Azərbaycan və Ermənistan XİN rəhbərləri Qarabağ məsələsini müzakirə ediblər

Azərbaycan və Ermənistan XİN rəhbərləri Qarabağ məsələsini müzakirə ediblər

Şəklin mənbəyi, mfa.am

Şəklin alt yazısı, Azərbaycan və Ermənistan XİN rəhbərləri Qarabağ məsələsini video konfransda müzakirə ediblər. Bu foto arxivdəndir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan bu gün video konfrans formatında görüş keçiriblər, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir.

Məlumata görə, bir saat davam edən video konfransda tərəflər "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini" müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov "Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb", məlumatda deyilir.

Ermənistan Xarici İşlər Nazirliyindən BBC-yə daxil olan məlumata görə, video konfrans əsnasında koronavirus "pandemiyası şəraitində sülh prosesi ətrafgında yaranmış vəziyyətə toxunulub".

Görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə keçirilib.

Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti video konfrans formatında görüşünün təşkilinə razılaşıblar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər.

Azərbaycan XİN məlumatına görə, həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd edib, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə "Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb".

Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan "Azərbaycan tərəfindən səslənən döyüşkən ritorika və qeyri-konstruktiv bəyanatların yolverilməzliyini qeyd edib və bunların sülh prosesi mühitinə xələl yetirdiyi və xalqların sülhə hazırlaşdırılması öhdəliyinin yerinə yetirilməsinə" maneə oluğunu bildirib.

"Nazir Zohrab Mnatsakanyan həmçinin Artsax [Dağlıq Qaravbağ - red.] xalqının hərtərəfli təhlükəsizliyinin, o cümlədən azad və təhlükəsiz hərəkət etmək vasitəsilə, ardıcıl surətdə təmin edilməsininin zəruriliyini vurğulayıb", - Ermənistan XİN mətbuat xidmətinin məlumatında deyilir.