"BMT Qarabağa göndərəcəyi missiyasını Bakı və Yerevanla razılaşdırır", Yerevanda fəallar həbs edilir

Mariya Zaxarova

Şəklin mənbəyi, TASS

Moskva BMT-nin Dağlıq Qarabağa humanitar missiyasının göndərilməsini dəstəkləyir, Yerevanda Baş nazir Paşinyana qarşı etirazlarda həbslər, zibillikdən tapılan doğranmış cəsədlə bağlı cinayət işi açılıb, Robert Koçaryan növbədənkənar seçkilərdə iştirak etmək niyyətindədir, kafe-restoran və digər bəzi xidmət sahələri şənbə-bazar günləri işləyəcək, bu gün İran XİN başçısı Məhəmməd Cavad Zərif regional tur çərçivəsində Ermənistandan Gürcüstana gedib, Bellingcat-ın Rusiya ilə bağlı yeni araşdırmasında nə deyilir? - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

"BMT-nin Dağlıq Qarabağa göndəriləcək missiyası Bakı və Yerevanla razılaşdırılır"

BMT strukturları Azərbaycan və Ermənistanla kompleksli qiymətləndirmə missiyasının Dağlıq Qarabağa göndərilməsini razılaşdırmağa davam edir. Bunu cümə axşamı brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"İxtisaslaşmış beynəlxalq strukturların qatılmasını faydalı hesab edirik. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağda və ətraf rayonlarda fəal iş aparır. BMT-nin ixtisaslaşmış qurumlarına gəlincə, BMT rəhbərliyi Azərbaycan və erməni tərəfləri ilə əlaqə saxlayır və Dağlıq Qarabağa hərtərəfli qiymətləndirmə missiyasının göndərilməsinin modallığını razılaşdırmaqda davam edir," - Zaxarova deyib.

Zaxarova vurğulayıb ki Rusiya humanitar yardımın göstərilməsinə dair bütün məsələlərdə BMT-nin Azərbaycan və Ermənistanla qarşılıqlı fəaliyyətini dəstəkləyir.

Yerevanda hökumət binasına soxulmağa cəhd edən fəallar kütləvi şəkildə həbs edilir

Yerevan

Şəklin mənbəyi, Yerevan.today

Yerevanda polis Respublika meydanında baş nazir Paşinyanın istefası tələbilə etiraz aksiyası iştirakçılarının hökumət binasına girməyə cəhd edən fəalları kütləvi şəkildə həbs etməyə başlayıb.

Səhər Baş Prokurorluq binası önündə mitinqdən sonra bir qrup aksiya iştirakçısı hökumət binasına girməyə cəhdi edib, lakin polis qüvvələri buna yol verməyib.

Bir neçə yüz nəfərdən ibarət etiraz iştirakçıları "Nikol - satqın" çağırışları ilə binaya daxil olmağa çalışır, bəzi fallar polis işçilərini etiraz aksiyasına qatılmağa çağırırdı.

Etirazçılar baş prokurora Nikol Paşinyanı həbs etmək üçün yarım saat vaxt verib.

Bu müddət başa çatdıqdan sonra fəallar baş prokuror tərəfindən xalqın tələbi yerinə yetirilmədiyinə görə, baş naziri "vətəndaş həbsinə yetirmək məsuliyyəti öz üzərlərinə" götürüb və hökumət binasına daxil olub prokuroru və Paşinyanı daxildə gözləmək qərarına gəliblər.

Etirazçılarla polis arasında toqquşma baş verib. Qadınlar həbs edilən fəalları polis əməkdaşlarından almağa çalışırdı.

Hökumət binası ətrafına yeni polis qüvvələri gətirilib.

Bu ana polisdən alınan məlumata görə, saxlanılıb polis şöbələrinə aparılanların sayı 21 nəfərdir.

Yerevanda bu gün Baş nazir Nikol Paşinyanın istefası tələbilə hökumət binası önündə başlanan etiraz iştirakçıları daha sonra Ermənistan Baş Prokurorluğu qarşına toplaşıblar, onlar arasında Paşinyan hakimiyyətinə müxalif millət vəkilləri, siyasi partiya və mədəniyyət nümayəndələri var.

Mitinqdə çıxış edən fəallar bu tədbirin "qeyri-siyasi" olduğu və "sadə vətəndaşların" toplandığını bəyan edib.

Yerevan müxbirimizin məlumatına görə, aksiya iştirakçıları bəyan edirlər ki, onların yeganə tələbi Paşinyanın istefası və yeni hakimiyyətin formalaşdırılmasıdır. Onlar prokurorluqdan Paşinyanı həbs etməyi tələb edir.

Ermənistan Baş nazirinə qarşı etiraz aksiyaları 44 günlük Qarabağ müharibəsinin dayandırılması üçün Ermənistan Baş naziri, Azərbaycan və Rusiya prezidentləri arasında noyabrın 10-da atəşkəs haqqında bəyanat imzalandıqdan sonra başlayıb.

Bakıda qadın cəsədinin tapılması ilə bağlı cinayət işi açılıb

Baş Prokurorluq

Şəklin mənbəyi, AZƏRTAC

Bakıda, Nəsimi rayonu ərazisində doğranmış vəziyyətdə qadın cəsədinin tapılması ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BBC News Azərbaycancaya verilən məlumata görə, faktla bağlı cinayət işi Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə başlanıb.

"Prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir," - Baş Prokurorluq bildirir.

Yanvarın 27-də Nəsimi rayonu ərazisində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Ermənilərin katolikosu 2-ci Qareginin Paşinyana dair fikri dəyişməyib

Ermənistan

Şəklin mənbəyi, a1plus.am

Bütün ermənilərin katolikosu 2-ci Qareginin Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbilə bağlı fikri dəyişməyib. O, daha əvvəl Paşinyana müxalifətin çağırışlarına əməl edib, istefaya çıxmağı təklif edib, bütün ermənilərin katolikosu Ermənistan Silahlı Qüvvələri günü münasibətilə hərbi panteonda olduğu zaman jurnalistlərə deyib.

2-ci Qareginin sözlərinə görə, bu günədək ölkə "heç vaxt belə ağır vəziyyətdə olmayıb."

"Bizdə heç vaxt belə itkilər olmayıb, ölkə heç vaxt belə təhdidlərlə üzləşməmişdi, gələcəklə bağlı qeyri-müəyyənlik xalqımız üçün bu dərəcədə həyəcanlı olmayıb", - 2-ci Qaregin qeyd edib.

Onun sözlərinə görə, belə olan halda Erməni Apostol Kilsəsi öz missiyasına sadiq qalmalı, "öz ayıldıcı sözünü deməyə borcludur".

Katolikosun sözlərinə görə, Erməni Apostol Kilsəsi milli və dövlət mənafeləri rəhbər tutan fövqəlsiyasi strukturdur, və əgər onun mövqeyi hər hansı siyasi qüvvə ilə həmahəngdirsə, bu, heç də Erməni Apostol Kilsəsinin kiminsə tərəfini tutması demək deyil.

Həmişəkindən fərqli olaraq, katolikos 2-ci Qaregin panteona dövlət və hərbi nümayəndə heyətindən ayrı baş çəkib.

Ermənistan Ordu Gününü "sakit" qeyd edir

gov.am

Şəklin mənbəyi, Gov.am

Ermənistan bu gün Silahlı Qüvvələrinin yaranması günü qeyd edir. Ordu Günü bayramı ilə bağlı bu il təntənəli tədbirlər keçirməmək qərarı qəbul olunub.

Ordu Günü münasibətilə Ermənistanın dövlət və hərbi rəhbərliyi "Yerablur" hərbi panteona baş çəkib.

Ermənistan Silahlı Qüvvələri Baş qərargah rəisi Onik Qasparyan xalqa müraciətində "ordunun andına sonadək sadiq qaldığı və öz müqəddəs borcunu yetirməyə hazır" olduğunu deyib.

"Anlayıram ki, bizdən artığını gözləyirdiniz... Nə qədər ağır da olsa, [...] biz öz ordunun döyüş qabiliyyətini bərpa etmək üzrə əməli tədbirlər görürük," - o yazıb.

Baş qərargah rəisi ordudan "məyus olan, inamını itirmiş, tənqid və bəzən açıq təhqir edən müxtəlif qüvvələri" inandırır ki, "erməni ordusu aldığı yaralardan tez sağalacaq və düşmənə öz yumruğunun gücünü göstərəcək".

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlayan və 44 gün davam müharibədən sonra Azərbaycan işğal altında olan ərazilərin üzərində öz nəzarətini bərpa edib.

Azərbaycan bu döyüşlərdə 3 minə yaxın, Ermənistan isə 3 mindən çox şəhid verdiyini açıqlayıb.

Robert Koçaryan növbədənkənar seçkilərdə iştirak etmək niyyətindədir

Robert Koçaryan Robert Köçəryan Ermənistan ikinci Prezident keçmiş prezident

Şəklin mənbəyi, Yerevan Today

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan erkən parlament seçkiləri keçirilsə, öz komandası ilə seçkilərdə iştirak etmək niyyətindədir. Bu barədə Ermənistanın keçmiş Prezidenti çərşənbə günü "5-ci kanal", Yerevan Today televiziya kanalları, Hayeli və Politics saytlarına böyük müsahibəsində bəyan edib.

"Öz komandamla iştirak edəcəyəm, və biz qalib gələcəyik", - Koçaryan deyib.

Robert Koçaryan hesab edir ki, hazırkı qeyri-stabil şəraitdə seçkilər keçirmək olduqca təhlükəlidir: "Bir qədər ara vermək lazımdır ki, seçkilər daha sakit şəraitdə keçsin. Bugünkü müəmmalı, ziddiyyətli, bir çox sualların cavabsız qaldığı atmosferdə növbədənkənar seçkilərin keçirilməsi təhlükəlidir".

Koçaryan yaz aylarında Ermənistanda etiraz fəallığının daha da artacağını düşünür. Onun sözlərinə görə, iqtidar sevinməlidir ki, müxalif qüvvələr əzəldən siyasi mübarizə üsulunu seçib.

"Əgər siyasi proseslə bağlı ümidlər puça çıxsa, bütün bu proses başqa istiqamət alar," - o deyib.

Koçaryanın fikrincə, erməni cəmiyyətində 200-300 radikal meylli insan var və ikinci inqilab ölkə üçün faciəli olar. Ancaq siyasi yolla hakimiyyət dəyişikliyi ilə bağlı ümidlər puça çıxsa, "insanlar yazda küçələrə çıxar və etiraz dalğası əvvəlkindən daha da güclü olar," Koçaryan bildirib.

Hazırda Ermənistanın ikinci Prezidenti Robert Koçaryan 2008-ci il 1 mart cinayət işi üzrə konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Onun haqqında həbs qətimkan tədbirini ötən il iyunda girovla dəyişilib və Koçaryan həbsdən azad edilib.

Kafe-restoran və digər bəzi xidmət sahələri şənbə-bazar günləri işləyəcək

AZƏRTAC

Şəklin mənbəyi, AZƏRTAC

"Fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək".

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı əlavə məlumat veriləcək:

"Bu şənbə-bazar (yanvarın 30-31-i) bərbərxana və gözəllik salonları işləyəcək. Kafe və restoranlarda fevralın 1-dən etibarən şənbə və bazar günləri də yerində xidmət olacaq".

İran naziri Cavad Zərif Gürcüstandadır

Javad Zərif Gürcüstana gedib İran Azərbaycan region

Şəklin mənbəyi, Gürcüstan Xarici İşlər Nazirliyi

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif region səfəri çərçivəsində Gürcüstana gedib.

İranlı diplomatın işgüzar səfər zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Giorgi Qaxariya və parlament sədri Arçil Talakvadze ilə görüşlər keçirəcəyi gözlənilir.

Cavad Zərif Gürcüstana Ermənistandan gedib.

İran XİN rəhbəri bölgə səfərini Bakıdan başlayıb, sonra Moskvaya baş çəkib və Yerevana çərşənbə axşamından çərşənbə gününə keçən gecə səfər edib.

Sentyabrın 27-də başlayan və 44 gün davam müharibədən sonra Azərbaycan işğal altında olan ərazilərin üzərində öz nəzarətini bərpa edib. O, vaxtdan bəri Bakı təkidlə bildirir ki, Ermənistan bölgədə aparılan çoxtərəfli əməkdaşlıqdan, kommunikasiyaların açılmasından faydalana bilər.

Bellingcat-ın Rusiya ilə bağlı yeni araşdırmasında nə deyilir?

Bellingcat-ın Rusiya ilə bağlı yeni araşdırmasında nə deyilir? Navalnı Azərbaycan

Şəklin mənbəyi, Getty Images

Bellingcat araşdırmaçı jurnalistlər qrupu Rusiya müxalifətinin lideri Aleksey Navalnını izləyən və onu zəhərlədiklərini iddia etdikləri Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabitlərinin əvvəlki illərdə Rusiyanın digər bölgələrinə də səfər etdiklərini və həmin dövrlərdə üç siyasi fəalın müəmmalı şəraitdə ölü tapıldığını aşkarlayıb.

Belə ki, 2014-cü il iyulun 31-də Nalçik sakini Timur Kuashev evdən çıxaraq səhərisi gün ölü tapılıb.

2015-ci il martın 24-də Kaspiysk şəhərində yerli fəal, Sadval təşkilatının üzvü Ruslan Maqomedraqimov ölü tapılıb.

2019-cu il noyabrın 16-da Tambov-Moskva qatarında müstəqil siyasətçi, "Yeni Rusiya" partiyasının sədri Nikita Isayev qarın nahiyəsindən güclü ağrı başlayandan sonra vəfat edib.

Həkimlər hər üçünün ürək tutmasından öldüklərini deyiblər.

BBC Bellingcat-ın araşdırmasının nəticələrinin müstəqil təsdiqlənməsinə malik deyil.

BBC Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova Bellingcat istintaqı ilə bağlı sorğu göndərib, lakin hələlik cavab almayıb.