Türkiyə-Rusiya Monitorinq Mərkəzi “sabahdan fəaliyyətə başlayacaq”

Zakir Həsənov və Hulusi Akar

Şəklin mənbəyi, AA

Şəklin alt yazısı, Hulusi Akar və Zakir Həsənov məsələni telefonla müzakirə ediblər (Arxiv görüntüsü)

Türkiyə-Rusiya Monitorinq Mərkəzi "sabahdan fəaliyyətə başlayacaq" , rəsmi inflyasiya bu il 4 faiz proqnozlaşdırılır, təhlilçilər bu haqda nə düşünür? Azərbaycan ordusunun iki hərbi qulluqçusu "qəzaya düşüb", Yerevanda hökumət binasını tutmağa cəhd faktı üzrə 5 nəfər həbs olunub, DİM bu gün qəbul imtahanlarında tətbiq olunacaq qayda və dəyişiklikləri açıqlayıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Türkiyə-Rusiya Monitorinq Mərkəzi "sabahdan fəaliyyətə başlayacaq"

Türkiyənin müdafiə naziri Dağlıq Qarabağdakı Türkiyə-Rusiya Burgə Monitorinq Mərkəzində işlərin tamamlandığını bildirib, Türkiyənin Anadolu Agentliyi xəbər verir.

Məlumata əsasən, Hulusi Akar bu məsələni Azərbaycanın müdafiə naziri Zakir Həsənovla müzakirə edib.

"Birgə Mərkəzin yaradılması üzrə işlər başa çatıb. Türk və rus əsgərlərinin xidmət edəcəyi Birgə Mərkəz sabah fəaliyyətə başlayacaq," - Anadolu Agentliyində Hulusi Akar-ın sözləri iqtibas olunur.

Türkiyənin Müdafiə naziri mərkəzdə "bir generalın və 38 personalın" təmsil olunacağını qeyd edib.

Rəsmi inflyasiyanın 4 faiz olması nə deməkdir?

minimum əmək haqqı 180 manat oldu

Bu gün Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov 2021-ci ildə Azərbaycanda inflyasiya səviyyəsinin 4 faiz diapazonunda formalaşacağını bildirib.

Baş bankir bunun fiskal stimullaşdırılma və istehlakın bərpası ilə bağlı olduğunu vurğulayıb.

İqtisadi təhlilçi Samir Əliyev deyir ki, rəsmi inflyasiyanın 4 faiz olması ölkə üzrə "qiymətlərin 4 faiz bahalaşması, yəni, vətəndaşın xərclərinin 4 faiz artması deməkdir".

O deyir ki, bahalaşma sahəsindən asılı olaraq, 6-7 faiz də ola bilər, 1-2 faiz də.

Cənab Əliyev bildirir ki, ərzaq və qeyri-ərzaq məhsulları üzrə, eləcə də xidmətlər üzrə inflyasiya bir-birindən fərqlənir.

"Əhalinin xərclədiyi vəsaitin istiqamətindən asılı olaraq, bu, orta hesabla 4 faiz təşkil edir. Yəni, əhalinin gəlirləri 4 faiz yeyilir - xərci 4 faiz artır. Əgər maaş/gəlir heç olmasa 4 faiz artmazsa, biz əhalinin real gəlirlərinin azaldığını müşahidə edə bilərik".

Samir Əliyev deyir ki, inflyasiyanın iqtisadiyyata təsiri onun həddindən asılı olaraq dəyişə bilir.

O vurğulayır ki, inflyasiyanın heç olmaması iqtisadiyyata problem yaradır, yol verilən həddə olması isə biznesin inkişafına təsir göstərir.

O deyir ki, hətta bəzi ölkələr inflyasiyanın olması üçün özləri müəyyən aktivlik göstərir, şirkətlərə dəstək verirlər, pul kütləsinin artırırlar:

"Azərbaycan kimi ölkələrdə inflyasiya problemdir, çünki bir qayda olaraq yüksək səviyyədə olur. Ona görə də bizdə Mərkəzi Bank hədəflənib ki, inflyasiya səviyyəsini gözləsin".

İnflyasiyanın iqtisadiyyata təsirlərindən danışan təhlilçi deyir ki, sahibkar indi istehsal etdiyi malı bir ildən sonra 4 faiz inflyasiya səbəbilə baha satır. Yəni, yolverilən həddə biznesi inkişaf etdirməyə imkan verir. Yolverilən hədd isə 2-4 faiz arasındadır.

Cənab Əliyev deyir ki, 2020-ci ildə inflyasiyanın 2,8 faiz yəni, aşağı olmasının səbəbi əsasən, pandemiya ilə əlaqədardır.

"Əhalinin gəlirləri azaldı. Camaat az alış-veriş etdi. Məhsula tələbatın azalması isə onun qiymətinin düşməsinə səbəb oldu. Ona görə də inflyasiya səviyyəsi 2,8 faiz oldu," - o deyib.

O, vurğulayıb ki, bu il inflyasiya səviyyəsinin artmasının səbəblərindən biri yanacağın qiymətinin bahalaşmasının dolayısı ilə digər məhsulların qiymətinin artmasına gətirərək inflyasiya yaratmasıdır.

Samir Əliyev il ərzində əlavə olaraq, hansısa sahədə qiymət artımını da istisna etmir: "Ola bilsin, kommunal sektorda, ya nəqliyyatda mümkün artım amilini də nəzərdə tutublar".

Digər bir səbəb kimi isə təhlilçi iqtisadi aktivliyin artmasını göstərir.

"Gözlənti odur ki, pandemiya problemi əhəmiyyətli dərəcədə aradan qalxacaq. Demək, iqtisadi aktivlik artacaq. Əhalinin gəlirləri bərpa olunacaq və ya artım olacaq. Ona görə də mən düşünürəm ki, bu il ötən illə müqayisədə inflyasiyanın çox olması labüddür".

İqtisadi təhlilçi vurğulayır ki, "Əgər Azərbaycan hökuməti manatın məzənnəsini dəyişməsə, inflyasiya 4 faiz, bəlkə bir qədər aşağı, dəyişsə, daha çox ola bilər".

Azərbaycan ordusunun iki hərbi qulluqçusu "qəzaya düşüb"

Azərbaycan Müdafiə Nazirliyi iki hərbi qulluqçu qəzaya düşüb

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan ordusunun iki hərbi qulluqçusu ötən gün Ömər aşırımında avtomobil qəzasına düşüb.

Faktı Müdafiə Nazirliyindən bu gün BBC News Azərbaycancaya təsdiqləyiblər.

Qəza nəticəsində hərbi qulluqçular - Ramiz Mustafayev və Alıxan Qaragözov həlak olub.

Azərbaycan mənbələrinə görə, Ömər aşırımı Murov silsiləsində yerləşir.

Yerevanda hökumət binasına girməyə cəhdlə bağlı həbslər

https://cryptofree.network/ Yerevan Ermənistan Nikol Paşinyan Qarabağ münaqişə

Şəklin mənbəyi, Asatur Esayanc/Sputnik

Yerevanda hökumət binasını tutmağa cəhd faktı üzrə 5 nəfər həbs olunub, Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti bildirir.

Məlumata görə, yanvarın 28-də saat 17:00-da mitinq zamanı, bir qrup şəxs qabaqcadan sövdələşərək hökumət binasını tutmağa cəhd ediblər.

Fakt üzrə Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb, istintaq aparılır.

Yanvarın 28-də bir neçə yüz insan Baş nazir Nikol Paşinyanın istefası tələbilə Ermənistan paytaxtının mərkəzində mitinq təşkil edib. Mitinqdən sonra etirazçılar hökumət binasına soxulmağa cəhd edib, lakin polis buna imkan verməyib.

Daha əvvəl Ermənistan polisi hökumət binasına hücum edən 21 nəfərin saxlanıldığını bildirmişdi.

Magistraturaya qəbul üçün 2 şans veriləcək

bu gün Azərbaycan

"Buraxılış imtahanının nəticəsi iki il qüvvədə qalır. Ötən ilin məzunları bu il buraxılış imtahanı da verməyə bilər və keçən ilin nəticəsi ilə ikinci mərhələdə iştirak edə bilərlər".

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, magistraturaya qəbul üçün namizədlərə iki dəfə şans veriləcək: "İmtahan verən şəxs hər iki imtahanda iştirak etsə də, maksimal bal topladığı imtahanın nəticəsi əsas götürüləcək".

2021-ci ilin fevral-sentyabr aylarında keçirilməsi nəzərdə tutulan imtahanların siyahısının Dövlət İmtahan Mərkəzinin saytında dərc olunduğunu bildirən Məleykə Abbaszadə hələlik fevral-mart aylarında keçirilməsi nəzərdə tutulan imtahanların konkret tarixlərinin göstərildiyini" bildirib.

"Digər aylarda isə hansı imtahanların keçirilməsi planlaşdırılır - onları qeyd etmişik. Çalışacağıq ki, 1 ay öncədən növbəti ay üçün nəzərdə tutulan imtahanların tarixlərini elan edək," o əlavə edib.

DİM sədri həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsinin nəzərdə tutulduğunu deyib.

O, vurğulayıb ki, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin də 2 dəfə keçirilməsi planlaşdırılır.

Lakin o sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planının dəyişə biləcəyini ehtimalını da diqqətə çatdırıb.

DİM sədri ötən il olduğu kimi bu il də imtahan binalarının dezinfeksiya olunacağını deyib.

"Binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək, imtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək, binalarda dezinfeksiyaedici məhlul, əlcək, tibbi maskadan istifadə ediləcək," - o vurğulayıb.

Covid-19 infeksiyasına görə imtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunub-olunmayacağına aydınlıq gətirən DİM Direktorlar Şurasının sədri bildirb ki, "hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontakta olmayıb.

"Biz yalnız bu bəyannaməyə baxırıq. Eyni zamanda hərarəti olanlar da imtahana buraxılmır," o deyib.

İkinci Qarabağ Müharibəsi tədrisə salınıb

DİM sədri bu il tarix fənni üzrə qəbul imtahanı proqramına İkinci Qarabağ Müharibəsinəaid mövzuların daxil ediləcəyini bildirib.

"Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də, biz Vətən müharibəsinə aid mövzuları "Abituriyent" 1 jurnalında, həmin mövzulara aid məqalələri isə "Abituriyent" 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcək".

"Çətin olan mövzular proqramlardan çıxarılıb"

"COVID-19 pandemiyasının 2020/2021-ci tədris ilində bəzi mövzuların mənimsədilməsində çətinliklər yaratdığını açıqlayan Məleykə Abbaszadə bildirib ki, "çətin olan mövzular proqramlardan çıxarılıb".

"İmtahan nəticələrinin təhlilini aparmışıq. Müqayisədə gördük ki, 2019 və 2020-ci illərin nəticələrində elə fərq yoxdur".

DİM sədri deyib ki, ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib.

"Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi ilə əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb. Məlum olduğu kimi, fənn kurikulumunun tələbi olaraq orta təhsil müəssisələrində hər hansı fənn üzrə müvafiq bilik və bacarıqlar 1-ci sinifdən 11-ci sinfə qədər məzmun xətləri üzrə sadədən mürəkkəbə doğru tədris olunur".

Məleykə Abbaszadənin sözlərinə görə, beləliklə, hər hansı mövzu haqqında ibtidai, orta və yuxarı səviyyəli məlumatlar aşağı sinifdən başlayaraq, yuxarı sinif dərsliklərinə qədər tədricən müvafiq səviyyələrdə tədris olunur.

"Buna görə də şagird sonrakı sinif dərsliklərindən istifadə edənə qədər əvvəlki proqram əsasında mövzu barədə müəyyən hazırlığa malik olur," o deyib.

Bakıda sərnişin avtobusu ilə betonqarışdıran maşın toqquşub

BBC BNA Azərbaycan bu gün

Cümə günü səhər Bakıda sərnişin avtobusu ilə betonqarışdıran maşının toqquşması nəticəsində ümumilikdə 4 nəfər xəsarət alıb.

Bu barədə BBC News Azərbaycancaya Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev Səhiyyə Nazirliyinə istinadən məlumat verib.

"Həmin şəxslərin biri ümumiyyətlə xəstəxanaya getməyib. Təcili Tibbi yardımla xəstəxanaya aparılmış digər üç nəfər müvafiq yardım aldıqdan sonra evə buraxılıblar".

Mais Ağayev xətanın sərnişin avtobusunda və ya betonqarışdıran maşında olması ilə bağlı hələlik onda məlumat olmadığını bildirib.

O həmçinin deyib ki, qəzaya uğramış sərnişin avtobusun istismarında olan xətlər də daxil olmaqla, sözügedən istiqamətdə bəzi kənd və qəsəbələr üzrə "yenilənmələr olacaq, yeni avtobuslar istismara veriləcək".

ETSN Badamdardakı sürüşmənin səbəblərini açıqlayıb

FHN Badamdar sürüşmə 20-ci sahə Azərbaycan bu gün

Şəklin mənbəyi, FHN

"Badamdarda baş verən sürüşmə prosesi əsasən tabe amillərin təsirindən yaranıb", Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov BBC News Azərbaycancaya bildirib.

"Ərazinin geoloji quruluşanda iştirak edən süxurların yuyulmaya həssaslığı, maili yamacın olması və son aylar əraziyə düşən atmosfer yağıntıları bu prosesi qaçılmaz edib", - o, əlavə edib.

Cənab Həsənov bildirib ki, proses nəticəsində hazırda ərazidə tədqiqat işləri aparılır.

"Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə araşdırmalar davam etdirilir. Ərazidə təbii amillərdən başqa təsirlər də var. Belə ki, yamacın yuxarı hissəsində təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib".

"Hazırda Bakının Səbail rayonunun 20-ci sahə adlanan avtomobil yolunda torpaq sürüşməsinin baş verdiyi yerdə monitorinq aparılır", bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib.

Cümə axşamı günü axşam saatlarında Bakının Səbail rayonunun 20-ci sahə adlanan ərazisində avtomobil yolunda torpaq sürüşməsinin baş verib, məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti yayıb.

Qurum bildirib ki, əraziyə "xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev cümə axşamı günü AZƏRTAG agentliyinə bildirib ki, mütəxəssislər Badamdar yolunun sağ yamacında - 20-ci sahə adlanan ərazidə baş vermiş sürüşmə prosesi ilə bağlı ilkin müşahidələr aparırlar.

"Sağ yamacda çox böyük bir süxur kütləsi aşağıya doğru sürüşüb və yola keçib. Sürüşmənin dilinin minimal hündürlüyü 90 santimetrdən yuxarıdır. Yolun aşağı sol hissəsindəki restoranın qarşı tərəfində bəzi dağıntılar baş verib. İlkin müşahidələrə görə, yamacın Badamdar massivi hissəsində böyük kütlənin təsiri ilə qoruyucu divarlar da dayanıqlığını itirib və aşağı sürüşüb. Süxurlar islanmış süxurlardır. Süxur kütləsinin altından su sızması müşahidə olunmaqdadır. Bu məsələlər sabah araşdırılacaq", - Əli Əliyev bildirib.

FHN "ilkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyini" bildirib".

Milli Elmlər Akademiyasının Geologiya Geofizika İnstitutunun, Mühəndislik və Geofizika şöbəsinin rəhbəri Əvəz Salamov bir müddət öncə BBC News Azərbaycancaya Badamdarda tez-tez sürüşmə baş verməsinin səbəbini yağış sularından başqa, həm də infrastrukurun olmaması ilə əlaqələndirmişdi.

minimum əmək haqqı 180 manat oldu