Dağlıq Qarabağ: Xocavənddə nə baş verir?

Xocavənd rayonu Tuğ kəndi Ağdam kəndi Azərbaycan Müdafiə Nazirliyi

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Bazar günü Azərbaycanın Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun bölmələrinə edilən hücum son bir ayda baş verən ilk hadisə deyil.

Dekabrın 28-də baş vermiş hücum nəticəsində bir Azərbaycan hərbçisi həlak olub, Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl, ayın ortalarında sosial şəbəkələrdə 100-dən çox erməni hərbçilərin Qarabağda Hadrut yaxınlığında Çaylaqqala kəndi ətrafında əsir götürülməsi haqqında video görüntülər yayılmışdı.

Azərbaycan ordusunun Hadrut, Zəngilan və Şuşa rayonu ərazisində anti-terror reydləri keçirdiyi və ərazidən çıxmayan, yüzdən çox erməni könüllü döyüşçünü əsir aldığına dair məlumatlara Azərbaycan Müdafiə Nazirliyi hələ ki, reaksiya verməyib.

Qurum yalnız onu bildirmişdi ki, Xocavənd rayonunda "ermənilərin qəfil hücumu" nəticəsində dörd hərbi qulluqçu həlak olub.

Bazar günü nə baş verib?

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, dekabrın 27-si günorta saatlarında baş vermiş hücum "Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə" tərəfindən olub.

"Əsgər Elmir Qənbərov şəhid olub, əsgər Emin Əliyev isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur,"- Müdafiə Nazirliyi bildirib.

Qurum "görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvünün zərərsizləşdirildiyini" bildirir.

Nazirlik bəyan edib ki, "bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək".

"Nəzarətsiz silahlı dəstələr silahsızlaşdırılmalıdır"

Millət vəkili Rasim Musabəyov düşünür ki, Azərbaycanın hərbi rəhbərliyi

Rusiya sülhməramlılarının rəhbərliyi ilə bu məsələni ciddi müzakirə edəcək.

Onun sözlərinə görə, nəzarətsiz silahlı dəstələrin hamısı silahsızlaşdırılmalıdır.

"Orada rus sülhməramlıları yoxdur ki, onlara bununla bağlı irad bildirilsin. Əsgərlər özlərini həmişə qorumağa hazır olmalıdırlar. Hər halda hərbi toqquşma baş verib. Bir Azərbaycan hərbçisi həlak olduğu halda, 6 erməni terrorçusu məhv olub,"- millət vəkili deyir.

Cənab Musabəyov qeyd edir ki, bu problemin arxasında rus sülhməramlılarının nəzarət etdiyi Qarabağ ermənilərinin yaşadığı yerdə "əldə minlərlə silah var".

"Belə halda mütləq deyil ki süni şəkildə hazırlanmış bir diversiya idi. Orada özünü müdafiə qrupları var, hamısının əlində də silah. Nə istəyirsiniz, edə bilərlər. Bu halda belə insidentlər baş verir,"- millət vəkili deyir.

O deyir ki, bu məsələ gündəliyə gəlməli və müzakirə edilməlidir.

"... hər bir halda nizamlanan qüvvələr var, biri də var özünü müdafiə. 50 yaşında kişinin əlində avtomat, pulemyot ola bilər, 15 yaşında uşağın da. Onlar nəzarətsiz hansısa hərəkət etdiyi halda bu cür insident baş verə bilər,"- o qeyd edir.

"Belə insidentlər "tez-tez baş verəcək"

Təhlükəsizlik məsələləri üzrə təhlilçi İlham İsmayıl deyir ki, 10 noyabr bəyanatında müəyyən detallar dəqiqləşdirilmədiyinə və Dağlıq Qarabağın Azərbaycanın nəzarət etmədiyi ərazilərində Ermənistansilahlı qüvvələri qaldığına görə belə insidentlər "tez-tez baş verəcək".

O söyləyir ki, üçtərəfli bəyanatda "tərksilah məsələsi qoyulmayıb", sadəcə iki qüvvə arasında "sülhməramlı rolu qoyulub". Lakin o qeyd edir ki, sülhməramlılar yalnız müşahidə məntəqələrində olduqları üçün "meşədən çıxan və onlara qarşı hərəkət edənlərin qarşısını ala bilməzlər, təkcə reaksiya verə, onları sakitləşdirə bilərlər".

Cənab İsmayıl hesab edir ki, bu məsələnin həlli üçün Azərbaycan rus sülhməramlıları ilə diplomatik səviyyədə görüşlər keçirməli və Laçın dəhlizinin başladığı Azərbaycan-Ermənistan sərhədinə Azərbaycan Sərhəd Qoşunları yerləşdirilməlidir.

BBC News Azərbaycancanın Azərbaycan Dövlət Sərhəd Xidməti ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

İlham İsmayıl deyir ki, Azərbaycan bundan sonra öz nəzarəti altında olmayan, vaxtilə azərbaycanlıların yaşadığı Şuşa, Ağdərə və digər rayonların kəndlərinə öz məcburi köçkünlərini geri qaytarılmalı və tikinti işlərinin başlanmasını rəsmi şəkildə elan etməlidir.

"Rusiya sülhməramlılarına etibarlılıq çox aşağıdır"

O düşünür ki, Rusiya və Türkiyənin birgə monitorinq mərkəzi həmin tikinti işləri aparan şirkətlərin təhlükəsizliyi barədə öhdəlik götürməli, bacarmayacaqları halda isə, Azərbaycanın öz strukturları məsələyə daxil olmalıdır.

"Azərbaycan bu addımları atmasa, Qarabağda sülh yaranmayacaq və Rusiya nəinki birinci beşillik, ikinci beşillikdə də Qarabağda oturacaq".

Cənab İsmayıl deyir ki, 10 noyabr bəyanatında Ermənistan silahlı qüvvələrinin bütün Qarabağdan yox, yalnız Kəlbəcər, Ağdam və Laçından çıxması qeyd olunub.

İlham İsmayılın fikrincə, Ağdamda yerləşəcək Rusiya-Türkiyə monitorinq mərkəzinin effektivliyi belə hücumların qarşısını almaq üçün yetərli vasitə olmayacaq.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bazar ertəsi günü deyib ki, Türkiyə Rusiya ilə əməkdaşlıq çərçivəsində Azərbaycan-Ermənistan məsələsinə də toxunacaq.

"Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bu məsələdə də gələcəyə yönəlik atılacaq addımları müzakirə edəcəyik", - TRT Haber Mevlüt Çavuşoğluna istinadən yazıb.

Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı İkinci Qarabağ Müharibəsi sentyabrın 27-də başlayıb, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatı ilə başa çatıb.

Hər iki tərəfdən hərbi itkilər var.