Xamenei etirazçıları Trampı razı salmağa çalışan ''vandallar'' adlandırıb

Şəklin mənbəyi, Ali Dini Liderin Ofisi
İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei hökumət əleyhinə etirazçıları "qarışıqlıq yaradanlar" və "vandal dəstəsi" adlandıraraq, onların sadəcə "ABŞ prezidentini razı salmağa çalışdıqlarını" bildirib.
O, izdihamı binaları dağıtmaqda ittiham edib və bunun səbəbini Donald Trump-ın "sizi dəstəkləyirəm" deməsi ilə əlaqələndirib. Trump isə xəbərdarlıq edib ki, əgər İran etirazçıları öldürsə, ABŞ ölkəyə "çox sərt zərbə vuracaq".
Artıq 13 gündür davam edən etirazlar iqtisadi problemlərə görə başlayıb və son illərin ən böyük aksiyasına çevrilib – İslam Respublikasının sonu və monarxiyanın bərpası ilə bağlı çağırışlar səslənir.
İnsan haqları təşkilatlarının məlumatına görə, indiyədək azı 48 etirazçı və 14 təhlükəsizlik əməkdaşı öldürülüb. Ölkədə internet bağlantısı kəsilib.
Xamenei cümə günü televiziya çıxışında geri çəkilməyəcəyini bildirib:
"Hamı bilsin ki, İslam Respublikası bir neçə yüz min şərəfli insanın qanı bahasına hakimiyyətə gəlib və bunu inkar edənlər qarşısında geri addım atmayacaq", – 86 yaşlı lider deyib.
Etirazlar dekabrın 28-də başlayıb və indiyədək, ABŞ-da yerləşən İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) məlumatına görə, 2 277 nəfər saxlanılıb.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHRNGO) isə azı 51 etirazçının, o cümlədən 9 uşağın öldürüldüyünü açıqlayıb.
BBC Fars xidməti onların 22-nin ailəsi ilə danışıb və şəxsiyyətlərini təsdiqləyib. BBC və əksər beynəlxalq media qurumlarının İranda reportaj hazırlaması qadağan edilib.
İslam İnqilabı Keşikçiləri Korpusu cümə günü bəyanat yayaraq, ölkədəki mövcud vəziyyətin davamına dözməyəcəyini bildirib.
İranın sonuncu şahının oğlu Rza Pəhləvi isə cümə günü Trump-a müraciət edərək "İran xalqına kömək etmək üçün müdaxiləyə hazır olun" çağırışı edib.
Washington yaxınlığında yaşayan Pəhləvi etirazçıları cümə axşamı və cümə günü küçələrə çıxmağa səsləyib.




