirazlarla "dağıdıcı hərəkətlər" adlandırdıqları aksiyaları bir-birindən ayırmağa çalışdı.
Bu çərçivədə Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani etiraz edən sahibkarların mövqeyinin "dağıdıcı ünsürlərdən" fərqli olduğunu bildirdi və bu daxili məsələyə xarici müdaxilənin regionda daha genişmiqyaslı sabitliyin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etdi.
Bu açıqlama, ABŞ Prezidenti Donald Trampın İran hökumətini etirazçıları "öldürəcəyi təqdirdə" ABŞ-ın onları "xilas edəcəyi" ilə bağlı hədələyici bəyanatına dolayı bir cavab kimi qiymətləndirilir.
Eyni zamanda, Tehran cümə namazının imamı Məhəmməd Cavad Hac Əli Əkbəri yanvarın 2-də oxuduğu xütbədə bazar satıcıları və sənətkarların iqtisadi qeyri-sabitlik və valyuta məzənnələrinin artımı ilə bağlı narahatlıqlarını "real və haqlı" adlandırdı.
O bildirib ki, hökumət və rejim bu dolanışıq problemlərinin fərqindədir və onların həllini prioritet hesab edir.
Bununla yanaşı, qanuni etirazların hüquqi çərçivələr daxilində qalmalı olduğunu vurğulayaraq, iqtisadi problemlərin təhlükəsizlik böhranına çevrilməsinin insanların dolanışıq mənbələrinə ciddi zərər verə biləcəyi barədə xəbərdarlıq edib.
İran hökumətinə yaxın bəzi rəsmilərin və media qurumlarının üslub dəyişərək etirazçıları "qiyamçı" kimi təqdim etməyə başlaması fonunda etirazların davam etməsi, coğrafi baxımdan yayılması və müxtəlif sosial qrupların bir araya gəlməsi halında, İran hökumətinin etirazçılara yanaşması və media siyasəti yenidən ciddi bir sınaq qarşısında qalacaq.







