Bu günün xəbərləri: 136 Türkiyə minaaxtaranı Azərbaycanda, Suqovuşan və Talış kəndlərinə gedən yollar asfaltlanır

Şəklin mənbəyi, TMMN
Türkiyə minaaxtaranları Azərbaycana göndərilibSuqovuşan və Talış kəndlərinə gedən tarixi yolların asfaltlanmasına başlanılıb, Mədəniyyət Nazirliyi Xudavəng monastırından aparılmış mədəni sərvətlərlə bağlı bəyanat yayıb, Silahlı Qüvvələrin daha bir qrup hərbi qulluqçusu təltif olunub - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Türkiyə minaaxtaranları Azərbaycana göndərilib
Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarış Təmizləmə qrupundan 136 nəfər Qarabağda mina təmizləmə işlərinə kömək etmək üçün Azərbaycana göndərilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, qrup Azərbaycan Ordusundakı heyətə təlim keçəcək.
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların asfaltlanmasına başlanılıb

Şəklin mənbəyi, AAYDA
"Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının asfaltlanması işlərinə başlanılıb," bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qurumun məlumatında bildirilir ki, "ümumi uzunluğu 28.5 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir".
"İki geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir. Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılıb. Tikinti işləri zamanı yollar boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və yeni yol əsası inşa edilib", qurum bildirir.
AAYDA "tikinti işlərinin "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən və yüksək keyfiyyətlə qurum rəhbərliyinin birbaşa nəzarəti altında aparıldığını" açıqlayıb.
"Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik hissələri üzrə yeni yol yatağının və yol əsasının inşası işləri başa çatdığı üçün növbəti mərhələ üzrə asfaltlanma işlərinə başlanılıb. Yeni asdalt-beton örtüyünün döşənəcəyi sahə 250 min kv.m-dən çoxdur".
Yol çəkilişindəki növbəti mərhələdə "Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22.5 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq", məlumatda vurğulanır.
AAYDA bildirir ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar inşa edilib.
Mədəniyyət Nazirliyi Xudavəng monastırından aparılmış mədəni sərvətlərlə bağlı bəyanat yayıb

Şəklin mənbəyi, Getty Images
"Nazirlik tərəfindən bu məsələ ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır və bu kimi mənimsəmə faktları ilə bağlı zəruri hüquqi proseduraların tətbiqi üçün tədbirlər görüləcək, " Azərbaycan Mədəniyyət Nazirliyi bəyanat yayıb, Azərtac Agentliyi xəbər verir.
Agentlik yazır ki, qurum bəyanatında "beynəlxalq təşkilatları, xüsusilə UNESCO-nu mənimsəmə faktlarına hüquqi qiymət verməyə və Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni irsə qarşı törətdiyi müharibə cinayətlərini araşdırmağa çağırıb".
"Yayılan bu məlumatlarla bağlı bir daha diqqətə çatdırır ki, UNESCO-nun 1970-ci il Konvensiyası mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəldilmiş tədbirləri, eləcədə 1954-cü il Haaqada qəbul edilən "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"sı işğalçının üzərinə işğal edilmiş ərazilərdə mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində addımlar atma öhdəliyi qoyur. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir", qurumun məlumatında bildirilir.
Agentlik yazır ki, bir müddət öncə "Ermənistanın işğalçı hərbi birləşmələri Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşındığı barədə məlumatlar yayılıb.
"Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir. Bildirilir ki, dekabrın 16-da Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində "Dadivankdan Yerevana" adlı satış-sərgi keçiriləcək (https://bit.ly/3qXSesb). Sərgidə Dadivank (Xudavəng) monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olunacaq. Həmçinin Dağlıq Qarabağ ermənilərinə yardım məqsədilə kulinariya və şirniyyat məhsullarının satışı təşkil olunacaq", xəbərdə bildirilir.
Xudavəng monastır kompleksi Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşir.
Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal olunub, 2020-ci ilin noyabrın 25-də Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən noyabrın 10-da imzalanmış üçtərəfli birgə bəyanatla Azərbaycana qayıdıb.
Silahlı Qüvvələrin daha bir qrup hərbi qulluqçusu təltif olunub

Şəklin mənbəyi, Getty Images
Dekabrın 15-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb, Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçular "Azərbaycan Bayrağı", "Rəşadət" və "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunublar.
"Azərbaycan Silahlı Qüvvələrinin 288 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb. Onlardan 56-sı ölümündən sonra bu ordenlə təltif olunub. "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunanların 2-si general-leytenant, 2-si general-mayor, 12-si isə polkovnikdir", Azərtac agentliyi yazır.
Agentlik yazır ki, "105 hərbçi 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Onlardan 15-i ölümündən sonra bu ordenlə təltif olunub. Bu ordenə layiq görülənlərin 6-sı polkovnikdir. Həmçinin 3 general-leytenant 1-ci dərəcəli, 9 hərbçi 2-ci dərəcəli, 331 hərbi qulluqçu isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenlərlə təltif olunub. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunan hərbi qulluqçuların 44-ü ölümündən sonra bu mükafata layiq görülüb.
Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi 2020-ci ilin sentyabrın 27-də başlayıb. Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin, o cümlədən, Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən noyabrın 10-da imzalanmış üçtərəfli birgə bəyanatla döyüşlərə son qoyulub. Azərbaycan bu döyüşlərdə 2756 hərbçisinin və 100 mülki şəxsin həlak olduğunu açıqlayıb.
Hökumət döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumu zamanı həlak olmuş 93 mülki şəxsə şəhid statusu verib.







