Rus sülhməramlıların xəritəsi niyə tez-tez dəyişir?

Rus sülhməramlıların xəritəsi

Şəklin mənbəyi, RUSİYA MÜDAFİƏ NAZİRLİYİ

Şəklin alt yazısı, Rusiya sülhməramlılarının xəritəsi: 15 dekabr (solda) və 17 dekabr (sağda)

Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən və rus sülhməramlıların Qarabağdakı fəaliyyətini göstərən xəritə tez-tez dəyişir. Xəritədə rus sülhməramlıların nəzarətindəki zona kimi göstərilən ərazilər bir-birindən fərqlənir.

Məsələn, müxtəlif günlərə aid xəritələrdə Laçın dəhlizi, Xocavəndin Çaylaqqala (Xtsaberd), Köhnə Tağlar (Hin Tağlar) kəndləri, Tərtərin Çaylı kəndi gah rus sülhməramlılarının nəzarət etdiyi əraziyə daxil edilir, gah da oradan çıxarılıb.

Bu dəyişikliklər Azərbaycanda həm siyasətçilər, həm də ictimaiyyət arasında tənqidlə qarşılansa da, məsələyə hələlik heç bir tərəfdən rəsmi reaksiya yoxdur.

Azərbaycan Müdafiə Nazirliyindən BBC News Azərbaycancaya məsələyə "şərh verilməyəcəyi" bildirilib. Rusiya Müdafiə Nazirliyi isə hələlik suallara cavab verməyib.

"Tələskənlik", yoxsa "səhv"?

Rusiyalı hərbi ekspert Aleksandr Qolts deyir ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşması "tələsik qəbul edilib" və təmas xətti yalnız ümumi şərtlər əsasında razılaşdırılıb.

"Üçtətəfli bəyanatda qoşun hissələrinin imzalanma vaxtı durduqları yerdə dayanmaları lazım olduğu deyildiyi üçün belə alınıb. Hadrut rayonunun (Rusiya sülhməramlılarının xəritəsində Hadrut rayon kimi göstərilir, amma 1991-ci ildə bu ərazinin rayon statusu ləğv edilib və hazırda Xocavənd rayonunun iki qəsəbəsindən biridir. Rusiyalı ekspert BBC News Azərbaycancaya açıqlamasında 1991-ci ilə qədər mövcud olmuş Hadrut rayonu ərazi vahidini nəzərdə tutur - red.) bir hissəsində erməni birləşmələri Azərbaycan qüvvələrinin tutduğu ərazinin dərinliyində olublar. Azərbaycan orada anti-terror adlandırdığı əməliyyat keçirib. Ermənistan Müdafiə Nazirliyi bunu üçtərəfli müqavilənin pozulması kimi qiymətləndirdi və Rusiya sülhməramlılarına müraciət etdi".

Aleksandr Qolts söyləyir ki, Azərbaycanın hökumətyönümlü şərhçiləri bütün hadisələrin Rusiya sülhməramlılarının məsuliyyət zonası xaricində baş verdiyini desələr də, Rusiya Müdafiə Nazirliyi bunun əksini göstərmək üçün yeni xəritə dərc etdi.

"Yeni xəritədə kor bağırsağı xatırladan əvvəlki əlavə sahə (Xocavənddin Çaylaqqala və Köhnə Tağlar kəndləri -red.) sadəcə yoxa çıxmışdı. Xəbər verildiyi kimi, Rusiya sülhməramlıları erməni birləşmələrini bu zonadan çıxardılar və bununla görünür, Hadrut rayonu tamamilə Azərbaycanın nəzarəti altına keçib".

"İki hadisədən birində səhv"

Hərbi ekspert düşünür ki, xəritənin dəyişdirilməsində və nəzarət zonasından Hadrut rayonu ərazisinin (Xocavəndin bir hissəsi -red.) çıxarılmasında "səhv var".

"Hər halda, iki hadisədən birində səhv baş verib - ya Hadrut rayonunda sülhməramlılarımızın məsuliyyət zonasına aid olan ərazinin xəritəsini hazırlayarkən bu iş erməni tərəfinin təsiri altında görülüb və ya yalnız təxmin edə biləcəyimiz amillərə görə bu, həmin xəritədən əvvəlki kor bağırsaq kimi ərazini (Çaylaqqala və Köhnə Tağlar kəndləri -red.) silib təmas xəttini düzəldərkən baş verib".

Aleksandr Qolts düşünür ki, "bu vəziyyətdə kədərli nəticələr yalnız Rusiya sülhməramlıları üçün olacaq, çünki bu və ya digər şəkildə onların qərəzsizliyi şübhə altına alnacaq".

O hesab edir ki, xəritədə edilən dəyişikliklər "hər iki qarşı tərəflə əlaqələndirilməlidir".

"Operativ xəritə dəyişə bilər"

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycanı sözügedən xəritənin dəyişdirilməsi yox, "hansısa prosesin nəticəsi" maraqlandırmalıdır.

"Bu operativ xəritələr sabah başqa cür dəyişə bilər. Bu xəritələrin mahiyyəti odur ki, onun əsasında sülhməramlı qüvvələr bu və ya digər fəaliyyəti həyata keçirir. Məsələn, əgər Zəngilanda gərginlik varsa, sülhməramlı qüvvələr orada fəaliyyət göstərir. Deməli, bu, xəritəyə düşür və məsələ həll olunandan sonra xəritədən çıxır. Bu, normal bir şeydir və hərbi elmin bir hissəsidir".

Cənab Zülfüqarov deyir ki, bu xəritə siyasiləşdirilməməli, sərhədi göstərən və ya gələcək təmas xəttini göstərən xəritə kimi qəbul olunmamalıdır.

"Bu, hərbi-texniki vəzifələri icra edən sənəddir, siyasi sənəd deyil. Bizim maraqlarımız ondan ibarət olmalıdır ki, yeni təmas xəttinin formalaşmasının qarşısını alaq. Bəzi yerlərdə bu, mərhələ-mərhələ həyata keçirilsə də, Azərbaycan hərbçisi hər yerdə olmalıdır. Bu ərazilərə psixoloji baxımdan "bura ermənilərə, bura mənə məxsusdur" kimi baxmamalıyıq. Bu bizim səhvimizdir. Bu torpaqların hamısı Azərbaycana məxsusdur. Bu gün bizim hərbçimiz burada durursa, sabah polisimiz digər bir yerdə, qabaqda duracaq".

"Əsas hədəflər maraqlı olmalıdır"

Tofiq Zülfüqarovun fikrincə, xəritədənsə, diqqət əsas hədəflərə yönəlməlidir.

"Bu isə Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə Ermənistan Respublikasının hərbçilərinin müəyyən edilib Azərbaycanın hüdudlarından çıxarılmasıdır. Bu vəzifə bəyannamədə mövcuddur və bəzi bölgələrdə artıq baş tutub. Hadrut istiqamətində baş verən toqquşmalarda əsir düşənlərin əksəriyyəti Ermənistan Respublikasının hərbçiləri olub. Biz də başa düşürük ki, onlar orada olmamalıdır. Əsas məsələ budur".

Dekabrın ortalarında Hadrut yaxınlığında 100-dən çox erməni hərbçisinin əsir götürüldüyü iddia edilsə də, Azərbaycan rəsmiləri bunu indiyə kimi şərh etməyib.

Cənab Zülfüqarov deyir ki, növbəti hədəf isə "Qarabağda yerli əhalidən yaradılan qeyri-qanuni birləşmələrin tərksilahı" olmasıdır.

Ermənistan-Azərbaycan arasında sentyabrın 27-dən başlayan döyüşlər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb.

Bəyanata əsasən, Rusiya sülhməramlıları bölgəyə yerləşdirilib.