Heç vaxt olmadığı qədər zəif Tehran: etirazlar və Trampın hədəsi İran hakimiyyəti üçün vəziyyəti ciddiləşdirib

Etiraz aksiyaları Tehrandan İranın digər şəhərlərinə yayılıb

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Etiraz aksiyaları Tehrandan İranın digər şəhərlərinə yayılıb
    • Müəllif, Amir Azimi
    • Vəzifə, BBC Farsca

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Küçə etirazları İran üçün yeni hadisə deyil, lakin hazırkı iğtişaşlar bir neçə yeni amillə müşayiət olunur və bu da vəziyyəti son dərəcə ciddi edir.

Etirazların başlanmasından 10 gündən çox keçib.

ABŞ Prezidenti Donald Trampa isə ilk dörd-beş gün kifayət etdi ki, əgər İran hakimiyyəti etirazçıları öldürərsə, müdaxilə edəcəyi ilə hədələsin.

"Biz tam döyüş hazırlığı vəziyyətindəyik," - deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.

İranda artıq ikinci həftədir ki, etirazlar davam edir. Media yazır ki, ayətullah Xameneinin Moskvaya qaçış planı var.

Daha sonra ABŞ Venesuela lideri Nikolas Maduronu ələ keçirdi və növbəti gün, bazar günü Tramp İran hakimiyyətini yenidən hədələdi.

ABŞ Prezidentinin, etirazlar hələ davam edərkən bu qədər açıq və birmənalı hədələrlə çıxış etməsi olduqca qeyri-adi haldır və bu, etirazçıları ruhlandıra, eləcə də aksiyaların ölkə boyu yayılmasını sürətləndirə bilər.

İran polisi və digər güc strukturları demək olar ki, ilk gündən etibarən sərt davranır: hüquq müdafiəçilərinin bildirdiyinə görə, artıq 20-dən çox insan öldürülüb. İndi isə hamı Trampın növbəti addımının nə olacağını gözləyir.

Etirazlar bazar günü, dekabrın 28-də başlayıb. Əvvəlcə onlar dinc xarakter daşıyırdı. Aksiyalara səbəb qiymətlərin kəskin artması və İran rialının ABŞ dollarına nisbətdə sürətlə dəyər itirməsi olub: bir il ərzində dollar təxminən 80 faiz bahalaşıb.

İran iqtisadiyyatı son dərəcə ağır vəziyyətdədir. Bu il və ya gələn il üçün iqtisadi artım ümidləri demək olar ki, yoxdur.

Rəsmi məlumatlara görə, illik inflyasiya 42%-ə çatıb, ərzaq məhsulları 70 faizdən çox bahalaşıb, ən zəruri malların bəzilərinin qiyməti isə 110 fazidən artıq artıb.

"Sanksiya möhtəkirləri"

Bu vəziyyətdə əsas rolu ABŞ-ın başçılığı ilə xarici dövlətlərin İrana tətbiq etdiyi sanksiyalar oynayıb, lakin problem yalnız bununla məhdudlaşmır.

İran məhkəmələrində yüksək vəzifəli məmurlar və onların qohumları ilə bağlı aparılan səs-küylü korrupsiya işləri bir çox sadə iranlının inamını gücləndirib ki, hakim elitanın bir hissəsi sanksiyalardan qazanc əldə edir. Bu şəxslər özlərinə xüsusi imtiyazlar yaradaraq, idxal və ixrac üzərində nəzarəti ələ alır, neft satışından əldə olunan gəlirləri xaricə çıxarır və çirkli pulların yuyulmasından gəlir götürürlər.

Hətta dövlət qulluqçuları belə, etiraf edirlər ki, ölkədəki indiki ağır vəziyyətdə sanksiyalardan daha çox günahkar olanlar məhz "sanksiya möhtəkirləri"dir.

Etirazlar Tehranın Böyük Bazarında iqtisadi səbəblərlə başladı (foto arxivdir), lakin tezliklə siyasi xarakter aldı

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Etirazlar Tehranın Böyük Bazarında iqtisadi səbəblərlə başladı (foto arxivdir), lakin tezliklə siyasi xarakter aldı
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İlk açıq etiraz edənlər Tehranın Böyük Bazarının tacirləri oldu.

Rialın məzənnəsində hər gün baş verən kəskin dəyişikliklərə etiraz olaraq, onlar dükanlarını bağladılar və hakimiyyətdən bazarlara müdaxilə edərək sabitlik yaratmağı tələb edərək küçələrə çıxdılar.

Qısa müddət sonra etiraz aksiyalarına cəmiyyətin digər təbəqələrinin nümayəndələri də qoşuldu. İqtisadi şüarlar sürətlə siyasi tələblərə çevrildi: hətta İslam Respublikasının ümumiyyətlə ləğv edilməsi çağırışlarınadək.

Ölkənin müxtəlif şəhərlərində tələbələr, xırda sahibkarlar və digər sosial qrupların nümayəndələri küçələrə çıxdı.

Çox keçmədən aksiyalarda yenidən İranın ali dini rəhbərinə qarşı şüarlar səslənməyə başladı.

Oxşar miqyaslı iğtişaşlar İranda sonuncu dəfə təxminən dörd il əvvəl - əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat edən gənc qadın Mahsa Amini hadisəsindən sonra baş vermişdi. Həmin vaxt İran 1979-cu il İslam inqilabından bəri ən genişmiqyaslı etiraz dalğası ilə üzləşmişdi.

Həmin etirazlar İslam Respublikasının təməllərini sarsıtsa da, nəticədə zor gücü ilə yatırıldı.

Hazırkı etirazlar dərhal Tehrandan digər şəhərlərə yayılıb və artıq bir neçə gündür davam edir, lakin hələlik 2022-ci ildəki aksiyaların miqyasına və gərginliyinə çatmayıb.

İranda mətbuat hakimiyyət tərəfindən sərt nəzarət altındadır, xarici agentliklərin və nəşrlərin fəaliyyəti isə ya tamamilə qadağandır, ya da ölkə üzrə hərəkət azadlığı ciddi şəkildə məhdudlaşdırılmaqla icazə verilir.

Buna görə də İranda baş verənlər barədə məlumatların böyük hissəsi sosial şəbəkələr və şahid ifadələri vasitəsilə yayılır.

Bu isə xəbərlərin təsdiqlənməsini son dərəcə çətinləşdirir: sosial mediada çoxlu saxtalaşdırmalar, əsassız iddialar, reallığın təhrif edilməsi halları olur və bütün bunlar indi süni intellektin artan imkanları ilə daha da güclənir.

Bütün bunlara baxmayaraq, bir çox müşahidəçilər hesab edirlər ki, hazırkı böhran 2022-ci il etirazlarından daha ciddi nəticələrə yol aça bilər.

İran hakimiyyəti eyni anda həm ölkə daxilində etirazlarla, həm də regionda vəziyyətin kəskin dəyişməsi ilə üz-üzə qalıb.

Ümumi rəyə görə, onlar hazırda heç vaxt olmadığı qədər zəifdirlər.

Məğlubiyyətlər silsiləsi

Dönüş nöqtəsi 2025-ci ilin yayında İsraillə baş vermiş 12 günlük müharibə oldu. Bu münaqişədə ABŞ birbaşa iştirak edərək İranın nüvə obyektlərinə zərbələr endirdi.

Müharibə zamanı İsrail və ABŞ İranın nüvə infrastrukturuna, eləcə də bir sıra digər sənaye obyektlərinə ciddi ziyan vurdu və Tehranın hərbi gücünü əsaslı şəkildə zəiflətdi.

Son dövrlərdə İranın regional güc kimi mövqeləri də sarsılıb. Suriyada Bəşər Əsədin devrilməsi Tehranın əsas müttəfiqlərindən birini itirməsi deməkdir.

Digər tərəfdaş və müttəfiq olan Livandakı "Hizbullah" isə İsrail zərbələri nəticəsində ali rəhbərliyinin böyük hissəsini itirib.

Nəhayət, ABŞ-ın Venesuelaya qarşı atdığı addımlar, Nikolas Maduronun və onun həyat yoldaşının ələ keçirilməsi İranın manevr imkanlarını daha da daraldır.

İyun ayında baş vermiş 12 günlük müharibə zamanı İsrail İranın çoxsaylı raket buraxılış meydançalarını və digər hərbi obyektlərini bombalayıb

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İyun ayında baş vermiş 12 günlük müharibə zamanı İsrail İranın çoxsaylı raket buraxılış meydançalarını və digər hərbi obyektlərini bombalayıb

Bütün bu hadisələrin nəticəsində İranın regionda və dünyada ümumi mövqeyi ciddi şəkildə dəyişib: regional münaqişələrdə onun müttəfiqlərinin sayı azalıb, neftlə bağlı əməliyyatlar və ondan əldə olunan gəlirlərin uzaq xaricə çıxarılması üçün istifadə etdiyi kanallar daralıb.

Bununla yanaşı, İran Rusiya ilə birlikdə Venesuelanın neft sektorunda çox fəal iştirak edir, həmçinin - ehtimal olunduğu kimi - Çin bazarı ilə əlaqəli mürəkkəb maliyyə sxemlərinə arxalanırdı.

Bu əlaqələrin pozulması məhz ölkə daxilində hakimiyyətə təzyiqlərin artdığı bir vaxtda İranı iqtisadi baxımdan daha da zəiflədir.

Nəticədə, tezliklə 87 yaşı tamam olacaq İranın qoca ali dini rəhbəri ayətullah Əli Xamenei, ehtimal ki, hakimiyyətdə olduğu bütün illər ərzində ən qeyri-sabit mövqedə qalıb.

Otuz ildən artıq müddət ərzində Tehran regionda müttəfiq qruplaşmalar şəbəkəsini diqqətlə qurmuş, sanksiyalardan yan keçmə mexanizmləri formalaşdırmış və nüvə proqramını inkişaf etdirmişdi: bütün bunlar nisbətən qısa müddətdə ya məhv edilib, ya da ciddi şəkildə sarsıdılıb.

Bu fonda Ağ Evdə Trampın, İsraildə isə Benyamin Netanyahu hakimiyyətdə qaldığı müddətdə İran üçün bu böhrandan yüksək hesab ödəmədən çıxmağın aydın diplomatik və ya strateji yolları görünmür.

Ayətullah Xamenei və onun ən yaxın çevrəsi uzun illər iranlılara regiondakı müttəfiqlərə və nüvə proqramına böyük vəsaitlərin ayrılmasının ölkənin təhlükəsizliyini və texnoloji inkişafını təmin etmək üçün zəruri olduğunu izah ediblər.

Hazırda isə bu arqument getdikcə daha az inandırıcı görünür.

İran hakimiyyətinə daxili və xarici təzyiqlər artmaqda davam edir və ölkə daxilində sülh və sabitlik perspektivi, görünür, heç vaxt olmadığı qədər uzaqdır.