İlham Əliyev yaralıların və həlak olanların ailələrinə dəstək üçün YAŞAT Fondu yaradıb

Şəklin mənbəyi, AZERTAG
Çərşənbə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralananların və həlak olanların ailələrinin təminatına dəstək üçün "YAŞAT" Fondu yaradılması barədə fərman imzalayıb.
Prezidentin saytının məlumatına görə, fond yaralıların və həlak olanların sosial müdafiəsi sahəsində dövlətin apardığı tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platforma rolunu oynayacaq.
Qurum maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirirəcək.
Fondun yardım göstərəcəyi şəxslər:
• Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə;
• İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə;
Prezidentin fərmanına görə, Fondun vəsaiti Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan azərbaycanlıların, digər fiziki və hüquqi şəxslərin könüllü verdiyi maliyyə vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq.
Fondun idarəsinə ümumi nəzarət ASAN xidmətə verilib.
Fərmana əsasən Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İlham Əliyev bu fonda nəzarət edəcək Himayəçilik Şurasının tərkibini də təsdiq edib.
Prezidentin Sərncamı ilə Azərbaycanın ictimai-siyasi və mədəniyyət sahəsində tanınmış 11 nəfər Himayəçilik Şurasına üzv təyin olunublar.









