İranın son şahının oğlu Rza Pəhləvi kimdir?

İranda bir çox etirazçı ölkənin son şahı Məhəmməd Rza Pəhləvinin sürgündə yaşayan oğlu Rza Pəhləvinin geri qayıtmasını tələb edir.

Şəklin mənbəyi, AFP

İranda bir çox etirazçı ölkənin son şahı Məhəmməd Rza Pəhləvinin sürgündə yaşayan oğlu Rza Pəhləvinin geri qayıtmasını tələb edir.

Rza Pəhləvinin özü də insanları küçələrə çıxmağa çağırıb. Bəs keçmiş vəliəhd kimdir və onun nə qədər dəstəyi var?

Doğulduğu gündən İran taxtının varisi kimi yetişdirilən Rza Pəhləvi, 1979-cu il inqilabı atasının monarxiyasına son qoyanda ABŞ-da qırıcı təyyarə pilotu hazırlığı keçirdi.

O, uzaqdan atasının vaxtilə Qərb müttəfiqləri tərəfindən dəstəklənən Məhəmməd Rza Şah Pəhləvinin başqa ölkədə sığınacaq tapmaqda çətinlik çəkdiyini və sonda Misirdə xərçəng xəstəliyindən vəfat etdiyinin şahidi idi.

Hakimiyyətin qəfil itirilməsi gənc vəliəhd və ailəsini vətəndaşlığı olmayan, sürgündə yaşayan az sayda monarxiya tərəfdarlarının və xeyirxah insanların dəstəyinə möhtac vəziyyətdə qoydu.

Sonrakı onilliklərdə ailə bir neçə dəfə faciə ilə üzləşdi. Onun kiçik bacısı və qardaşı öz həyatlarına son qoydular, bu isə Rza Pəhləvini tarixə qovuşduğu düşünülən bir sülalənin simvolik başçısı elədi.

İndi isə 65 yaşında olan Rza Pəhləvi yenidən ölkəsinin gələcəyinin formalaşmasında rol almağa çalışır.

Vaşinqton yaxınlığındakı sakit bir qəsəbədəki evindən tərəfdarları onu təvazökar və əlçatan biri kimi təsvir edirlər: o, tez-tez həyat yoldaşı Yasminlə birlikdə, gözəçarpan mühafizə olmadan yerli kafelərə gedir.

2022-ci ildə bir yoldan keçən şəxs ondan İran etiraz hərəkatının lideri olub-olmadığını soruşanda, Rza Pəhləvi və Yasminin eyni anda belə cavab verdikləri bildirilir: "Dəyişiklik daxildən gəlməlidir".

Lakin son illərdə onun tonu daha qətiyyətli olub.

2025-ci ildə İsrailin hava zərbələri nəticəsində bir neçə yüksək rütbəli iranlı generalın öldürülməsindən sonra Rza Pəhləvi Parisdə keçirdiyi mətbuat konfransında İslam Respublikasının süqutu halında keçid hökumətinə rəhbərlik etməyə hazır olduğunu bəyan etdi.

Bundan sonra o, müvəqqəti idarəçilik üçün 100 günlük planını açıqlayıb.

Rza Pəhləvi bildirir ki, bu yeni özünəinam sürgündə əldə etdiyi dərslərdən və atasının yarımçıq qalan, onun sözləri ilə desək, "tamamlanmamış missiyasından" qaynaqlanır.

"Bu, keçmişi bərpa etmək haqqında deyil", – deyə o, Parisdə jurnalistlərə bildirib.

"Bu, bütün iranlılar üçün demokratik gələcəyin təmin olunması haqqındadır".

Rza Pəhləvi (sağda əyləşən) 1967-ci ildə Tehranda atasının tacqoyma mərasimində.

Şəklin mənbəyi, UPI/Bettmann Archive/Getty Images

Şəklin alt yazısı, Rza Pəhləvi (sağda əyləşən) 1967-ci ildə Tehranda atasının tacqoyma mərasimində.

1960-cı ilin oktyabrında Tehranda anadan olan Rza Pəhləvi əvvəlki iki nikahdan kişi varis dünyaya gəlmədikdən sonra şahın yeganə oğlu idi.

O, imtiyazlarla əhatə olunmuş bir mühitdə böyüyüb, xüsusi müəllimlər tərəfindən təhsil alıb və erkən yaşlardan monarxiyanı qorumaq üçün hazırlanıb.

17 yaşında qırıcı təyyarə pilotu kimi təlim keçmək üçün Texas ştatına göndərilib. Lakin vətənə qayıdıb xidmət etməmişdən əvvəl inqilab atasının hakimiyyətini devirib.

O vaxtdan bəri Rza Pəhləvi ABŞ-da yaşayır. O, politologiya təhsili alıb, İran əsilli amerikalı hüquqşünas Yasminlə evlənib və üç qız övladı böyüdüb: Nur, İman və Fərəh.

Bölücü miras

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Sürgündə olmasına baxmayaraq, Rza Pəhləvi monarxiya tərəfdarları üçün güclü bir simvol olaraq qalır.

Bir çoxları Pəhləvilər dövrünü sürətli modernləşmə və Qərblə daha sıx əlaqələr zamanı kimi xatırlayır.

Digərləri isə bu dövrü senzura, qorxu və müxalifəti susdurmaq üçün istifadə edilən, insan haqları pozuntuları ilə tanınan SAVAK gizli polisi ilə əlaqələndirir.

İllər ərzində onun İrandakı populyarlığı dəyişkən olub.

1980-ci ildə Qahirədə simvolik tacqoyma mərasimi keçirərək özünü şah elan edib.

Bu addım praktiki baxımdan ciddi təsir göstərməsə də, bəzi tənqidçilər bunun onun hazırkı demokratik islahat mesajına zərər verdiyini deyirlər.

O, 2013-cü ildə yaradılan Azad Seçkilər üçün İran Milli Şurası da daxil olmaqla, bir neçə müxalif koalisiya formalaşdırmağa cəhd edib.

Lakin onların əksəriyyəti daxili fikir ayrılıqları və İran daxilində məhdud təsir imkanları səbəbindən uğur qazana bilməyib.

Sürgündəki bəzi müxalif qruplardan fərqli olaraq, Rza Pəhləvi zorakılığı qəti şəkildə rədd edib və Mücahidinə-Xalq (MEK) kimi silahlı qruplaşmalardan uzaq durub.

O, dəfələrlə dinc keçidə və İranın gələcək siyasi sistemini müəyyənləşdirmək üçün ümummilli referendumun keçirilməsinə çağırış edib.

2023-cü ildə İsrailə edilən mübahisəli səfər Pəhləvi ətrafında fikirləri kəskin şəkildə bölüb

Şəklin mənbəyi, EPA-EFE/REX/Shutterstock

Şəklin alt yazısı, 2023-cü ildə İsrailə edilən mübahisəli səfər Pəhləvi ətrafında fikirləri kəskin şəkildə bölüb

Rza Pəhləvi son illərdə yenidən diqqət mərkəzinə düşüb.

2017-ci ildə hökumət əleyhinə etirazlar zamanı onun babasına işarə edən "Rza şah, ruhun şad olsun" şüarları yenidən səsləndirilib.

2022-ci ildə Məhsa Əmininin polis nəzarətində öldürülməsi ölkə miqyasında etirazlara səbəb oldu və bu hadisə Pəhləvini yenidən medianın diqqətinə gətirdi.

Onun İran müxalifətinin parçalanmış qüvvələrini birləşdirmək cəhdi beynəlxalq aləmdə ehtiyatlı maraq doğursa da, nəticədə dinamikanı qoruyub saxlaya bilmədi.

Tənqidçilər bildirirlər ki, o, dörd onillik sürgün həyatına baxmayaraq, hələ də dayanıqlı bir təşkilat və ya müstəqil media platforması formalaşdıra bilməyib.

2023-cü ildə İsrailə etdiyi mübahisəli səfər – bu səfər zamanı Holokostu anma tədbirində iştirak etməsi və Baş nazir Benyamin Netanyahu ilə görüşməsi – ictimai rəyi daha da qütbləşdirdi.

Bəzi iranlılar bunu praqmatik diplomatik addım kimi dəyərləndirdi, digərləri isə İranın ərəb və müsəlman müttəfiqlərini özündən uzaqlaşdıran bir hərəkət hesab etdi.

İran daxilində son İsrail hava zərbələrindən sonra o, çətin suallarla üzləşdi.

BBC-nin jurnalisti Laura Kuenssberg-ə verdiyi müsahibədə ondan mülki əhalinin həyatını riskə atan İsrail hücumlarını dəstəkləyib-dəstəkləmədiyi soruşuldu.

O isə bildirdi ki, hədəf adi iranlılar deyil və "rejimi zəiflədən hər şeyin" İran daxilində bir çox insan tərəfindən müsbət qarşılanacağını söylədi. Bu açıqlamalar isə kəskin mübahisələrə səbəb oldu.

Tərəfdarlar və tənqidçilər

Bu gün Rza Pəhləvi özünü taxta namizəd bir şah kimi deyil, milli barışığın simvolu kimi təqdim edir.

O deyir ki, məqsədi İranı azad seçkilərə, qanunun aliliyinə və qadınlar üçün bərabər hüquqlara doğru yönləndirməyə kömək etməkdir: monarxiyanın bərpası və ya respublikanın qurulması barədə yekun qərarı isə ümummilli səsverməyə buraxmaq niyyətindədir.

Tərəfdarları onu tanınmış ada malik və uzun illərdir dinc dəyişiklik tərəfdarı olan yeganə müxalif fiqur kimi görür.

Tənqidçilər isə bildirirlər ki, o, hələ də xarici dəstəkdən həddən artıq asılıdır və onilliklər boyu siyasi təlatümlərdən yorulmuş İran cəmiyyətinin sürgündə yaşayan bir liderə etibar edib-etməyəcəyi sual altındadır.

İran hökuməti onu təhlükə kimi təqdim etsə də, açıq siyasi mühit və etibarlı sorğular olmadan onun real dəstək səviyyəsini ölçmək mümkün deyil.

Bəzi iranlılar hələ də onun ailə adını ehtiramla xatırlayır; digərləri isə demokratik ad altında belə, bir seçilməmiş rəhbərin digərini əvəz etməsindən ehtiyat edirlər.

Rza Pəhləvinin atasının qəbri hələ də Qahirədədir və monarxiya tərəfdarlarının ümid etdiyi kimi, bir gün simvolik olaraq İrana qaytarılmasını gözləyir.

Sürgündə olan vəliəhdin həmin günü - ya da azad bir İranı - görüb-görməyəcəyi isə hələ də keçmişi ilə mübarizə aparan bu ölkə haqqında cavabsız qalan çoxsaylı suallardan biri olaraq qalır.