2020-ci il Azərbaycanda İkinci Qarabağ Müharibəsi ili kimi yadda qaldı
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmasa Youtube-dan izləyin.
2020-ci il Azərbaycan tarixində 44 günlük İkinci Qarabağ müharibəsi və 3 gün davam edən Tovuz döyüşləri ilə daha çox yadda qaldı.
İlin əvvəli nisbətən sakit başlasa da, Qarabağ ətrafında hadisələr siyasi aktiv keçib.
Nikol Paşinyan və İlham Əliyev arasında sonuncu görüş 2020-ci ilin fevralında Münhen təhlükəsizlik konfransında olub.
Münaqişə tarixində ilk dəfə iki ölkə lideri ictimiyyətə açıq debat ediblər.
Münaqişə və müzakirə detalları barədə danışmasalar da görüşdə hansı millətin daha qədim olması barədə mübahisə ediblər.
2020-ci ilin yazında Dağlıq Qarabağda yerli ermənilər prezident seçkisi keçiriblər və onun andiçmə mərasimi Şuşa şəhərində qeyd edilib. Ermənistan Baş naziri Nikol Paşinyan oradakı şənliklərə qatılıb.
Sonradan Baş nazir Paşinyanın Şuşada yallı getməsi Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə ərzində etdiyi çıxışlarında hər dəfə vurğulanacaqdı.
O zamana qədər isə - 2019-cu ilin avqustunda Dağlıq Qarabağda təşkil olunan Ümumerməni Oyunlarının açılışında Ermənitan Baş naziri Nikol Paşinyan Qarabağ Ermənistandır şüarı səsləndirmişdi. Elə həmin il Ermənistanın Müdafiə naziri Davit Tonoyan ABŞ-da səfərdə Ermənistanı Qarabağla bağlı yeni strategiyasının "Yeni müharibə - yeni ərazilər" olduğunu demişdi.
İlin sonunda baş verən müharibə zamanı Azərbaycan Prezidenti İlham Əliyev onların bu hərəkətlərini dəfələrlə çıxışlarında tənqid edib və müharibə üçün qıcıqlandırıcı hal kimi qələmə verib.
Bu ilin yul ayınadək cəbhədə nisbi sakitlik olub. Hətta son iki ildə, yəni Paşinyan hakimiyyətə gəldikdən sonra irəliləyişlər də olub. Hər iki ölkənin hərbi nazirlikləri arasında birbaşa əlaqə qurulub, təmas xəttində isə snayper duellərinin və atəşkəs pozuntularının sayı rekord həddə azalıb. Bunu beynəlxalq ekspertlər və müşahidəçilər qeydə alıb.
İki ölkənin xarici işlər nazirləri hətta "əhalini sülhə hazırlamaq" zərurəti barədə razılığa da gəliblər və jurnalistlərin uzun illərdir olmayan qarşılıqlı səfərləri baş tutub.

Şəklin mənbəyi, Getty Images
Sonra nələrin baş verdiyi ictimiyyətə məlum olmayıb və Azərbaycanda müharibəyə hazırlıq ab-havası hiss olunmağa başlayıb.
Bu ərəfədə Azərbaycan bir neçə dəfə Ermənistanın danışıqlardan imtina etdiyini bildirib. İlham Əliyev Ermənistanın müharibəyə hazırlaşdığını isə beynəlxalq tədbirdə bəyan edib.
Bu ilin iyulunda Dağlıq Qarabağla birbaşa əlaqəsi olmayan Tovuz rayonu istiqamətində Ermənistan və Azərbaycan arasında dövlət sərhəddində döyüşlər başlayıb.
Hərbi əməliyyatlar geniş miqyas almasa da artilleriya istifadə olunub, daha çox yüksəkliklər uğrunda mövqe döyüşləri gedib.
Tərəflər atəşkəsi pozmaqda və hərbi əməliyyatları başlamaqda bir-birini ittiham ediblər.
Üç gün çəkən döyüşlərdə Azərbaycan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və iki mayor olmaqla 11 hərbçisini itirib.
Prezident İlham Əliyev Tovuz döyüşləri ilə bağlı keçirdiyi Nazirlər Kabinetinin iclası zamanı Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun fəaliyyətini sərt tənqid edib.
Növbəti gün isə 16 il xarici işlər naziri olmuş Elmar Məmmədyarov Prezidentin sərəncamı ilə işdən azad olunub.
Tovuzda baş verənlərdən və generalın ölümündən sonra gecə saatlarında minlərlə Bakı sakini müharibə tələbi ilə paytaxt küçələrinə axışıb. Onların əksəriyyəti Şəhidlər Xiyabanına yürüş edərək parlamentin inzibati binası qarşısına toplaşıblar. Əsas şüar Qarabağın işğaldan azad edilməsilə bağlı olub.
Tovuz döyüşlərindən sonra Azərbaycanda Rusiyadan və Serbiyadan Ermənistana silah-sursat daşınması geniş müzakirə edilib.
Qarabağ münaqişəsinin tarixində ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev Vladimr Putinlə telefon danışığında Rusiyadan Ermənistana "hərbi təyinatlı" yüklərin daşınması ilə bağlı öz narazılığını bildirib.

Sonradan Rusiya rəsmiləri hərbi yüklərin tikinti materialı olmasını desə də, bu cavab Azərbaycanı qane etməyib.
Tovuz döyüşlərindən sonra Azərbaycanın cəbhəyanı bölgələrində əhalinin atəşdən qorunması üçün sığınacaqlar qurulmağa başlayıb.
Ölkədə hərbi hərəkətlilik hiss olunub və bu ərəfədə Türkiyə-Azərbaycan hərbi təlimləri keçirilib.
Hərbi təlimlər zamanı cəhbəyə yaxın ərazilərdə şərti əməliyyatlar baş tutub.
Sentyabrın 27-də səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhədə Ermənistan tərəfindən təxribat törədilməsi nəticəsində ölən və yaralıların olduğu barədə bəyanat yayıb.
Bundan sonra Azərbaycan tərəfi əks hücum əməliyyatlarına başladığını bildirib.
Cəbhədə döyüşlər başlandıqdan sonra Ermənistan tam, Azərbaycan isə qismən hərbi səfərbərlik elan edib.
Döyüşlərin ikinci günü Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan Xankəndini atəşə tutub.
Azərbaycan isə Ermənistanın hücumu nəticəsində 10 mülki şəxsin öldüyünü və 30 nəfərin yaralandığını bildirib.
Cəbhədə şiddətli döyüşlər getdiyi müddətdə Azərbaycan tərəfi oktyabrın 3-də ilk azad olunan əraziləri rəsmi elan edib.
Prezident İlham Əliyev Tərtər rayonu ərzisindəki Suqovuşan su anbarının və müxtəlif rayonların ərazisindən 7 kəndin azad olunduğunu açıqlayıb.
Rəsmi olaraq, ilk ərazilərin azad olunma xəbərindən sonra Ermənistan Gəncə, Mingəçevir, Xızı, Abşeron, Füzuli, Tərtər və Cəbrayıl şəhərlərini raket atəşinə tutub.
Elə həmin gün Cəbrayıl şəhəri və rayonunun doqquz kəndinin azad olunması xəbəri gəlib.
Oktyabrın 4 və 5-də onlarla kəndin Ermənistan ordusunun işğalından azad olunması xəbərləri gəldiyi bir vaxtda Bərdə şəhərində mülki yaşayış yerləri raket atəşinə tutulub.
Oktyabrın 9-da Azərbaycan döyüşlərdə strateji və mənəvi əhəmiyyəti olan Hadrut qəsəbəsini və bir neçə kəndi işğaldan azad etdiyini elan edib.
Oktyabrın 10-da Moskvada Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyilə birinci atəşkəs sazişi imzalanıb.
Atəşkəs barədə hər üç ölkənin xarici işlər nazirləri arasında 11 saat davam edən müzakirələrindən sonra razılığa gəlinib.
Atəşkəs bir neçə dəqiqədən sonra pozulub və cəbhədə döyüşlər səngiməyib.
Tərəflər atəşkəsi pozmaqda bir-birini ittham ediblər.
Atəşkəsin səhəri günü Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket atəşi nəticəsində 42 nəfər ölüb, 200-dən çox adam yaralanıb.
Gəncəyə hücumdan sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan ərazisində və Qarabağda oktyabrın 14-də 3 ədəd, oktyabrın 20-də 2 ədəd "Elbrus" raket kompleksini zərərsizləşdirib.
Ermənistan Müdafiə Nazirliyi oktyabrın 14-də Ermənistan ərazisində, Kəlbəcər rayonuna yaxın ərazidə raketlərinin vurulduğunu təsdiq edib.
Oktyabrın 17-də Azərbaycan Füzuli şəhərini və buna kimi onlarla kəndi işğaldan azad etdiyini elan edib.
Elə həmin gün Ermənistan Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə raket hücumu edib.
Mülki əhalinin yaşadığı yerlərə düşən raketlər tələfata və dağıntılara səbəb olub.
Oktyabrın 18-də Azərbaycan və Ermənistan ikinci humanitar atəşkəs razılığına gəlsələr də, bu da davamlı olmayıb və dəqiqələr sonra pozulub.
Yenə tərəflər atəşkəsi pozmaqda bir-birini ittiham ediblər. Elə həmin gün Azərbaycan tarixi Xudafərin körpüsünün azad olunduğunu bildirib.
İki gün sonra Zəngilan şəhərinin işğaldan azad edildiyi açıqlanıb.
Oktyabrın 22-nə kimi müxtəlif günlərdə onlarla kəndlərin işğaldan azad edildiyi elan olunub.
Həmin vaxtda Ermənistan Qəbələ, Kürdəmir və Siyəzən kimi cəbhə bölgəsindən yüzlərlə kilometr uzaqda olan rayonlara taktiki-operativ raket atıb.
Raket zərbələri boş ərazilərə düşüb və tələfat olmayıb.
Üç gün sonra Azərbaycan Qubadlı şəhərini və bəzi kəndləri işğaldan azad edib.
Sayca üçüncü atəşkəs razılaşması oktyabrın 26-da Vaşinqtonda ABŞ-ın vasitəçili ilə baş tutsa da, bu sazişin də ömrü qısa olub.
Növbəti gün Ermənistanın Bərdə şəhərinə artileriya hücumu nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Səhəri gün Azərbaycan cəbhədə bir neçə kəndi daha azad etdiyini açıqladıqdan sonra Ermənistan Bərdəyə yenidən raketlər atıb.
Bərdə şəhərinə raket hücumu nəticəsində 21 nəfər ölüb, 40 nəfər yaralanıb.
Döyüşlər zamanı Human Rights Watch və Amnesty International təşkilatları Ermənistanın Bərdəyə, Azərbaycanın isə Xankəndinə qadağan olunmuş klaster bombalardan istifadə etməklə atəş açdığını bildirib.
Oktyabrın son günü İkinci Qarabağ Müharibəsi dövründə ilk dəfə Ermənistan Rusiyadan kömək istəyib.
Azərbaycan fərqli günlərdə onlarla kəndin işğaldan azad olunduğunu elan edərək əks hücum əməliyyatlarını davam etdirdiyini bildirib.
Noyabrın 6-da Ermənistan Azərbaycanın artileriya hücumu nəticəsində Xankəndində 3 mülki şəxsin öldüyünü deyib.

Şəklin mənbəyi, Müdafiə Nazirliyi
Müharibəni yekunlaşdıran Azərbaycanın Şuşa şəhərini işğaldan azad etməsi olub.
Hərbi təhlilçilər və siyasi şərhçilər şəhərin strateji və mənəvi əhəmiyyəti olduğu deyiblər və buna görə də Şuşaya nəzarətin müharibənin gedişində dönüş nöqtəsi olacağını bildiriblər.
Noyabrın 8-də Azərbaycan Şuşanın işğaldan azad edildiyini bəyan edib və bu xəbər Bakıda böyük coşqu və bayram əhvalı ilə qarşılanıb.
Noyabrın 9-da Dağlıq Qarabağda separatçılar Şuşa şəhərinə nəzarəti itirdiklərini etiraf ediblər. Onlar bildirib ki, Azərbaycan Ordusu Xankəndinin astanasındadır.
Elə həmin gün Azərbaycan müxtəlif rayonların ərazisində olan 70-ə yaxın kəndin işğaldan azad olunduğunu elan edib.
Noyabrın 10-da gecə saatlarında gözlənilmədən Ermənistan, Azərbaycan və Rusiya Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanat imzalayıb.
Atəşkəs razılaşması onlayn formatda Rusiya Prezidenti Vladimr Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanıb. Video formatlı görüşə Nikol Paşinyan qatılmayıb.
Ermənistan Baş naziri xalqa müraciətində deyib ki, atəşkəs razılaşmasını imzalamaq məcburiyyətində qalıb.
O bildirib ki, Dağlıq Qarabağ üzrə razılaşmanı imzalamaq qərarını "ordunun təkidlə israrından sonra" qəbul edib.
Azərbaycanda bu razılaşma qələbə, Ermənistanda isə kapitulyasiya kimi qəbul edilib.
Müharibənin bitməsi və 9 noyabr axşamı erməni qüvvələrinin nəzarətində olan ərazilərin təslim edilməsi xəbəri Yerevanda xalqın qəzəbinin alovlanmasına səbəb olub.
Kütlə "Xain!" ittihamı qışqırtısı ilə Nikol Paşinyanın kabinetini dağıdıb və parlament sədrini döyüb.
Deputatlar evlərini tərk etməkdən qorxdular və Baş nazir bir neçə gün ərzində ictimaiyyət qarşısına çıxmadı.
Atəşkəs razılaşmasına görə Ağdam, Kəlbəcər, Laçın rayonları dekabrın 1-dək Azərbaycana qaytarılıb. Dağlıq Qarabağa Rusiya sülhməramlıları gəlib.
Sonradan məlum olub ki, Laçın şəhəri Azərbaycana qayıtmır və Rusiya sülhməramlılarının nəzarətində qalır. Səbəb Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin Laçın şəhərindən keçməsidir.
İlham Əliyev deyib ki, yaxın üç ilə Qarabağdan Ermənistana yeni yol tikildikdən sonra Laçın şəhəri də Azərbaycana qaytarılacaq.
Razılaşma sənədi hələ imzalanmamışdan Rusiya mediası sülhməramlıların yola düşdüyü barədə xəbərlər yaymağa başlayıb.
Sazişə görə Rusiya Dağlıq Qarabağa 1960 nəfər sülhməramlı hərbçi və helikopterlər, dronlar da daxil olmaqla yüzlərlə digər texnika da göndərib.
Rusiya sülhməramlıları Dağlıq Qarabağa tam yerləşib və yerli erməni əhalinin problemlərinin həlli ilə məşğul olur.
Sülhməramlılar artıq 40 mindən çox ermənini Ermənistandan Dağlıq Qarabağa qayıdanda müşaiyət edib, təhlüksiz şəkildə yerləşdiriblər. Bundan başqa Rusiya sülhmərmalıları mina təmizləmə, komunikasiya xətlərinin bərpası, humanitar yardım və tibbi xidmət işlərində də yerli əhaliyə xidmət göstərirlər.
Azərbaycan ictimiyyəti atəşkəs razılaşması əsasında Ağdam, Kəlbəcər və Laçın ərazilərinin döyüşsüz və insan itkisi olmadan qaytarılmasından məmnun olsa da, Rusiya qüvvələrinin 27 il sonra ölkəyə yenidən gəlməsindən narahatlıq ifadə edib.
Müstəqil şərhçilərə görə sülhməramlı adı altında da olsa faktiki olaraq, Rusiya ordusu Azərbaycana qayıdıb. Buna kimi isə Azərbaycan müstəqillik əldə etdikdən sonra Cənubi Qafqaz ərazisində Rusiya ordusu olmayan yeganə dövlət olub.
Atəşkəs razılaşmasında göstərilməsə də, sonradan İlham Əliyev bəyan edib ki, atəşkəsə nəzarət üçün Ağdamda Rusiya Türkiyə birgə mərkəzi yaradılacaq. Mərkəzdə türk hərbçiləri ilə Rusiya qüvvələri birgə fəaliyyət göstərəcək.
Sazişdən bir aydan çox vaxt keçsə də, hələ də Rusiya-Türkiyə birgə mərkəzinin tam təfərrüatları ictimiyyətə açıqlanmayıb.
Vaxtaşırı bu məsələ ilə əlaqəli Türkiyə və Rusiya tərəfindən müxtəlif bəyanatlar, xırda təfərruatlar səsləndirilsə də, Azərbaycan rəsmi olaraq bu barədə heç nə deməyib.
Türkiyə isə ortaq mərkəzdə bir il müddətində xidmət etmək üçün Azərbaycana hərbçilərinin göndərilməsi barədə parlamentdə qərarı təsdiq edib.
Ancaq hələ də türk hərbçiləri bu məqsədlə Azərbaycana gəlməyib.
Azərbaycan İkinci Qarabağ Müharibəsi boyunca hərbi itkilərini açıqlamayıb, amma sonradan 2823 hərbçinin həlak olduğunu bəyan edib. İkinci Qarabağ müharibəsində mülki itkilərin sayı isə 100-dən çox olub.
Bundan başqa Müdafiə Nazirliyi İkinci Qarabağ Müharibəsində yüzdən çox hərbi qulluqçusunun da itkin düşdüyün bildirib.
Azərbaycan atəşkəs sazişinin bir aylığını Bakıda Azadlıq meydanında zəfər paradı ilə qeyd edib.
Parada Türkiyə Prezidenti Recep Tayyib Erdoğan, Türkiyə nümayəndə heyəti və hərbçiləri qatılıb.
Hərbi paradda Ermənistandan qənimət kimi götürülmüş hərbi texnikanın bir hissəsi nümayiş olunub.
Bundan başqa hərbi keçiddə Türkiyə istehsalı olan Bayraktar dronları da göstərilib.
Mütəxəssislər Türkiyə istahsalı Bayraktar və İsrail istahsalı olan dronların İkinci Qarabağ Müharibəsində Azərbaycana əhəmiyyətli üstünlük qazandırdığını söyləyirlər.
Müharibə başa çatsa da, Hadrut rayonunun Çaylaqqala və Hin Tağlar kəndləri istiqamətində 11 və 12 dekabrda döyüşlər gedib. Dekabrın 13-də Rusiya sülhməramlılarının müdaxiləsi ilə döyüşlər dayandırılıb. Azərbaycan Harutda "terror əməliyyatları zamanı" 4 hərbçisinin öldüyünü açıqlayıb.
İlham Əliyev xalqa son müraciətində deyib ki, Qarabağ münaqişəsi artıq həll olunub. Ancaq hələ də Ermənistan və Azərbaycan arasında sülh sazişinin nə vaxt bağlanacağı, Dağlıq Qarabağın statusunun taleyi qaranlıq qalır.
Rusiya Prezidenti Vladimir Putin deyib ki, Dağlıq Qarabağ beynəlxalq qanunlara görə, Azərbaycan ərazisidir, amma onun statusu məsələsi gələcəyə qalıb. Bundan əvvəl isə İlham Əliyev demişdi ki, daha Dağlıq Qarabağın statusu olmayacaq.
Hazırda Ermənistan və Azərbaycan arasında Sovet dövründə mövcud olmuş sərhədlərin bərpası işləri gedir.
Azərbaycanlı məcburi köçkünlərin azad olunmuş torpaqlara nə zaman qayıdacağı barədə isə hələlik heç bir məlumat açıqlanmasa da, hökumət həmin ərazilərin bəzilərində artıq infrastruktur quruculuğuna başladığını açıqlayıb.








