İŞİD yenidən güclənirmi?

Şəklin mənbəyi, AFP / Getty Images
- Müəllif, Catherine Heathwood ve Fernando Duarte
- Vəzifə, BBC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Avstraliya Baş nazirinin 14 dekabrda Bondi çimərliyində baş verən hücumun "İŞİD ideologiyası ilə əlaqəli göründüyünü" deməsindən sonra dünyanın diqqəti yenidən İraq-Şam İslam Dövlətinə yönəldi.
Polis hadisə yerində tapılan bir avtomobildə əl istehsalı partlayıcı maddələrlə yanaşı, "ev şəraitində hazırlanmış" İŞİD bayraqlarının da olduğunu açıqladı.
İŞİD həmin vaxt həftəlik əl-Naba qəzetində hücumu birbaşa üzərinə götürməsə də, internet üzərindən yaydığı mesajlarla zorakılığa "ilham verdiyini" iddia edən bir üslubdan istifadə etdi.
Hücumu həyata keçirənlərin ata və oğul olduğu bildirildi.
Ata polis tərəfindən öldürüldü. Oğul isə 15 nəfərin qətlində ittiham olunur.

Şəklin mənbəyi, Anadolu Ajansı/ Getty Images
Sidneydə baş verən hücum bir daha göstərdi ki, İŞİD Qərb ölkələrində hədəflərə hücum etməkdən və ya bu cür hücumlara ilham verməkdən hələ də vaz keçməyib.
Bu, təşkilatın 2017-ci ildə Suriya və İraqdakı "xilafət" ərazilərini itirməsindən sonra təsirinin ciddi şəkildə azalmasına baxmayaraq belədir.
İnternetdə tərəfdarları hadisəni coşqu ilə qeyd etsələr də, İŞİD Bondi çimərliyindəki silahlı hücumlardan bir gün əvvəl Suriyada iki amerikalı əsgər və bir mülki şəxsin öldürüldüyü hücum barədə də susqunluğunu qorudu.
ABŞ bildirir ki, Suriyadakı hücumları İŞİD üzvü həyata keçirib.
BBC Monitoring-in cihadçılıq üzrə mütəxəssisi Mina əl-Lami deyir:
"Əslində heç vaxt tamamilə yox olmayan bir şeyin geri qayıdışından danışmaq olmaz".
O, təsdiqlənməmiş hücumların avtomatik şəkildə İraq-Şam İslam Dövlətinin üzərinə atılmaması barədə xəbərdarlıq edir və bunun qrupun real imkanlarını əks etdirməkdən daha çox, onun təbliğatını gücləndirmək riski daşıdığını vurğulayır.
Bəs İŞİD hələ də aktivdirmi?

Şəklin mənbəyi, AFP/ Getty Images
İŞİD öz gücünün zirvəsində olduğu dövrdə Suriya və İraqın geniş bölgələrini idarə edirdi. Vergi toplama, təhsil, səhiyyə sistemi və əxlaq polisi kimi mexanizmlərlə özünü işləyən bir dövlət kimi təqdim edirdi.
Lakin 2019-cu ildə ABŞ-ın rəhbərliyi ilə 70-dən çox ölkədən ibarət bir koalisiya tərəfindən Yaxın Şərqdə məğlub edildi və xilafət utopiyasına son qoyuldu.
Əl-Lami bildirir ki, 2019-cu ildə ABŞ əməliyyatı zamanı təşkilatın qurucu lideri Əbu Bəkr əl-Bağdadinin özünü öldürməsi İŞİD-in cazibəsini daha da zəiflətdi.
O zamandan bəri təşkilatın liderlərindən heç biri ictimaiyyətə tanınan profil ilə xitab etməyib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına görə, bu gün Suriyada və İraqda təxminən 3 min İŞİD döyüşçüsü fəaliyyət göstərir.
2014-cü ildə xilafəti elan etdikdə isə qısa müddətdə on minlərlə xarici döyüşçü təşkilata qoşulmuşdu.
Əl-Lami deyir ki, İŞİD-in azalan gücünün başqa bir göstəricisi də hücumlarının miqyasıdır.
Qrup 2010-cu illərin ortalarında Suriyada, İraqda və Qərbdə çox sayda yüksək səviyyəli hücumun məsuliyyətini üzərinə götürürdü.
"İndi əsasən kiçik, sürətli vur-qaç hücumları ilə tanınır", – o deyir.
Əl-Lami əlavə edir ki, Qərbdə nadir görülən hücumlar mərkəzləşdirilmiş şəkildə koordinasiya olunmur, daha çox təşkilatdan ilham alınaraq həyata keçirilir.
Keçən il, İŞİD-in Xorasan Vilayəti (İŞİD-H) olaraq bilinən Əfqanıstan qolu yanvarda İranda təxminən 100 nəfərin öldüyü və iki ay sonra Rusiyada təxminən 150 nəfərin öldüyü hücumlarla əlaqələndirildikdən sonra dünya miqyasında başlıqlara çıxdı.
Eyni zamanda, Avropada bir sıra hücumlar planlaşdırıldığı da şübhə doğururdu, lakin çoxunun qarşısı alındı.
Lakin bu il İŞİD-H əhəmiyyətli dərəcədə zəifləyib və hətta Əfqanıstanda hücum təşkil etməkdə çətinlik çəkir.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Hazırda təşkilat adına həyata keçirilən hücumların çoxu səhra altı Afrikada baş verir.
İqtisadiyyat və Sülh İnstitutu tərəfindən yayımlanan 2025-ci il Qlobal Terrorizm İndeksi hesabatına görə, İŞİD və ona bağlı təşkilatlar "2024-cü ildə 22 ölkədə 1.805 nəfərin ölümünə səbəb olaraq ən ölümcül terror təşkilatı olmağa davam etdi".
Əl-Lami əlavə edir ki, İŞİD təbliğatda gücünü böyük ölçüdə itirib.
"Çox şouvari, diqqətlə hazırlanmış təbliğat videoları vardı, amma indi video yaymaqda həqiqətən çətinlik çəkirlər".
Lakin İŞİD hələ də internet üzərindən yayım vasitələrindən istifadə edərək hücumlara çağırışlar edir.
Əl-Lami bildirir ki, təşkilatın "internetdə gənc, sosial media baxımından savadlı və qrupun təbliğat boşluğunu doldura bilən misilsiz bir tərəfdar ordusu" var.
Gənclərə çatmaq üçün Facebook və Instagram kimi platformalarda fəal şəkildə fəaliyyət göstərirlər.
BBC Monitoring-in analitikləri tez-tez silahların necə istifadə olunması, necə atəş açılması və bir insanın necə ölümcül şəkildə bıçaqlanması barədə "addım-addım təlimatlar" olan broşürlərə rast gəlirlər.
Əl-Lami bu paylaşımların bir hissəsinin təcrübəli "media cihadçıları" tərəfindən hazırlandığını, digərlərinin isə İŞİD təbliğatından təsirlənmiş və qrupun mesajını yaymaq istəyən adi gənclər tərəfindən paylaşıldığını ehtimal edir.
Bondi çimərliyi hücumundan sonra verdiyi açıqlamalarda İŞİD bildirib ki, "cihad" artıq "daha çətin və mürəkkəb bir mərhələyə daxil olub" və bu mərhələ getdikcə daha çox internet müstəvisində cərəyan edir.
"Rəqəmsal dünya vasitəsilə əmr alma strategiyası… çox az resurs tələb edən və bir çox maneəni aşa bilən təsirli bir strategiyadır", - deyə bildirilib.
Bəs İŞİD Afrika və Asiyada böyüyürmü?

Şəklin mənbəyi, AFP / Getty Images
Yaxın Şərqdəki ənənəvi ərazilərində dəstəyini itirməsi İŞİD-in alternativ bölgələr axtarışına çıxdığı anlamına gəlir.
Cənubi Asiyada Xorasan Vilayəti (İŞİD-H) təşkilatın ən aqressiv qollarından biri hesab olunur.
Birləşmiş Millətlər Təşkilatının qiymətləndirməsinə görə, Əfqanıstan və Pakistanın şimalında möhkəmlənmiş bu qrupun təxminən 2 min döyüşçüsü var və Tacikistan, Özbəkistan kimi digər Mərkəzi Asiya ölkələrindən də üzv toplamağa davam edir.
Bu arada, İŞİD-in Şərqi Asiya Vilayəti adlandırılan və Cənub-Şərqi Asiyanı, eləcə də Filippinlərin cənubunu əhatə edən qolu daha əvvəl Filippinlərdə və İndoneziyada baş vermiş bir sıra ölümcül hücumlara görə məsul tutulub.
Lakin bu qol cari il ərzində heç bir hücumu öz üzərinə götürməyib.
Mütəxəssislər bildirirlər ki, İŞİD-in əsas diqqət mərkəzi hazırda Afrikadır.
Niderlandda yerləşən Beynəlxalq Terrorla Mübarizə Mərkəzinin təhlükəsizlik üzrə mütəxəssisi Adrian Ştuni xəbərdarlıq edir ki, İŞİD son bir neçə ildə qitədə "qat-qat böyüyüb".
O deyir: "Bunu Sahel (Şimali Afrika bölgəsi) və Qərbi Afrika kimi idarəçiliyin zəif olduğu ərazilərdəki təhlükəsizlik boşluqlarından istifadə edərək ediblər. Bu bölgələrdə Qərb orduları ya məcburi, ya da könüllü şəkildə geri çəkilib, regional qeyri-sabitliklər yaşanır və terrorla mübarizəyə ayrılan maliyyə vəsaiti azalır".
Birləşmiş Millətlər Təşkilatına görə, İŞİD-in Qərbi Afrika Vilayəti qolunun 8 mindən 12 minə qədər döyüşçüsü ola bilər.
Əl-Lami bildirir ki, təşkilatın bu il həyata keçirdiyi 10 hücumdan 9-u səhra altı Afrikada baş verib.
O əlavə edir ki, İŞİD Afrikanın şimalında və Somalidə də aktivdir və bu bölgələrdə Əl-Qaidənin qolları ilə ciddi rəqabət aparır.
Lakin onun sözlərinə görə, təşkilatın ən güclü olduğu ölkələr Nigeriya, Konqo Demokratik Respublikası (KDR) və Mozambikdir.
Bu ölkələrdə silahlılar təkcə hərbi qüvvələri deyil, xristian icmalarını da hədəf alırlar.
Əl-Lami deyir ki, Konqo Demokratik Respublikasında İŞİD-ə bağlı qruplar tez-tez basqınlar etdikləri ərazilərdə qeyri-müsəlmanlardan vergi yığmağa çalışırlar.
O əlavə edir:
"İŞİD Konqo Demokratik Respublikasındakı xristianlara üç seçim təqdim etdiyini deyir: müsəlman olmaq, İŞİD-ə 'cizyə' adlanan vergini ödəmək və ya öldürülmək. Bir çox hallarda isə onlar (silahlılar) heç seçim də vermirlər. Kəndlərə hücum edib insanları öldürürlər".

Şəklin mənbəyi, AFP/ Getty Images
Əl-Lami bildirir ki, beynəlxalq medianın diqqətsizliyi səbəbindən İŞİD Afrikada çox böyük ölçüdə nəzarətsiz fəaliyyət göstərməyə imkan tapıb və hətta İŞİD özü də bu diqqətsizlikdən şikayətçidir.
"Keçən il İŞİD məyus oldu. Rəsmi bir mesajla bildirdi: "Afrikadakı bütün xristianları öldürürük və Qərb mediası irqçidir. Onlara əhəmiyyət vermirlər".
Lakin İŞİD Afrikada intensiv fəaliyyət göstərsə də, Əl-Lami təşkilatın bir zamanlar Suriya və İraqda malik olduğu gücə yaxın belə olmadığını deyir.
"Bir zamanlar Yaxın Şərqdə olduğu kimi, İŞİD-in Afrikada nəzarət etdiyi torpaq parçası yoxdur. Bunun əvəzinə sığınacaqlarda gizlənir və sürətli, vur-qaç hücumları həyata keçirirlər".
Bundan sonra nə olacaq?

Şəklin mənbəyi, AFP / Getty Images
Chatham House-da aparıcı tədqiqatçı Dr. Renad Mansour hesab edir ki, İŞİD keçmişə nisbətən çox zəifdir.
O, BBC-yə verdiyi müsahibədə deyir: "İŞİD-in nəzarəti altında yaşayan əhali əziyyət çəkdi və hətta hökumətlərdən narazılığın olduğu yerlərdə belə, İŞİD artıq əvvəllər sahib olduğu təsir gücünə malik deyil".
O əlavə edir: "Buna görə də yaxın gələcəkdə xilafətin bu şəkildə yüksəldiyini görmək çətindir".
Lakin Mansour xəbərdarlıq edir ki, İŞİD güc qazanmaq potensialına malikdir, xüsusilə də bir neçə silahlı qrupun rəqabət apardığı bölgələrdə.
Təhlükəsizlik üzrə mütəxəssis Adrian Ştuni deyir ki, ən böyük risk beynəlxalq cəmiyyətin İŞİD təhdidinə necə cavab verəcəyindən asılıdır.
O bildirir ki, çoxsaylı ölümcül hücumlardan sonra reaksiya vermək kifayət deyil və fərqli ölkələrdən davamlı təzyiq göstərilməsi vacibdir.
"İŞİD kimi uyğunlaşa bilən bir düşmənə və onun inkişaf edən taktikalarına aralıqlarla diqqət yetirmək yetərli deyil.
Gözardı edilərsə, İŞİD böyüyəcək".



