Rusiyanın dünyadakı mövqeyi necə dəyişir və Trampın bununla nə əlaqəsi var?

- Müəllif, Qriqor Aranesyan
- Vəzifə, BBC
- Oxuma vaxtı: 10 dəq
Donald Trampın Ağ Evə qayıdışını bir çoxları Kremlin böyük uğuru hesab edirdi. Amma bir il sonra Ukrayna hələ də ABŞ-dan silah və kəşfiyyat məlumatları almağa davam edir, döyüşlər isə Trampın andiçmə mərasimindən əvvəl olduğu kimi, Donbasda eyni şəhərlər uğrunda gedir.
Eyni zamanda ABŞ-ın addımları Rusiyanın Cənubi Qafqaz və Yaxın Şərqdəki maraqlarını da təhdid edir.
"Görünür, rus HHM-i işləmədi, elə deyilmi?" - ABŞ-ın müdafiə naziri Pit Heqset istehza ilə belə deyirdi.
O, Karakasda Nikolas Maduronun ələ keçirilməsi üzrə Amerika əməliyyatını tərifləyirdi. Karakasın səmasını isə guya rus sistemləri qorumalı idi.
Bu əməliyyat ABŞ-ın "öz arxa həyəti" saydığı ərazidə Rusiyanın əsas tərəfdaşı olan rejimi başsız qoydu.
Vaşinqton bir nəfər də əsgər itirmədən Venesuela neftinə nəzarət əldə etdi və Latın Amerikasında antiamerikan siyasətinin mərkəzlərindən birini neytrallaşdırdı.
Moskva isə milyardlarla dollar borcun silinməsindən sonra verilmiş kreditlər üzrə milyardların geri qaytarılmasını çətin ki, artıq gözləsin.
Rusiyanın Latın Amerikasındakı digər iki müttəfiqinin gələcəyi də sual altındadır. Venesuela nefti hesabına ayaqda qalan Kubadakı kommunist rejim və BMT-də bütün prorusiya qətnamələrinə sadiq səs verən Nikaraquadakı Daniel Orteqa diktaturası ABŞ-ın növbəti hədəflərinə çevrilə bilər.
Yaxın Şərqdə isə Rusiyanın əsas tərəfdaşı olan, ayətulla Xamenei rəhbərliyindəki İran İslam Respublikasının hakimiyyəti sağ qalmaq uğrunda mübarizə aparır.
Son bir il ərzində onlar tarixdə ilk dəfə İsrail və ABŞ-la birbaşa toqquşmalara cəlb olunublar.
Onların əsas proksi qüvvəsi - Livandakı "Hizbullah" hərəkatı - İsrail tərəfindən faktiki olaraq darmadağın edilib.
İran daxilində isə iqtisadi böhran görünməmiş etirazlara səbəb olub, yanvarın sonunda isə ABŞ-ın aviadaşıyıcı zərbə qrupu Fars körfəzinə yol alıb.

Şəklin mənbəyi, Anadolu via Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Hələ yaxın vaxtlara qədər "Rusiya protektoratı" adlandırılan Suriyada Bəşər Əsədi devirən üsyançılar Vaşinqton və Avropa ilə münasibətləri inkişaf etdirməyə üstünlük verirlər.
Onlar regionda ABŞ-ın antiterror koalisiyasına qoşulublar, Trampın xüsusi nümayəndəsi isə Dəməşq ilə kürd qüvvələri arasında danışıqlarda vasitəçi kimi çıxış edib.
Yanvarın sonunda Rusiya hərbçiləri ölkənin şimal-şərqində yerləşən Qamışlı aviabazasını tələsik şəkildə boşaldıblar.
Moskvaya dost olan bəzi rejimlərin süqutu və digərlərinin qeyri-sabit vəziyyəti Rusiyanın postsovet məkanından kənarda güc nümayiş etdirmək qabiliyyətinin olmadığını üzə çıxarıb, - bunu ABŞ-dakı tədqiqat mərkəzi olan Kuinsi İnstitutunun Avrasiya proqramının direktoru Anatol Livin bildirir.
"Rusiya dünyada geniş diplomatik təsirini qoruyub saxlayır, amma hərbi baxımdan indi yalnız öz yaxın xaricinin bir hissəsi ilə məhdudlaşıb", - Livin hesab edir.
Amma Rusiyanın Yaxın Şərqdən və Latın Amerikasından tam çəkildiyini demək hələ tezdir.
Cihadçılar: keçmiş və indiki
Rusiya ordusu Ukraynadakı müharibə ilə məşğul olsa da və Suriyada hakimiyyət dəyişsə də, Moskva ölkədə və ümumilikdə Yaxın Şərqdə mövqelərini qoruyub saxlayır, - bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının aparıcı analitiki Anton Mardasov deyir.
Əsədin devrilməsindən sonra Rusiyanın 2066-cı ilə qədər hüquqa malik olduğu Xmeymim aviabazasının və Tartusdakı dəniz məntəqəsinin taleyi ilə bağlı sual yarandı və Rusiya hətta həmin bazalardan ağır texnikanı təcili çıxarmağa başladı.
Lakin hakimiyyətə gələn keçmiş cihadçı Əhməd əş-Şaraa vəd etdi ki, onun hökuməti Moskva ilə bağlanmış müqavilələr üzrə öhdəlikləri yerinə yetirəcək.
Hazırda Xmeymim Rusiyanın Afrikadakı hərbi qüvvələrinə dəstək üçün tranzit məntəqə kimi fəaliyyətini davam etdirir və Tartus da Rusiya nəzarətində qalır.

Şəklin mənbəyi, EPA
"Yeni Suriya rejimi Türkiyə ilə İsrail, ABŞ və ərəb monarxiyaları arasındakı mürəkkəb vəziyyəti nəzərə alaraq, Rusiyada bir əks-tarazlıq görməkdə maraqlıdır.
Dəməşq hansısa bir oyunçudan asılı vəziyyətə düşməməyə çalışır ki, Türkiyə rəhbərliyinin alver predmetinə çevrilməsin. Türkiyə isə vaxtilə İranın Suriyadan istifadə etdiyi kimi, Suriyada öz mövqeyini ön müdafiə mərkəzi kimi gücləndirmək istəyir", - Mardasov deyir.
Noyabrda Rusiya hərbçiləri Suriyanın cənubuna səfər ediblər.
Rusiya qəzetləri yazırdı ki, Dəməşq İsrail sərhədi yaxınlığında Rusiya mövcudluğunun yenidən bərpasına maraq göstərib, ümid edərək ki, bu, İsrail hərbçilərinin Suriya ərazisinin dərinliklərinə doğru irəliləməsini dayandıracaq.
Müvəqqəti prezident əş-Şaraa yanvarda ikinci dəfə Moskvaya səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb.
"İqtisadi münasibətlər, qeyri-rəsmi və rəsmi diplomatiya hesabına Moskvanı Yaxın Şərq münasibətlərindən tamamilə silib atmaq mümkün deyil", - Mardasov hesab edir.
O qeyd edir ki, Suriyada mövcudluq rus diplomatlarına qonşu Livandakı vəziyyətə də təsir göstərməyə imkan verir.

Şəklin mənbəyi, AFP via Getty Images
Afrikada da oxşar vəziyyəti Sahel geosiyasəti üzrə ekspert Beverli Oçienq təsvir edir. Region on ildən artıqdır ki, cihadçı qruplaşmaların sürünərək genişlənən hücumu ilə mübarizə aparır və onların ilk hədəfi Mali Respublikası olub.
Əvvəlcə onlarla mübarizədə köməyi keçmiş metropoliya olan Fransa təklif etdi.
Lakin Fransanın "Barxan" əməliyyatının səkkiz il davam etməsindən sonra cihadçıların hücumu qonşu Burkina-Faso və Nigerə də keçdi.
Hər üç ölkədə hakimiyyəti hərbçilər ələ keçirdi.
Onlar Fransa qoşunlarının çıxarılmasını tələb etdilər və "Vaqner" özəl hərbi şirkətinin xidmətlərinə, daha sonra isə onu əvəz edən Rusiya Müdafiə Nazirliyinin Afrika Korpusuna müraciət etdilər.
Lakin hələlik Rusiya hərbçiləri və təlimatçıları fransızlardan daha yaxşı tərəf kimi özlərini göstərə bilməyiblər və ötən il boyunca cihadçılar fəal hücum edərək hökumət qüvvələrini sıxışdırıblar.
Buna baxmayaraq, Oçienqin sözlərinə görə, Moskva artıq qitədə öz mövcudluğunu genişləndirmək üçün kifayət qədər vəsait və səy yatırıb və Sahel digər regionlara çıxış üçün tramplin kimi istifadə edir.
Afrika dövlətlərinin liderləri ABŞ-la işləməyi üstün tutsalar belə, anlayırlar ki, onların qitəsi Ağ Ev üçün prioritet deyil.
Bu isə o deməkdir ki, Rusiya regionda oyunçu olaraq qalacaq.
Məsələn, cihadçılarla mübarizədə Mali, Burkina-Faso və Nigerdəki hərbi hakimiyyətin hazırda aydın alternativləri yoxdur və ən azı buna görə onlar ruslara güvənirlər.
Hərbçilərin göndərilməsi müqabilində Rusiya şirkətləri bir neçə ölkənin təbii sərvətlərinə çıxışı saxlayır.
Paralel olaraq Rusiya Qvineya körfəzi limanlarına çıxışını genişləndirir.

Şəklin mənbəyi, AFP
Postsovet liderləri - Trampın ən yaxşı dostlarıdır?
Son illərdə Rusiyaya münasibət ən radikal şəkildə məhz postsovet məkanında dəyişib.
Bu ölkələrin bir çoxunda Ukraynaya müdaxilə və onu müşayiət edən ritorika keçmiş imperiya mərkəzi ilə öz münasibətlərini xatırladıb - Rusiya imperiyasının kolonizasiyasından tutmuş 1920–30-cu illərdə milli ziyalıların məhv edilməsinə və sonrakı ruslaşdırmaya qədər. Hakim elitaların gözündə isə Moskva proqnozlaşdırıla bilən tərəfdaş statusunu itirib.
Rusiya sürətlə mövqelərini Cənubi Qafqazda itirib: halbuki hələ yaxın vaxtlara qədər burada iştirakını genişləndirirdi.
2020-ci ildə Azərbaycanla Ermənistan arasında müharibə Putinin vasitəçiliyi ilə başa çatdı və Dağlıq Qarabağa Rusiya sülhməramlıları daxil oldu. Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra hər şey dəyişdi.
2023-cü ildə Azərbaycan güc yolu ilə Qarabağ üzərində nəzarəti bərpa etdi, Rusiya sülhməramlıları isə vaxtından əvvəl evə göndərildi. Artıq 2025-ci ildə iki ölkənin liderləri sülh sazişinin mətnini Donald Trampın vasitəçiliyi ilə təsdiqlədilər.
Azərbaycanla onun eksklavı arasında nəzərdə tutulan kompromis yol layihəsi "Beynəlxalq sülh və rifah naminə Tramp yolu" (TRIPP) adlandırılıb.
İndi Tramp İlham Əliyev və Nikol Paşinyanı dostları adlandırır və onların hər ikisi onun Sülh Şurasına daxil edilib.
Ermənistan ABŞ-ın strateji tərəfdaşı statusunu hələ Co Bayden administrasiyasının son günlərində almışdı, Azərbaycanla da hazırda oxşar müqavilənin bağlanması hazırlanır.
Eyni zamanda hər iki ölkə Rusiyadan uzaqlaşır. Ötən ilin böyük hissəsində Bakı və Moskva diplomatik münaqişə vəziyyətində olublar.
Münaqişənin ən gərgin dövründə həbs edilən rusiyalılar hələ də Azərbaycan həbsxanasında qalırlar, hakimiyyətə yaxın Azərbaycan mediası isə Kremlə qarşı tənqidi davam etdirir.
Hər iki ölkənin hakimiyyət orqanları həmçinin Kremlin ehtimal olunan agentlərini axtarıb tapmaq üçün "ov" aparırlar.
Bakıda Prezident Administrasiyasının keçmiş rəhbəri çevriliş hazırlamaqda və Moskva üçün işləməkdə ittiham olunur.
Yerevanda isə bir neçə müxalifətçi və Erməni kilsəsinin arxiyepiskopu Rusiyanın dəstəyi ilə silahlı çevriliş hazırlamaqda ittiham edilir.
Kağız üzərində Rusiyanın rəhbərlik etdiyi hərbi ittifaq olan KTMT-nin üzvü olaraq qalsa da, Ermənistan artıq faktiki olaraq bu qurumda iştirak etmir. Ölkə Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalsa da, hakimiyyət qarşısına Avropa İttifaqına üzv olmaq məqsədini qoyub.
Paralel şəkildə amerikalı sərhədçilər erməni sərhədçilərinə təlim keçirlər - zamanla onlar Ermənistan sərhədlərində rusiyalıları tamamilə əvəz etməlidirlər.
Yerevanın təşəbbüsü ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd qoşunları artıq paytaxt hava limanından çıxarılıb və indi onların Ermənistan–İran sərhədindən də çıxarılması gözlənilir.

Şəklin mənbəyi, Reuters
Postsovet məkanında təsirin itirilməsi Kremlin qarşısında duran əsas çağırışdır, -bunu rus təbliğatçıları hesab edir.
Yanvarın əvvəlində bu baxışı Vladimir Solovyov belə ifadə etmişdi: "Biz indi nə Suriya ilə, nə də Venesuela ilə məşğul olmalıyıq. Mövqelərimizi itirməməliyik, amma bizim üçün ən vacibi yaxın xaricimizdir, - deyə Solovyov bildirib, - Ermənistanın itirilməsi - bax, bu, nəhəng problemdir. Asiyamızda mərkəzi Asiyada, necə adlandırırlarsa, bu problemlər, bizim üçün nəhəng problemə çevrilə bilər".
Həmin günlərdə tanınmış rus ultra-sağ ideoloqu Aleksandr Duqin daha da radikal fikir səsləndirdi: "Suveren Ermənistanın, yaxud suveren Gürcüstanın, yaxud suveren Azərbaycanın, suveren Qazaxıstanın, suveren Özbəkistanın, Tacikistanın, Qırğızıstanın mövcudluğu ilə razılaşmaq olmaz".
Bu sitatlar təhdid yönələn ölkələrdə çoxlarını incitdi və onların ardınca Kremlin niyyətlərini gördülər.
Ermənistanda hətta Solovyovun efiri ilə bağlı Rusiya səfiri XİN-ə çağırıldı və ona etiraz notası təqdim edildi. Rusiya Xarici İşlər Nazirliyi isə onun sözlərini şəxsi fikir adlandırdı.
Cənubi Qafqazda olduğu kimi, Mərkəzi Asiyada da Rusiyanın mövqelərinə ən çox Tramp administrasiyasının fəallığı təhlükə yaradır.
Noyabrda ABŞ lideri tarixdə ilk dəfə olaraq Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərini qəbul edib.
Mərkəzi Asiya liderləri üçün ABŞ-la yaxınlaşma Rusiya və Çin təsirini məhdudlaşdırmağın bir yolu kimi çıxış edir.
Tramp komandası isə əvvəlki Amerika administrasiyalarının etdiyi kimi, onlarla ölkələrindəki insan hüquqları və demokratiya problemlərini müzakirə etmir.
Bunun əvəzinə Vaşinqton faydalı qazıntılarla, o cümlədən nadir torpaq metalları ilə maraqlanır.
"Tanrının sizin ölkələrinizə bəxş etdiyi resurslar", - ABŞ dövlət katibi Marko Rubio dövlətlərlə əməkdaşlıq sahəsini region ölkələri ilə əməkdaşlıq üçün müəyyənləşdirib.
O, 2026-cı ildə bütün beş ölkəyə səfər edəcəyini vəd edib.
Sammitdən az əvvəl ABŞ şirkətlərindən biri Özbəkistanda faydalı qazıntıların işlənməsi üçün milyardlarla dəyərində müqavilə əldə edib.
Digər bir Amerika korporasiyası isə Qazaxıstanda volfram yataqlarının işlənməsi layihəsində 70% pay əldə edib.

Şəklin mənbəyi, Reuters
Volfram hərbi-sənaye kompleksi üçün son dərəcə vacibdir və Çin onun çıxarılması və istehsalında dünya lideridir.
Bundan əlavə, ABŞ-ın Qafqaz və Mərkəzi Asiya ilə bağlı planları bir-biri ilə əlaqəlidir. Vaşinqton "Orta dəhliz" layihəsini dəstəkləyir - bu, Avropanı Mərkəzi Asiya ilə, daha sonra isə Rusiya və İrandan yan keçməklə Çinlə birləşdirən nəqliyyat yoludur.
Ermənistan ərazisində "Tramp yolu" da həmin dəhlizin bir hissəsinə çevrilməlidir.
Regionda dekolonial əhval-ruhiyyə də yenidən yüksəlir. Bu, həm Rusiyanın Ukraynaya qarşı müharibəsinə və rus təbliğatçılarının digər qonşulara yönələn təhdidlərinə reaksiyadır, həm də Rusiyanın daxilində sərt antimühacirət siyasətinin nəticəsidir.
Bu yaxınlarda Qırğızıstan Moskvanı Avrasiya İqtisadi İttifaqının məhkəməsinə verib, Özbəkistan Prezidenti isə Rusiyada miqrant hüquqlarının pozulmasını pisləyib. Region ölkələrinin prezidentləri bir-biri ilə görüşlərdə indi milli dillərdən istifadə edirlər: əvvəllər isə rus dilində danışırdılar. Mərkəzi Asiyada vətəndaş cəmiyyəti də rus dilinin və mədəniyyətinin rolunu fəal şəkildə yenidən nəzərdən keçirir.
"Balans Putinin xeyrinədir"
Solovyov və Duqinin sözlərini Kremlin niyyətləri kimi qəbul etmək səhvdir, - bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyir.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti üçün ən vacib məsələ Ukrayna üzrə ABŞ-la danışıqlardır və bu mövzuda Donald Tramp administrasiyası "fəal iştirak edir və hazırda əsas rolu oynayır", - Zatulin bunu BBC-yə bildirib.
ABŞ-ın postsovet məkanındakı fəallığı, Maduronun devrilməsi və Rusiyanın Suriyada aparıcı rolunu itirməsi Moskvanın geosiyasi mövqelərini zəiflədir.
Lakin bunları Trampın Qrenlandiyaya iddialarının NATO-ya vurduğu zərərlə müqayisə etsək, baş verənlərin hamısı Rusiya Prezidenti Vladimir Putinin xeyrinə işləyir, - bunu BBC-yə Vaşinqtonun aparıcı "şahin"lərindən biri, milli təhlükəsizlik üzrə müşavir kimi çalışmış Con Bolton deyir.
"Balans Putinin xeyrinədir. Soyuq müharibə dövründə Sovet İttifaqının əsas məqsədi ABŞ ilə Avropa arasında parçalanma yaradaraq NATO-nu dağıtmaq idi. Amma NATO-nu parçalamaq mümkün olmadı və bu, SSRİ-nin soyuq müharibədə uduzmasının səbəblərindən biri oldu. İndi isə Tramp onların (Kremlin - BBC) yerinə bu işi görür", - Bolton hesab edir.
Con Bolton qeyd edir ki, Trampın postsovet respublikalarının liderləri ilə əldə etdiyi razılaşmaların reallaşıb-reallaşmayacağı hələ məlum deyil. Amma onların bir çoxu üçün Vaşinqtonla yeni razılaşmalar Moskva ilə tərəfdaşlıqdan imtina demək deyil: daha çox, tərəflər arasında balans qurmaqdır.
"Mərkəzi Asiya ölkələri müstəqil qalmaq istəyirlər. Bunun üçün onların bütün imkanları var: onların rəğbəti uğrunda həm Rusiya, həm Çin, həm də ABŞ mübarizə aparır", - Bolton deyir.

Şəklin mənbəyi, Getty Images
Rusiya deputatı Konstantin Zatulin da hesab edir ki, Trampın "yaxın xaric" liderləri ilə etdiyi razılaşmalar Rusiya hakimiyyətini çox narahat etməməlidir.
"Niyyətlər hələ reallıq deyil. Mərkəzi Asiyada aydındır ki, bu gün region daha çox Rusiya və Çinlə münasibətlərin inkişafına bağlıdır", — deyə Zatulin bildirib. — "Bizim hələ bu məsələləri başa düşmək və dəqiqləşdirmək üçün vaxtımız var."
Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT-nin üzvləri olaraq qalır, Qazaxıstan və Qırğızıstan isə əlavə olaraq Avrasiya İttifaqının üzvləridir və bu ölkələrin əsas ticarət tərəfdaşları Çin və Rusiyadır.
Ermənistan və Azərbaycanda Kremlin agentlərinə qarşı aparılan "ov" daxili auditoriyaya yönəlib.Hər iki ölkənin liderləri və diplomatları bu mövzunu Kremlinlə münasibətlər kontekstində müzakirə etmirlər, əksinə Moskva ilə iqtisadiyyatı müzakirə edirlər. İki ölkə arasındakı münasibətlərdə böhran olmasına baxmayaraq, 2025-ci ildə Moskva və Bakı yeni iqtisadi əməkdaşlıq müqaviləsi imzalayıb və nəqliyyat dəhlizlərinin genişləndirilməsini planlaşdırırdılar, eyni zamanda "Qazprom" rəhbəri Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın prezidentini qəbul edib.
Ermənistan hökuməti isə, qərb yönümlü kursa baxmayaraq, rus investorlarını fəal cəlb edir və Moskva ilə Rusiya dövlət şirkətləri, Rosatom və RJD-nin nüvə AES-lərinin işləmə müddətinin uzadılması və dəmir yollarının bərpasında iştirakını müzakirə edir.
Ukraynadan sonra
Rusiyanı tənqid edənlərin çoxu qorxur ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra Kremlin resursları boşalacaq və o, Cənubi Qafqaz və Mərkəzi Asiyada itirdiyi təsiri bərpa etmək istəyəcək.
Vaşinqtonun bu məsələyə reaksiyası isə o dövrdə prezident kimin olacağına bağlıdır. "Əgər 2028-ci ildə demokratlar qalib gələrsə, biz aşkar düşmənçiliyə və Rusiyanın təsirini bütün sahələrdə dayandırmaq cəhdlərinə geri dönüş görəcəyik", - deyə Anatol Livin bildirir.
Amma Respublikaçı namizəd qalib gəlsə, bu, Moskva ilə qarşıdurmanın daha az aktiv olacağı anlamına gələ bilər, - deyə o ehtimal edir.

Şəklin mənbəyi, Anadolu via Getty Images
Respublikaçı Con Bolton hesab edir ki, hər şey "Respublikaçı Partiyanın ruhu uğrunda mübarizədə" qalib gələcək namizədə bağlıdır.
"Vitse-prezident Cey Di Vens izolyasionistdir. O, Trampdan daha ağıllıdır, amma Vensin 2028-ci ildə Respublikaçı Partiyadan namizədliyi üçün zəmanəti yoxdur", - deyə Bolton bildirir.
O israr edir ki, xarici siyasət məsələlərində Respublikaçılar hələ də Reyqan-Buş partiyası olaraq qalır: Rusiya ilə sərt qarşıdurmanı dəstəkləyir, digər ölkələrdə demokratik hərəkatları müdafiə edir və hərbi büdcəni artırır.
Reyqan və Buş administrasiyalarında baş prokurorun müavini və dövlət katibinin köməkçisi vəzifələrində çalışmış Bolton partiyanın öz vəzifələrinə qayıdacağına inanır.
Lakin Anatol Livin xəbərdarlıq edir ki, Rusiyanın və Ukraynanın müharibəsinin sona çatması vaxtı üçün planlar qurmaq əbəs iş ola bilər, çünki indi bağlanacaq hər hansı razılaşma hətta sabit atəşkəs rejiminə gətirməyəcək.
Ekspertin fikrincə, bu, Hindistan və Pakistan arasında Kaşmir uğrunda davam edən münaqişəyə bənzəyəcək: 1947-ci ildən bəri uzun sülh dövrləri atışmalar və genişmiqyaslı müharibələrlə əvəz olunub.
Bu arada Moskva digər istiqamətlərdəki uğursuzluqları Ukraynaya təzyiqi artırmaq və ölkə daxilində yeni repressiv tədbirlər tətbiq etməklə kompensasiya edir, - deyə Economist jurnalı qeyd edir.
Nikolas Maduronun ələ keçirilməsindən bir neçə gün sonra isə Rusiya hərbçiləri Ukraynaya "Oresnik" ballistik raketi ilə zərbə endirib.



























