Ermənistan Naxçıvan yolunun açılması üçün şərtini açıqlayıb

Yük maşınları

Şəklin mənbəyi, mod.gov.az

Ermənistan Naxçıvan yolunun açılması üçün şərtini açıqlayıb. ABŞ Konqresi Joe Biden-in qələbəsini təsdiqləyib. Hərbi qulluqçunun xəstəxanada intiharı ilə bağlı cinayət işi açılıb. Rusiya sülhməramlıları Qarabağda minalardan təmizləmə işləri aparır, Rusiya Müdafiə Nazirliyi bildirib. Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonundan videogörüntülər paylaşıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Ermənistan Naxçıvan yolunun açılması üçün şərtini açıqlayıb

Ermənistan hökumətinin sözçüsü Mane Gevorkyan deyib ki, bölgədəki iqtisadi və nəqliyyat əlaqələri yalnız bütün erməni əsirlərinin Azərbaycandan qayıtmasından sonra açıla bilər.

Ermənistan hökumətinin sözçüsü deyib ki, Azərbaycanda olan erməni əsirləri qaytarılmasa, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının müzakirəsi çətinləşə bilər. Mane Gevorkyanın açıqlaması Azərbaycan Prezidentinin Naxçıvan dəhlizinin açılması ilə bağlı ötən gün verdiyi bəyanatından sonra səslənir.

"Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir," - İlham Əliyev deyib.

"Lakin bütün bu məsələlərin hərtərəfli müzakirəsi, əsirlərin, girovların, digər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsini nəzərdə tutan bəyannamənin 8-ci bəndinin tam tətbiqi olmadan çətin ola bilər. Erməni tərəfi də döyüş bölgəsində axtarış-xilasetmə əməliyyatlarının genişləndirilməsini son dərəcə vacib hesab edir. Bu baxımdan, Azərbaycanın bu məsələ ilə bağlı son açıqlamaları çaşqınlıq yaradır və Bakının 10 noyabr bəyannaməsinin icrasına sadiqliyini şübhə altına alır", - Mane Gevorkyan deyib.

Ermənistan rəsmisinə əsasən, 10 Noyabr bəyannaməsinin 9-cu bəndi nəqliyyat və iqtisadi infrastrukturun blokadasının qaldırılması və bu çərçivədə Azərbaycanın "şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında" nəqliyyat əlaqələrinin qurulmasına aiddir. Mane Gevorkyan əlavə edib ki, Ermənistan Azərbaycan ərazisindən Rusiyaya və İrana yükdaşımalar imkanında maraqlıdır. Onun sözlərinə görə, "bu kontekstdə" Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında "kommunikasiyanı təmin etməyə hazırdır".

Donald Trump tərəfdarları Kapitoli binasına hücum ediblər

Cümə axşamı günü ABŞ Konqresi Joe Biden-in ABŞ Prezidentliyi yarışındakı qələbəsini təsdiqləyib.

İclas zamanı Joe Biden-in 306, Donald Trump-ın 232 səsi təsdiqlənib.

Bundan öncə isə Prezident Donald Trump-ın tərəfdarları onun "gücümüzü göstərək" çağırışından sonra Kapitoli binasına hücum ediblər. Hadisə vaxtı polislə etirazçılar arasında toqquşmalar baş verib, güllə yarası alan bir qadın daha sonra xəstəxanada ölüb.

Seçkilərin saxtalaşdırıldığını iddia edən Trump daha sonra tərəfdarlarını sakitləşməyə çağırıb və hakimiyyəti Biden-ə təhvil verməyi qəbul edib. ABŞ Hadisə zamanı bir qadın polis gülləsi nəticəsində ölüb, digər üç nəfərin isə tibbi səbəblərə görə öldüyü bildirilir.

Donald Trump-ın təşviq etdiyi deyilən kütlə binaya daxil olaraq Konqresin iclasını dayandırmaq və seçkilərin nəticələrini ləğv etməyə cəhd ediblər.

Donald Trump-ın kütləyə "evlərinə getmək" çağırışı etdiyi, daha sonra isə seçkilərin nəticələri ilə bağlı saxta iddialar səsləndirdiyi bildirilir. Daha sonra Twitter və Facebook Donald Trump-ın hesablarını dondurub.

Etirazlar üç saata yaxın davam edib.

Konqres binasına daxil olmaqla bağlı indiyədək 50-dən çox şəxs saxlanılıb.

Vüsal Məmmədov

Şəklin mənbəyi, Sosial media

Hərbi qulluqçunun intiharı ilə bağlı cinayət işi açılıb

Hərbi qulluqçunun xəstəxanada intiharı ilə bağlı cinayət işi açılıb, Baş Prokurorluq açıqlayıb.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) əsgər 1985-ci il təvəllüdlü Vüsal Musayev yanvarın 6-da müalicə aldığı xəstəxanada özünü asaraq intihar edib.

Baş Prokurorluq bildirib ki, Vüsal Musayev sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən atılan mərmi partlayışı nəticəsində xəsarət alıb.

Onun "partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət" diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində stasionar müalicə aldığı bildirilir.Hadisə ilə bağlı Bakı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanıb.

rus sülhməramlıları

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Rusiya sülhməramlıları Xankəndində minalardan təmizləmə işləri aparır, Rusiya Müdafiə Nazirliyi bildirib.

Nazirliyin açıqlamasında bildirilir ki, Rusiya sülhməramlıları Qarabağda indiyədək 435 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib, 20 mindən çox partlayıcı obyekt zərərsizləşdirilib.

Ermənistan-Azərbaycan arasında gedən döyüşlər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb.

Həmin bəyanata əsasən, Rusiya sülhməramlıları sülhün qorunmasına nəzarət etmək üçün Qarabağa yerləşdirilib.

mərmi

Şəklin mənbəyi, ANAMA

ANAMA təmizləmə işlərini davam etdirir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirib ki, çərşənbə günü Ağcabədi rayonunun Avşar kəndi və Ağstafa rayonunun Xətai kəndi ərazisində mərmilərin və əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

Qurum açıqlayıb ki, aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonu ərazisində 1 ədəd RQD-5 əl qumbarası və Ağstafa rayonu ərazisində 6 ədəd aviabomba (P-50) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məlumatda əl qumbarasının və aviabombanın ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirildiyi, əlavə təhlükəli əşya və qurğu aşkarlanmadığı deyilir.

Zəngilanın görüntüləri paylaşılıb

Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonundan videogörüntülər paylaşıb.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube