İranda etirazlar: Tramp iranlıları etirazı davam etdirməyə çağıraraq "Kömək yoldadır" deyib

Tramp

Şəklin mənbəyi, Getty

ABŞ Prezidenti Donald Tramp İran hökumət əleyhinə etirazçıları "etirazlarını davam etdirməyə" çağırıb və "kömək yoldadır" deyib.

Onun "kömək" deyərkən nəyi nəzərdə tutduğu məlum deyil.

Tramp bu yaxınlarda ölkəyə müdaxilə ehtimalını dilə gətirib - onun milli təhlükəsizlik qrupun ilə mümkün variantları müzakirə etmək üçün görüşməsi gözlənilir.

ABŞ Prezidenti özünün Truth Social hesabında yazıb: "Etirazçıların mənasız şəkildə öldürülməsi DAYANANA QƏDƏR İran rəsmiləri ilə bütün görüşləri ləğv etdim".

İranda həftələrlə davam edən hökumət əleyhinə etirazların yatırılmasından sonra minlərlə insanın öldüyü ehtimal olunur. İranlılar bir neçə gün ərzində xaricdəki ailələrinə ilk zənglərində dəhşətli ölüm və dağıntı səviyyələrini təsvir edirlər.

İran təhlükəsizlik rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, təhlükəsizlik işçiləri də daxil olmaqla ölənlərin sayı təxminən 2000 nəfər ola bilər.

Rusiya Xarici İşlər Nazirliyi: ABŞ-ın İrana hərbi hücum təhdidləri "qətiyyən qəbuledilməzdir"

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı "yeni hərbi zərbələr endirmək təhdidləri" ilə bağlı sərt tənqid edib və Trampın ticarət tarifləri təhdidini "şantaj" adlandırıb.

Mətbuat katibi Mariya Zaxarova ABŞ-ın İrana qarşı zərbələr endirmək təhdidlərinin "qətiyyən qəbuledilməz" olduğunu söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü belə bir hərəkətin Yaxın Şərqdə "fəlakətli nəticələrə", "eləcə də qlobal beynəlxalq təhlükəsizlik üçün" səbəb olacağını irəli sürür.

Trampın İranın ticarət tərəfdaşları üçün ABŞ idxalına 25 faiz tarif tətbiq etməsi barədə açıqlamasından sonra Zaxarova deyib: "Biz həmçinin ticarət tariflərini artırmaqla İranın xarici tərəfdaşlarını şantaj etmək üçün qeyri-rəsmi cəhdləri qətiyyətlə rədd edirik".

İrandakı hökumət əleyhinə nümayişlərə toxunan Zaxarova "süni şəkildə qızışdırılan etirazların" azaldığını və "vəziyyətin tədricən sabitləşməsi" ümidi verdiyini söyləyib.

Tramp İranla ticarət edən ölkələrə 25 faiz rüsum tətbiq edib

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

ABŞ Prezidenti Donald Tramp İranla ticarət əlaqələri olan ölkələrdən gətirilən mallara 25 faiz gömrük rüsumu tətbiq etdiyini açıqlayıb.

İranda hakimiyyət əleyhinə etiraz aksiyaları keçirilir və Trump aksiyaçılara qarşı atəş açılarsa, sərt tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Hüquq müdafiəçiləri bu etirazlar zamanı 500‑dən çox adamın öldürüldüyünü deyirlər.

BBC Tehrandakı meyitxanada çəkilmiş görüntülərdən ən azı 180 cəsəd sayıb.

Tramp yanvarın 12-də özünün Truth Social-da verdiyi açıqlamasında yazıb:

"İran İslam Respublikası ilə iş görən hər hansı bir ölkə, Amerika Birləşmiş Ştatları ilə edilən bütün işlər üçün 25% gömrük rüsumu ödəyəcək. Bu qərar qəti və dəyişməzdir".

Tramp İranla "iş görməyin" nə demək olduğuna dair detalları açıqlamayıb, yalnız gömrük rüsumunun "dərhal qüvvəyə minəcəyini" bildirib.

İran artıq ABŞ-ın sərt sanksiyaları altındadır, valyutasının çökməsi və inflyasiya ilə üzləşir ki, bu da ərzaq qiymətlərinin 70 faizə qədər artmasına səbəb olur.

İranın idxalının təxminən üçdə birini ərzaq təşkil edir və tariflərin yaratdığı əlavə məhdudiyyətlər çatışmazlıqları və xərcləri daha da pisləşdirə bilər.

Çin İranın ən böyük ticarət tərəfdaşıdır, ardınca İraq, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Hindistan gəlir.

Tibb işçiləri bildiriblər ki, son iki gün ərzində onlara 100‑dən çox meyit gətirilib

İran

Şəklin mənbəyi, Middle East Images / AFP via Getty Images

İranda iki xəstəxananın tibb işçiləri BBC-yə bildiriblər ki, son iki gün ərzində onlara 100‑dən çox meyit gətirilib.

ABŞ-da yerləşən İnsan Hüquqları Fəaliyyətçiləri Xəbər Agentliyi (HRANA) təxminən 500 etirazçının ölümünü təsdiqlədiyini bildirir.

Ölkədə internetin kəsilməsi səbəbindən son saatlarda baş verənlərlə bağlı məlumat demək olar ki, yoxdur.

Şahid ifadələri və BBC tərəfindən təsdiqlənmiş videolar göstərir ki, hakimiyyət orqanları getdikcə daha sərt tədbirlər görür.

BBC və digər beynəlxalq media qurumları İranda işləmək imkanından məhrumdur. Bundan əlavə, İran hakimiyyəti cümə axşamından etibarən ölkədə interneti kəsib ki, bu da məlumatların toplanmasını və yoxlanmasını daha da çətinləşdirir.

İnternet araşdırmaları üzrə mütəxəssis Əlireza Mənafi BBC-nin Farsca xidmətinə bildirib ki, bu dəfə ölkədə internetin kəsilməsi 2022‑ci il etirazları ilə müqayisədə daha ağırdır və hazırda İranda şəbəkəyə istənilən formada çıxış "demək olar ki, tamamilə bağlanıb".

Onun sözlərinə görə, xarici dünya ilə əlaqə qurmağın yeganə mümkün yolu Starlink peyk terminalından istifadə etməkdir.

Lakin bu imkana sahib olanlar da ehtiyatlı olmalıdırlar, çünki bu cür bağlantılar hökumət tərəfindən izlənilə bilər, - o deyir.

Buna baxmayaraq, ölkədən müəyyən sayda video görüntülər sızmaqdadır və BBC İranda olan, hadisələri birbaşa müşahidə edə bilən şəxslərlə əlaqə saxlayır.

Tehranda cümə günü maşınlar yandırılıb

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Tehranda cümə günü maşınlar yandırılıb

Prezident Tramp deyib ki, İran liderləri ABŞ-la "danışıqlar aparmaq" üçün əlaqə saxlayıb.

"Onlar danışıqlar aparmaq istəyirlər", - Tramp bazar günü gecəsi əlavə edib: "Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik".

Keçən həftə Tramp xəbərdarlıq edib ki, İran qüvvələri etirazçılara hücum edərsə, "biz də atəş açmağa başlayacağıq".

İran xəbərdarlıq edib ki, ABŞ hücum edərsə, həm İsrail, həm də ABŞ-ın bölgədəki hərbi və gəmiçilik mərkəzləri qanuni hədəfə çevriləcək.

İran liderləri həmçinin nümayişçiləri "vandallar dəstəsi" adlandırıblar və tərəfdarlarını bazar ertəsi günü hökumətyönlü yürüşlərdə iştirak etməyə çağırıblar.

İran etirazlar

İranda iki xəstəxanada çalışan tibb işçiləri BBC-yə tibb müəssisələrinin yaralılarla dolub-daşdığını deyiblər.

Ölkədə hakimiyyətə qarşı etirazlar hələ davam edir.

Həkimlərdən biri Tehranda yerləşən bir göz xəstəxanasının böhran rejiminə keçdiyini bildirib.

BBC, eyni zamanda başqa bir xəstəxanada çalışan tibb işçisindən də xəstə axını ilə üzləşdiklərini, amma kifayət qədər cərrahlarının olmadığına dair bir mesaj əldə edib.

Cümə günü ABŞ prezidenti Donald Tramp İranın "böyük problemlərlə üz-üzə" olduğunu bildirib və xəbərdarlıq edib: "Güllə atmağa başlamayın, yoxsa biz də atmağa başlayarıq."

İran isə BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda etirazların onun sözləri ilə desək, "zorakı dağıdıcı hərəkətlərə və genişmiqyaslı vandalizmə" çevrilməsində ABŞ-ı günahlandırıb.

İranda etirazlar dekabr ayının axırlarından iqtisadi vəziyyətin ağırlaşmasından sonra başlayıb.

Videonun alt yazısı, Bax: İranın Kərəc şəhərində hökumət binasına od vurulub

Etirazlar bundan sonra İranın bütün vilayətlərində 100-dən çox şəhər və qəsəbəyə yayılıb.

İnsan hüquqlarını izləyən təşkilatların məlumatına görə, onlarla etirazçı öldürülüb, yüzlərlə insan saxlanılıb.

BBC və əksər digər beynəlxalq xəbər təşkilatlarının İran daxilində reportaj hazırlamasına qadağa qoyulub.

Ölkədə yanvarın 8-dən bəri demək olar ki, tam internet blokadası tətbiq olunur ki, bu da məlumatların əldə edilməsini və yoxlanmasını son dərəcə çətinləşdirir.

Videonun alt yazısı, İranda etirazlar genişlənir: Bayraq endirildi və heykəl aşırıldı

Cümə gecəsi Starlink peyk bağlantısı vasitəsilə BBC ilə əlaqə saxlayan iranlı bir həkim bildirib ki, Tehranın əsas göz xəstəxanası olan Farabi xəstəxanası böhran rejiminə keçib və təcili yardım xidmətləri yaralıların çoxluğu səbəbindən iflic vəziyyətinə düşüb.

Bildirildiyinə görə, təcili olmayan hospitalizasiya və əməliyyatlar dayandırılıb, personal isə fövqəladə hallarla məşğul olmaq üçün işə çağırılıb.

BBC həmçinin cümə axşamı ölkənin cənub-qərbində yerləşən Şiraz şəhərindəki bir xəstəxanada çalışan tibb işçisindən video və səsli mesaj əldə edib.

Həmin şəxs çox sayda yaralının gətirildiyini və xəstəxanada bu axının öhdəsindən gəlmək üçün kifayət qədər cərrah olmadığını deyib.

Onun sözlərinə görə, yaralıların çoxunda baş və göz nahiyəsindən güllə yaraları var idi.

Tehrandakı başqa bir xəstəxananın tibb işçisi də BBC-yə onların xəstələri arasında güllə yarası alanların olduğunu bildirib.

İrandan yayılan kadrlar cümə gecəsi Tehranda etirazçıların kütləvi şəkildə küçələrə çıxdığını, nəqliyyat vasitələrini yandırdığını və paytaxtın yaxınlığındakı Kərəc şəhərində bir hökumət binasının od vurularaq yandırıldığını göstərir.

Bundan sonra İran ordusu ictimai mülkiyyəti və milli maraqları qorumaq üçün təhlükəsizlik qüvvələrinə qoşulacağını bəyan edib.

Bu qərar iğtişaşların bütün ölkə ərazisinə yayılması səbəbindən İran təhlükəsizlik qüvvələrinin yük altında qalması ilə bağlı xəbərlərdən sonra verilib.

Cümə günü İran hakimiyyəti etirazçılara qarşı bir sıra əlaqələndirilmiş xəbərdarlıqlar yayıb.

Milli Təhlükəsizlik Şurası "silahlı vandalizm" adlandırdığı hallara qarşı "qəti" hüquqi tədbirlərin görüləcəyini bildirib.

İran
Şəklin alt yazısı, İranda etirazların keçirildiyi şəhərlər

ABŞ-da yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, aksiyalar dekabrın 28-dən başlayandan bəri azı 51 etirazçı, o cümlədən yeddi uşaq, eləcə də 21 təhlükəsizlik əməkdaşı həlak olub.

Qrupun bildirdiyinə əsasən, bundan başqa 2 300-dən çox insan saxlanılıb.

Norveçdə yerləşən Iran Human Rights təşkilatı (IHRNGO) azı 51 etirazçının, o cümlədən doqquz uşağın öldürüldüyünü bildirir.

BBC Farsca indiyədək öldürülmüş 26 etirazçının, o cümlədən altı uşağın şəxsiyyətini müəyyənləşdirib.

İran polisi cümə gecəsi Tehranda heç kimin öldürülmədiyini iddia edib, lakin 26 binanın yandırıldığını və bunun nəticəsində genişmiqyaslı ziyan dəydiyini açıqlayıb.

BMT baş katibinin sözçüsü Stéphane Dujarric beynəlxalq təşkilatın insan itkilərindən ciddi narahat olduğunu bildirib.

Onun sözlərinə görə, "Dünyanın istənilən yerində insanlar dinc şəkildə etiraz etmək hüququna malikdirlər və hökumətlər bu hüququ qorumaq, ona hörmət edilməsini təmin etmək məsuliyyəti daşıyırlar".

Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Ser Kir Starmer və Almaniya kansleri Fridrix Merts birgə bəyanat yayaraq İran hakimiyyətini "təzyiq qorxusu olmadan fikir ifadə etmək və dinc toplaşmaq azadlığını təmin etməyə" çağırıblar.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei cümə günü televiziya ilə yayımlanan çıxışında qəti mövqe nümayiş etdirərək deyib:

"İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına yaradılıb və bunu inkar edənlərin qarşısında geri çəkilməyəcək".

Sonradan dövlət televiziyasında yayımlanan başqa açıqlamasında Xamenei onun sözlərinə görə, "ABŞ prezidentini razı salmağa çalışan dağıdıcı ünsürlər"lə mübarizədən rejimin "çəkinməyəcəyini" bir daha vurğulayıb.

Bunun əksinə olaraq, 1979-cu ildə İslam inqilabı nəticəsində devrilmiş İranın son şahının oğlu etirazları "möhtəşəm" adlandırıb və iranlıları həftəsonu boyunca aksiyaları davam etdirməyə çağırıb.

"Məqsədimiz artıq sadəcə küçələrə çıxmaq deyil. Məqsəd şəhər mərkəzlərini ələ keçirməyə və nəzarətdə saxlamağa hazırlaşmaqdır", – Reza Pəhləvi sosial şəbəkədə paylaşdığı videoda bildirib.

ABŞ-da yaşayan vəliəhd şahzadə ölkəyə qayıtmağa hazırlaşdığını da açıqlayıb.

Videonun alt yazısı, Xameneinin etirazçılara cavabı: “Geri çəkilməyəcəyik”

Böyük Britaniyanın İrandakı keçmiş səfiri Ser Simon Gass BBC Radio 4‑ün Today proqramına bildirib ki, rejim dəyişikliyi mövzusunda danışarkən "həddindən artıq irəli getməməliyik".

Onun sözlərinə görə, hazırkı vəziyyətdə İran daxilində təşkilatlanmış müxalifətin olmaması insanların ətrafında birləşə biləcəyi alternativ bir fiqurun mövcud olmaması deməkdir.

Bununla belə, Ser Simon Gass qeyd edib ki, bu etirazlar əvvəlki lokal alovlanmalardan fərqli olaraq, "daha geniş miqyaslı bir hərəkatdır".

O bildirib ki, əvvəlki etirazlar, əsasən, iranlıların iqtisadi fəlakət fonunda "gün-güzəranlarını dolandırmağın demək olar ki, mümkün olmaması" səbəbindən baş qaldırırdı.

Cümə günü ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə ünvanladığı hədəsini bir daha təkrarlayaraq, əgər onlar "insanları öldürməyə başlasalar", ABŞ-ın onları "çox sərt vuracağını" deyib.

Tramp bunun "quru qoşunlarının göndərilməsi" mənasına gəlmədiyini dəqiqləşdirib. Ötən il ABŞ İranın nüvə obyektlərinə hava zərbələri endirmişdi.

Bu arada ABŞ Dövlət Departamenti İran xarici işlər nazirinin Vaşinqton və İsraili etirazları qızışdırmaqda ittiham etməsini rejimin üzləşdiyi problemlərdən diqqəti yayındırmaq üçün "xəyalpərəst bir cəhd" adlandırıb.

İranda 14 il həbsdə olmuş siyasi fəal Təqi Rəhmani də ABŞ-ın mümkün dəstəyinə şübhə ilə yanaşdığını bildirib.

Rəhmaninin həyat yoldaşı, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi dekabrda yenidən həbs olunub.

"Biz hesab edirik ki, xarici müdaxilə müxalifəti asılı vəziyyətə salacaq", – o, Today proqramına deyib.

"Müxalifət asılı olanda milli maraqları həmin hökumət naminə qurban vermək məcburiyyətində qalırsan. Bu, İran xalqı üçün qəbulolunan deyil".

Hazırkı etirazlar 2022‑ci ildə əxlaq polisi tərəfindən düzgün hicab taxmamaqda ittiham edilərək saxlanılan və nəzarətdə olarkən həyatını itirən Mahsa Amini hadisəsindən sonra başlayan üsyandan bəri ən genişmiqyaslı aksiyalar hesab olunur.

İnsan haqları qruplarının məlumatına görə, həmin etirazlar zamanı 550‑dən çox insan öldürülüb, 20 min nəfər isə saxlanılıb.