Ermənistan: İtkin düşən əsgərlərin qohumları etiraz edir

ermənistan müdafiə nazirliyi qarşısında etiraz

Şəklin mənbəyi, Newsarmenia.am

Şəklin alt yazısı, Qarabağ müharibəsində əsir və itkin düşənlərin qohumları müdafiə nazirliyi qarşısında etiraz aksiyaları keçirir

Ermənistanın Eçmiadzin şəhərində 40-a yaxın əsgər valideynləri Qarabağ müharibəsində iştirak edən övladları haqqında məlumat almaq üçün hər gün Eçmiadzin hərbi hissəsi və Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyaları keçirirlər.

Eçmiadzin hərbi hissəsi qarşısına toplaşan daha sonra isə hərbi hissənin ərazisinə daxil olan 34 itkin düşmüş əsgər valideynləri, həyat yoldaşları və qohumları əsgərlərin zirehli jiletlə və adi güllədən qorunmaq üçün lazımi vasitələrlə təmin olunmamış və xüsusi hərbi hazırlıq keçməmiş döyüş bölgəsinə göndərildiklərini deyirlər.

Onlar 50 gündən çoxdur ki, döyüşə göndərilən yaxınları haqqında "heç bir xəbər ala bilmirlər".

Əri haqqında xəbər gözləyən Syuzi adlı gənc qadın jurnalistlərə deyib ki, artıq iki aydır onlar hər gün hərbi hissəyə və müdafiə nazirliyinə müraciət edir, lakin hər gün yalnız "sabah məlumat veriləcəyi" barədə vədlər eşidirlər.

Əsgər qohumları baş qərargah rəisinin müavini general Andranik Makaryanla görüşmək istəyirlər. Deyirlər ki, döyüş dəstəsinin cəbhəyə göndərilməsi ilə məhz o məşğul olub.

Eçmiadzin hərbi hissəsindən göndərilən 60 nəfərdən ibarət həmin dəstənin 26 nəfəri "necəsə qayıda bilib". Əsgər qohumlarının sözlərindən hərbçilərin Zəngilan rayonuna göndərildiyi məlum olur.

"Necə göndəriblər, elə də tapıb qaytarsınlar"

Eçmiadzin hərbi hissəsi

Şəklin mənbəyi, Azatutyun.am

Şəklin alt yazısı, Valideynlər övladları haqqında bir məlumat ümidi ilə hərbi hissənin önündə toplaşır

Əsgər anaları deyirlər ki, hərbi rəhbərlik onların övladlarını lazımi təchizatsız və hərbi hazırlıqsız, "yalnız fiziki hazırlıqlarına əsaslanaraq, qurbanlıq kimi cəbhəyə yollayıb", indi də yalnız bir tələbləri var: "necə göndəriblər, elə də tapıb qaytarsınlar".

Valideynlərin sözlərinə görə, bəziləri əsgər uşaqlarından döyüşdən çıxdıqları haqqında telefonla qısa xəbərlər alıblar, lakin sonra onlardan heç bir məlumat olmayıb. Onlar "döyüşdən sağ çıxanların əsir düşdüyünü ya qaçıb meşədə gizləndiklərini" ehtimal edirlər.

Siranuş adlı qadın jurnalistlərə oktyabrın 21-də qardaşından aldığı son mesajı göstərir. Deyir: "Uşaqları aparıb elə bir yerə salıblar ki, nə yol tanıyırlar, nə də ərazilərin bizim ya bizim olmadığını bilirlər". Ondan sonra qardaşının telefon nömrəsinə zənglər çatmaz olub.

əsgər mesajı

Şəklin mənbəyi, kentron.tv

Şəklin alt yazısı, Bu qadın qardaşından son mesajı oktyabrn 21-də alıb

Əsgər yazır ki, "mühasirədədir, əsir düşüb". "Çıxmağa, qayıtmağa imkanım yoxdur. Ya qalaram ya da vurarlar. Üzülməyin. Ağlamayın Qəhrəmanın var, ana can. Sizi çox sevirəm. Mənim həyatım da belə təşəkkül tapdı. Möhkəm olun. Elə bu anda türklərin [azərbaycanlıların] ərazisindəyəm, başımı qaldırsam - vurarlar", - əsgər qısa telefon mesajında yazıb.

Cavab dalınca itkin düşən əsgərlərin qohumları baş qərargah rəisi Onik Qasparyanla görüş üçün Yerevana yollanıblar. Lakin onun müavini Andranik Makaryanla görüşə biliblər. Görüş qapalı keçib.

"Günahı əsgərləri cəbhəyə aparan sürücüdədir"

İtkin düşmüş əsgər Vardan Adoyanın anası Anahit Adoyanın sözlərinə görə, general Andranik Makaryan çox maraqlı məlumat açıqlayıb.

Makaryan deyib ki, avtobus sürücüsü səhvən "oğlanları Kovsakanda [Zəngilanında] yerləşən bu hərbi hissəyə" aparıb.

"O (general Makaryan), bizə dedi ki, sürücü 7 kilometr artıq keçib və düşmənin cənginə düşüblər. Bundan başqa bizdə məlumat var ki, dağın o tərəfindən atəş səsləri eşidiləndə, bizim uşaqlara kömək göndərmək əvəzinə geri çəkilmək əmri veriblər. Makaryan şəxsən bizə dedi ki, geri çəkilmək əmri verilməsəydi, onun özü də məhv olardı", - əsgər anası Anahit Adoyan deyib.

anahit adoyan

Şəklin mənbəyi, informer.am

Şəklin alt yazısı, Əsgər anası Anahit Adoyan, hakimiyyətdən məlumat ala bilməsələr, valideynlərin övladlarını axtarmaq üçün döyüşlərin getdiyi ərazilərə yollanacağını bildirib

Onun sözlərinə görə, valideynlər ilk növbədə uşaqlarının axtarışı ilə məşğul olmağı tələb edirlər: sağdılarsa - qaytarmağa çalışsınlar, sağ deyillərsə - cəsədlərini qaytarsınlar ki, "layiqincə dəfn edək".

Valideynlər hakimiyyətdən bir gün də cavab gözləyirlər, sonra, Anahit Adoyanın sözlərinə görə, uşaqlarını axtarmaq üçün özləri Zəngilana yollanacaqlar.

Rüstəm Muradovla görüş ümidi ilə

Çərşənbə günü valideynlər gecə saat 2:30-a kimi Ermənistan Müdafiə Nazirliyi önündə Qarabağda Rusiya sülhməramlı kontingentin komandanı Rüstəm Muradovu gözləyiblər.

Əsgər anası Anahit Adoyan son ümidlərini general Muradovla bağladıqlarını bildirib.

"Bizə deyiblər ki, Muradov əsir və itkin düşənlər məsələsi ilə bağlı Bakıya gedib və bu axşam Yerevanda olacaq", - Anahit Adoyan jurnalistlərə deyib.

Lakin Müdafiə Nazirliyindən media nümayəndələrinə çatan məlumata görə, Muradovun Yerevana səfəri gözlənilmir.

Çərşənbə günü baş nazir Nikol Paşinyan növbəti dəfə əsir və itkin düşənlərin qohumlarını qəbul edib, əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsi, həlak olanların eyniləşdirilməsi məqsədilə DNT analizi keçirilməsi məsələlərindən danışıb.

Daha əvvəl o, Azərbaycanla Ermənistan arasında əsirlərin "hamının hamıya" prinsipi əsasında mübadiləsinə dair razılıq əldə edildiyini bildirib.

paşinyan

Şəklin mənbəyi, Gov.am

Şəklin alt yazısı, Paşinyan müntəzəm olaraq əsir və itkin düşənlərin yaxınları ilə görüşür

Noyabrın 10-dan bəri döyüş meydanından 846 cəsəd çıxarılıb və bu gün əsas məsələ onların DNT testi vasitəsilə eyniləşdirilməsidir. Bu barədə baş nazirin müavini Tiqran Avinyan Milli Məclisdə parlament üzvləri ilə hökumət üzvlərinin növbəti görüşü zamanı məlumat verib.

Son məlumata görə, 302 cəsəd valideynlərə verilib, daha 541 bədən hissələri və 256 qohumdan götürülən DNT nümunələri üzrə test keçirilir.

Baş nazir müavini Avinyanın sözlərinə görə, nümunələr test keçirmək üçün başqa ölkələrə də göndərilib, lakin proses sürətlənməyib.

Ermənistan Səhiyyə Nazirliyinin son məlumatına görə, bu günədək müharibədə həlak olan erməni hərbçilərin 2 996 cəsədinin məhkəmə-tibb ekspertizası keçirilib.

Nazirliyin mətbuat katibi Alina Nikoğosyanın açıqlamasına əsasən, həlak olanların eyniləşdirilməsi üçün müharibə başlanandan bəri 993 hərbçi cəsədi və onların 1816 qohumundan DNT nümunəsi götürülüb.