İlham Əliyev: Qarabağ münaqişəsi keçmişdə qaldı. Paşinyan: Qarabağ münaqişəsi həll olunmayıb

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşma imzalanıb, Azərbaycan və Ermənistan təhlükəsizlik xidməti rəhbərləri Şurnux və Vorotanda bir araya gəliblər, Yerevanda Nikol Paşinyanın Moskva səfərinin qarşısını almaq üçün aksiya keçirilib, Fövqəladə Hallar Nazirliyi Astaranın Alaşa kəndi yaxınlığındakı ərazidə gün ərzində davam edən yanğının söndürüldüyünü bildirib - Bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Moskva, Putin, İlham Əliyev, Nikol Paşinyan

Şəklin mənbəyi, Rossiya 24

Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşma imzalanıb, bunu Prezident Putin görüşdən sonra keçirilmiş mətbuat konfransında bildirib.

"Bugünkü görüşü xüsusi önəmli və faydalı hesab edirəm, çünki regionda vəziyyətin inkişafı üçün danışa və birgə razılaşma imzalaya bildik", Vladimir Putin elan edib.

Onun sözlərinə görə, tikinti, iqtisadi əlaqələr, infrastruktur layihələrin inkişafı üzrə konkret addımların atılması üçün işçi qrup təşkil olunacaq və ona üç ölkənin hökumət rəhbərləri başçılıq edəcək.

Prezident İlham Əliyev də görüşü "önəmli" hesab etdiyini deyib.

"Bugün imzalanan bəyanat bizim niyyətimizdən bəhs edir. Çünki hərbi əməliyyatların dayandırılması üzrə bəyanatın müddəalarından biri regionun nəqliyyat kommunikasiya xətlərinin blokdan çıxarılması idi. Bu o sahədir ki, regionun inkişafına dinamizm qata bilər və təhlükəsizliyi gücləndirə bilər, çünki nəqliyyat kommunikasiya xətlərinin açılması Azərbaycan, Ermənistan və Rusiya xalqlarının, bizim qonşularımızın maraqlarına cavab verir", o qeyd edib.

O, qonşu ölkələrin də nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyaları şəbəkələrinin yaradılmasına aktiv şəkildə qoşulacağını güman etdiyini deyib.

10 noyabr bəyanatının "uğurla" yerinə yetirildiyini deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışıb.

"Bütün bunlar onu göstərir ki, Vladimir Vladimiroviçin bir dəfə dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə - qonşuluqda birgə necə yaşamağı, nəqliyyat arteriyalarının blokdan çıxarılmasına dair məsələləri necə həll etməyə çalışmağı və gələcəkdə regionun təhlükəsizlik və stabiliyini gücləndirməyi düşünməliyik."

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada Rusiya və Azərbaycan prezidentləri ilə danışıqlar zamanı Qarabağda atəşkəs haqqında 9 noyabr Bəyanatı əsasında əsirlərin mübadiləsinə dair bəndin yerinə yetirilmədiyini bildirib.

Paşinyan Vladimir Putini regionda sabitliyin və təhlükəsizliyin bərpa edilməsi üzrə səylərinə görə təşəkkür edib və eyni zamanda təəssüf edib ki, bugünkü görüş nəticəsində "ən həssas və ağrılı" - hərbi əsirlər məsələsini həll etmək mümkün olmayıb.

"Təəssüf ki, bu [Dağlıq Qarabağ] münaqişə hələ həll edilməyib. Əlbəttə ki, atəşkəsi təmin etmək mümkün olub, amma hələ həll edilməli çox məsələlər qalıb. Bu məsələlərdən biri Qarabağın statusunun həllidir", Nikol Paşinyan qeyd edib.

O qeyd edib ki, Ermənistan bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə danışıqları davam etdirməyə hazırdır.

Kremlin saytında görüş barədə yayılmış videoda cənab Putinin əvvəlcə Prezident İlham Əliyevlə, sonra isə Baş nazir Paşinyanla əllə görüşərək və qucaqlaşaraq salamlaşdığı görünür.

Görüşün əvvəlində cənab Putin həmkarlarına Qarabağ üzrə üçtərəfli razılaşmanı və regionda problemlərin həlli üzrə gələcək addımları müzakirə etməyə hazır olduqları üçün təşəkkür edib.

"Bu gün, ilk növbədə, ötən il 9 noyabr birgə bəyanatda əksini tapmış tənzimləmə üzrə əsas istiqamətlərdə növbəti addımların ilk planını tutmaq vacib olardı. Mən Rusiya sülhməramlı kontingentin fəaliyyəti, demarkasiya xətləri, humanitar problemlər, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam", - Putin əlavə edib.

Rusiya Prezidenti Dağlıq Qarabağda iqtisadiyyat, ticarət və nəqliyyat əlaqələrinin, eləcə də sərhədlərin açılması məsələləri ilə Rusiya, Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin rəhbərliyi ilə xüsusi üçtərəfli komissiyanın məşğul olacağını bildirib.

Ilham Aliyev

Şəklin mənbəyi, President.az

Bundan əvvəl Prezident lham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə getdiyi barədə məlumat verilib.

Azərbaycan Prezidentinin rəsmi saytı yazıb ki, Moskvanın "Vnukovo-2" Beynəlxalq Hava Limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Ermənistanın Baş naziri Nikol Paşinyan da Moskvaya səfərdədir.

Bazar ertəsi günü Moskvada Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın Baş naziri arasında üçtərəfli danışıqlar baş tutacaq, bu barədə Rusiya Prezidentinin rəsmi saytı xəbər verib.

Məlumata görə, görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilir.

"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması planlaşdırılır və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi nəzərdə tutulur. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, eləcə də ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin işə salınması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək," - məlumatda deyilib.

Bu, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan dövlət başçıları arasında ilk görüşdür.

Məlumata əsasən, üçtərəfli görüşlərdən başqa, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrıca söhbətləri nəzərdə tutulur.

Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ Müharibəsi sentyabrın 27-də başlayıb, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli birgə bəyanatı ilə başa çatıb.

Bəyanata əsasən, Azərbaycanın işğal altında olan bir çox əraziləri geri qayıdıb və Qarabağa Rusiya sülhməramlısı yerləşdirilib.

Azərbaycan və Ermənistan təhlükəsizlik və sərhəd xidməti rəhbərləri görüşüb

Sünik Şurnux Vorotan

Şəklin mənbəyi, Kavkazskiy Uzel

Azərbaycan və Ermənistan təhlükəsizlik xidməti rəhbərləri Əli Nağıyev və Armen Abazyan Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşüblər.

Yanvarın 10-da baş tutmuş görüş barədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti bu gün məlumat yayıb.

"Görüşlərdə dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşüb, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub", məlumatda deyilir.

Məlumatda həmçinin, danışıqlarda "10 noyabr Bəyanatına əsasən əldə edilmiş atəşkəsə davamlı riayət edilməsinin hər iki xalqın, o cümlədən Qarabağın azərbaycanlı və erməni icmalarının maraqlarına və təhlükəsizliyinə xidmət etməsi" vurğulanıb.

Azərbaycan və Ermənistanın təhlükəsizlik xidməti rəhbərləri Əli Nağıyev və Armen Abazyan yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral ərazidə də görüşüblər.

Son görüşdə isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Ermənistan sərhəd xidmətinin rəhbərliyi də iştirak edib.

Astaranın Alaşa kəndi yaxınlığındakı ərazidəki yanğın "söndürülüb"

Azərtac Hirkan Mİlli Parkı

Şəklin mənbəyi, AZƏRTAC

Astaranın Alaşa kəndi yaxınlığında 15 hektarlıq ərazidə gün ərzində davam edən yanğın "söndürülüb", bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qurum bildirib ki, yanğın bu gün "axşam saat 17:05-də söndürülüb".

Bazar ertəsi səhər saatlarında Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Astara rayonunun Alaşa kəndi yaxınlığında yanğın olması barədə məlumat yayıb.

FHN-in məlumatına görə, "15 ha sahədə quru ot və kol-kosun yandığı" bildirilib.

"Yanğının çətin keçilən mürəkkəb relyefli qayalıq ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işlərinin sürətləndirilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən əlavə qüvvələr cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğının söndürülməsində iştirak edir," - məlumatda deyilir.

Bu gün günorta saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) BBC News Azərbaycancaya Hirkan Milli Parkında yanğının davam etdiyini bildirib.

Qurum açıqlayıb ki, yanğın Astaranın Alaşa kəndi yaxınlığında başlayıb və Hirkan Milli Parkına keçib.

ETSN və FHN yanğının səbəbləri barədə məlumat açıqlamayıb.

Paşinyanın Moskva səfərinin qarşısını almaq üçün aksiya

Nikol Paşinyan Moskvada

Şəklin mənbəyi, Mane Gevorqyan/Facebook

Yerevanda bir qrup müxalifət fəalları Baş nazir Nikol Paşinyanın Moskvaya getməsinə yol verməmək məqsədilə bazar ertəsi günü səhər saat 8-dən Zvartnots beynəlxalq hava limanı yaxınlığında aksiya təşkil edib.

Səhər tezdən polis qüvvələri Zvartnots aeroportu istiqamətində küçə və yolları bağlayıb.

Aksiya iştirakçıları polisi "öz poqonlarına hörmət edib, satqın Nikolu müdafiə etməmək və xalqla bir cərgədə olmağa" çağırırlar.

Onlar Nikol Paşinyanın Moskvada imzaladığı istənilən sənədin "legitim qüvvəyə" malik olmayacağı və "bundan sonrakı hakimiyyət tərəfindən mübahisə" ediləcəyini bəyan ediblər, BBC-nin Yerevan müxbiri xəbər verir.

Lakin aksiyaya baxmayaraq Nikol Paşinyan Moskvaya gedə bilib.

Agentliklər Moskvada Ermənistanın Rusiyadakı səfirliyi qarşısında Rusiya Erməniləri İttifaqı tərəfindən Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçiriləcəyini bildirirlər. İttifaqın rəhbəri Ara Abrahamyan öz Facebook səhifəsində yazıb: "Cənab Paşinyan, [Rusiyanın] erməni icması sizin səfərinizi yox, istefanızı gözləyir".