HRW: "Erməni qüvvələri müharibə qanunlarını pozaraq şəhər və kəndlərə dəfələrlə zərbələr endiriblər"

Şəklin mənbəyi, Gavriil Grigorov/TASS/Getty Images)
İnsan hüquqları üzrə beynəlxalq təşkilat Human Rights Watch (HRW) bildirir ki, erməni hərbi qüvvələri 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən döyüşlər vaxtı Azərbaycandakı hədəflərə fərq qoymadan, qanunsuz olaraq zərbələr endirib.
HRW-nin son hesabatında deyilir ki, noyabr ayında Azərbaycanda aparılan araşdırmalar zamanı, erməni qüvvələrinin ballistik raket, idarəolunmayan artilleriya mərmiləri və iri çaplı top mərmilərindən istifadə etməsiylə ilə bağlı 11 hadisəni sənədləşdirib.
"Erməni qüvvələri müharibə qanunlarını pozaraq, əhalisi olan şəhər və kəndlərə dəfələrlə raket, idarəolunmayan raket və ağır artilleriya mərmiləri ilə zərbələr endiriblər", - Human Rights Watch təşkilatının nümayəndəsi deyib.
Bu, təşkilatın İkinci Qarabağ müharibəsi ilə əlaqədar yaydığı ilk hesabat deyil. Human Rights Watch 23 oktyabrda Azərbaycanın Dağlıq Qarabağda qadağan olunmuş klaster bombasından istifadə etdiyini, 30 oktyabrda isə Ermənistanın Bərdəyə hücumda qadağan olunmuş klaster bombasından istifadə etdiyini deyib.
Bundan sonra Azərbaycan rəsmiləri bildirib ki, Azərbaycan qadağan olunmuş silahlardan istifadə etmir və mülki şəxslərə hücum etmir.
Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson-a əsasən, altı həftəlik müharibə dövründə təkrarlanan belə hücumlar mülkilərin həyatını və evlərini qanunsuz olaraq dağıdıb və belə hallar "qərəzsiz şəkildə" araşdırılmalıdır.
Hesabat hazırlanarkən Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər üzərinə zərbə halları araşdırılılıb.
Erməni hücumları mülki itkilərə səbəb olmaqla yanaşı, evlərə, müəssisələrə, məktəblərə və bir tibbi klinikaya ziyan vurub, kütləvi köçkünlüyə səbəb olub, hesabatda deyilir.
Azərbaycan Baş Prokurorluğu noyabrın sonunda mülkilər arasında itkilərin sayını açıqlayıb.
"Ermənistanın təcavüzü nəticəsində ümumilikdə 98 nəfər həlak olub, 414 nəfər xəsarət alıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 93 nəfər həlak olub, 410 nəfər yaralanıb. Minaya düşərək həlak olan dinc sakinlərin sayı 5-ə, xəsarət alanların sayı isə 4-ə çatıb" - 30 noyabrda prokurorluğun yaydığı məlumatda deyilir.
HRW təşkilatının baş çəkdiyi bölgələrin sakinləri bir çox insanın, xüsusilə qadın və uşaqların daha təhlükəsiz bölgələrə qaçmalı olduğunu deyiblər.
"Erməni qüvvələri Azərbaycanın şəhər, qəsəbə və kəndlərinə çox dağıdıcı və qeyri-dəqiq silahlar atıblar," - Hugh Williamson deyir. Onun sözlərinə görə, bölgə "illərdir davam edən amansız münaqişəni" nə vaxtsa arxada qoymaq istəyirsə, hər iki tərəfdə bu və ya digər müharibə qanunlarının pozulmasına görə cavabdehlik kritik əhəmiyyətə malikdir.
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə 27 sentyabrda, Dağlıq Qarabağ bölgəsində gərgin döyüşlərlə başlayıb. Silahlı qarşıdurma gedişatında tərəflər bir-birlərini mülki hədəflərə hücumlarda ittiham ediblər.
Müharibəyə noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan və 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatla son qoyulub.








