Tofiq Yaqublu "karser"ə salındığı üçün aclıq aksiyasına başlayıb"

Müsavat partiyasının üzvü, həbsdə olan Tofiq Yaqublu "karser"ə salınıb və buna görə aclıq aksiyasına başlayıb, vəkili Nemət Kərimli BBC News Azərbaycancaya deyib.
Onun sözlərinə görə, o, fevralın 23-də "karser"ə salınıb və bu, 7 sutka nəzərdə tutulub.
Videoya burada bax:
"Mən onunla dünən görüşdüm. Dünən onun zəng etmə günü idi və ailəsinə zəng edə bilməmişdi. Mənim onunla növbəti görüşüm var idi. Görüşdə səbəbini soruşdum ki, niyə zəng etməmisən, o bildirdi ki, artıq birinci gündən onu "karser"ə salıblar. "Kars"a salınma səbəbi isə, guya orada axtarış aparmaq istəyiblər, bu da axtarışa mane olub, hansı ki, bir neçə gün əvvəl də onun qaldığı yerdə axtarış aparmışdılar", - vəkili deyib.
BBC Azərbaycanca Penitensiar Xidmətdən şərh ala bilməyib.
Tofiq Yaqublu "karser"ə salınmasını oğlunun Vaşinqtonda etiraz aksiyası keçirməsi ilə əlaqələndirib, vəkili deyib.
Nemət Pənahlı bildirib ki, Tofiq Yaqublu təkcə "karser"ə salındığı üçün aclıq aksiyası keçirmir: "Onun "kars"a salınmasına, qanunsuz hökmə etiraz və Amerika administrasiyasının Azərbaycanda insan haqlarının müdafiəsindən geri çəkilməsinə etiraz olaraq, bu üç səbəbdən aclığa başlayıb. Və solğun idi, açıq şəkildə hiss olunurdu artıq aclıq elan etdiyi".
Səslənən iddialarla bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi hələlik BBC-nin Yaqublunun iddiası ilə bağlı sorğusunu cavablandırmayıb.
Nemət Kərimli Tofiq Yaqublunun "kars"a salınması ilə bağlı məhkəmə qərarından şikayət verəcəklərini bildirib.



























