Bakı, Moskva və Yerevan arasında üçtərəfli İşçi qrup ekspert alt qruplar formalaşdıracaq

Moskvada Azərbaycan-Rusiya-Ermənistan görüşü

Şəklin mənbəyi, AZERTAG

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə keçirilmiş üçtərəfli İşçi qrupun ilk iclasında ekspert alt qruplarının yaradılması barədə qərar qəbul olunub.

Rusiya Nazirlər Kabinetinin məlumatına əsasən, yanvarın 30-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə keçən üçtərəfli İşçi qrupunun iclasında Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub.

"İclasda 2020-ci il noyabrın 9-da imzalanmış Bəyanatın 9-cu bəndindən, eləcə də 2021-ci il yanvarın 11-də imzalanmış bəyanatın 2-ci, 3-cü və 4-cü bəndlərindən irəli gələn vəzifələrin icrası məsələləri nəzərdən keçirilib," - məlumatda qeyd olunub.

Tərəflər aşağıdakı sahələr üzrə ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər:

  • dəmir yolu, avtomobil və qarışıq daşınmalar;
  • təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri.

Görüş iştirakçıları 2021-ci il fevralın 2-dək alt qrupları formalaşdırmaq və fevralın 5-dək onların ilk iclasının təşkil edilməsi barədə razılığa gəliblər.

Üçtərəfli İşçi qrupun növbəti iclasının Moskvada keçirilməsi qərara alınıb.

İclasın vaxtı həmsədrlərlə razılaşdırılacaq.