Ermənistan Azərbaycana qarşı "kasetli silahlardan istifadə edib" - HRW

Şəklin mənbəyi, AA/Getty images
Erməni qüvvələri altı həftəlik müharibə gedişatında Azərbaycandakı yaşayış məntəqələrini kasetli silahlarla atəşə atıb, insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq təşkilat bildirir.
Human Rights Watch (HRW) qrupunun tədqiqatçıları 2020-ci ilin noyabrında Azərbaycana səfəri zamanı ölkənin üç rayonunda bu qəbildən olan dörd həmləni qeydə alıblar, Berlində mənzillənən təşkilatın son hesabatında deyilir.
Məlumata əsasən, həmin hücumlar vaxtı iki uşaq da daxil olmaqla, ən azı yeddi mülki şəxs öldürülüb və 20 nəfərə yaxın insan, o cümlədən iki uşaq xəsarət alıb.
Təşkilatın hesabatında oktyabr ayında 21 mülki şəxsin ölümü və 70 nəfərin yaralanması ilə nəticələnən Bərdə şəhərinə kasetli silahla hücumun sənədləşdirildiyi də qeyd olunur.
HRW, Azərbaycan tərəfinin də kasetli silahlardan istifadə etdiyini bildirir. Belə hallardan üçünün Xankəndi və daha birinin Hadrutda baş verdiyi deyilir.
Kasetli silahlar beynəlxalq müqavilə ilə qadağan edilmiş "qəddar silahlardır" və onların istifadəsi mülki şəxslərin həyatına açıq şəkildə sayğısızlığı nümayiş etdirir, - təşkilatın Avropa və Orta Asiya üzrə direktoru deyib.
Hugh Williamson-un sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan kasetli silahlardan istifadə etməmək barədə dərhal öhdəlik götürməli və onları qadağan edən müqaviləyə qoşulmalıdırlar.
Bu, təşkilatın İkinci Qarabağ müharibəsi ilə əlaqədar yaydığı ilk hesabat deyil.
Human Rights Watch 23 oktyabrda Azərbaycanın Dağlıq Qarabağda, 30 oktyabrda isə Ermənistanın Bərdəyə hücumu vaxtı kasetli silahlardan istifadə etdiyini bəyan edib. Bundan sonra Azərbaycan rəsmiləri bildirib ki, Azərbaycan qadağan olunmuş silahlardan istifadə etmir və mülki şəxslərə qarşı hücum etmir.
Kasetli silahlar artilleriya, raket, minomyot və ya təyyarədən atıla bilər.
Onların tərkibindəki kiçik hissəciklər adətən havada açılır və geniş əraziyə yayılaraq, həm hərbi, həm də mülki hədəflərə hədə yaradır. Bundan əlavə, bir çox hissəcik təmasda partlamır və faktiki olaraq minaya çevrilir. Onların səpələndiyi ərazilər təmizlənənə qədər təhlükəli qalır, hesabatda deyilir.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun illik Hərbi Balans-2020 hesabatına əsasən, Ermənistan cəbbəxanasında kasetli sursatları atmağa qadir silahlar mövcuddur, HRW bildirir. Məlumata əsasən, Dağlıq Qarabağdakı qüvvələrin kasetli silahları olmadığı üçün, çox güman ki, hücumları Ermənistan qüvvələri həyata keçirib və ya Dağlıq Qarabağdakı qüvvələri onlarla təchiz edib.
27 Noyabrda HRW təşkilatı ilə görüşdə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü, ölkənin silah arsenalında kasetli silahların olması barədə məlumatları təkzib edib, hesabatda deyilir.
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə 27 sentyabrda, Dağlıq Qarabağ bölgəsində gərgin döyüşlərlə başlayıb.
Silahlı qarşıdurma gedişatında tərəflər bir-birlərini mülki hədəflərə hücumlarda ittiham ediblər.
Müharibəyə noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan və 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatla son qoyulub.









